"Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxanda keçirilmiş son görüşünü müsbət qəbul etmək lazımdır"
"Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxanda keçirilmiş son görüşünü müsbət qəbul etmək lazımdır". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev bildirib.
O, qeyd edib ki, Dövlət başçıları Rusiya prezidentinin təklifi ilə görüşüblər və bu gələcək işlər üçün mühüm addımdır. Astanada keçiriləcək ATƏT sammiti çərçivəsində prezidentlərin nəzərdə tutulan görüşündə hər hansı nəticə gözlənilib-gözlənilmədiyinə gəlincə, R.Mehdiyev bununla bağlı əvvəldən proqnoz verməyin çətin olduğunu bildirib. PA rəhbəri Azərbaycan və Ermənistan arasında əsir və meyitlərin dəyişdirilməsi barədə əldə olunmuş razılaşmaya da toxunub: "Bununla bağlı dövlət başçıları tərəfindən sənəd imzalanıb. Azərbaycan tərəfdə bu məsələnin həlli üçün lazımi addımlar atılır. Hələ danışıqlar gedir, hazırlıqlar aparılır. Görünür ki, bu məsələdə qarşı tərəfin də fikrini bilməliyik". Ramiz Mehdiyev eyni zamanda Ağdamın adını dəyişdirlməsinə də münasibət bildirib: "Ağdamın adının dəyişdirilməsi Ermənistanın müəyyən qüvvələri tərəfindən aparılan oyunun yeni bir növüdür. Bu onu göstərir ki, Ermənistanda radikal qüvvələr Azərbaycan-Ermənistan arasında münasibətləri gərginləşdirmək istəyirlər", - deyən R.Mehdiyev bildirib ki, belə hallara beynəlxalq təşkilatlar da kəskin münasibətlərini bildirməli, ermənilərin oyunlarına son qoyulmalıdır.