Binəqədi seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər
Dünən YAP Binəqədi rayon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyasının 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Oqtay Əsədovun vəkillərinin seçicilərlə görüşü keçirildi.
Tədbiri giriş sözü ilə YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov açaraq, 7 noyabr tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı 15 oktyabr tarixindən start götürülən təbliğat-təşviqat kampaniyası çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini, o cümlədən, 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyi irəli sürülən Oqtay Əsədovun vəkillərinin seçicilərlə görüşlərinin, mütəmadi olaraq, davam etdirildiyini diqqətə çatdırdı: "Azərbaycan bu gün qaynar dövrünü yaşayır. Bu, onun ictimai-siyasi həyatında yeni mərhələdir. Bu günə qədər respublika ərazisində keçirilən seçkilər seçicilərə kifayət qədər təcrübə vermişdir. Bundan yararlanan seçicilər fəallıqları, düzgün seçim qabiliyyətləri ilə Azərbaycanın maraqlarının ifadəçisinə çevrilmişlər. Binəqədi rayonu prezident, referendum, bələdiyyələrlə bağlı keçirilən səsvermədə hər zaman yüksək göstəricilərə nail olmuş, hətta prezident seçkiləri zamanı ərazimiz respublika üzrə səsvermədə ikinci-üçüncü yerə çıxmışdır. Bu da rayon ərazisində seçicilərlə maarifləndirmə işinin geniş bir şəkildə aparılmasını göstərən faktordur. Hər zaman olduğu kimi, parlament seçkilərində də seçicilərə səsvermə hüququndan yararlanmağı, demokratiyaya, haqqa, ədalətə, gələcəyimizin təntənəsinə səs verməyi tövsiyə edirik. Dairəmizdə hazırda ilk dəfə səs verəcək 370 nəfər gənc var ki, onlarla da işimizi yüksək səviyyədə qurmuşuq və nə vaxtsa bu gənclər ilk səslərini Oqtay Əsədova verdiklərindən qürur duyacaqlar."
N.Xəlilov Oqtay Əsədovun vəkilləri ilə seçicilərin görüşlərinin yüksək bir səviyyədə dairə tərəfindən təşkil olunduğunu, onun yerlərdə təbliğat-təşviqat kampaniyası ilə bağlı qərargahların fəaliyyət göstərdiyini seçicilərin nəzərinə çatdırdı. Binəqədi rayonunda 15 qərargah var ki, 7-si 8-ci dairənin ərazisindədir. l7 noyabr tarixində Milli Məclisə deputatlığa namizədlərin səsverməsində iştirakını, fəallığını artırmaq, seçiciləri bu istiqamətdə maarifləndirmək üçün bütün potensialımızdan istifadə edirik" deyən təşkilatın sədri məhz Oqtay Əsədovun 2000-ci ildə 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyi irəli sürüldüyünü söylədi:"5 il müddətində dairənin deputatı olduğu zamanda seçicilərin böyük etimadını doğrultmuşdur. 2005-ci ildə isə Abşeron rayonundan namizədliyi irəli sürülmüş və yüksək səs çoxluğu ilə namizədliyi təsdiqlənmişdir. Səlahiyyətli və nüfuzlu nümayəndə olaraq bu ərazilərdə yaşayan seçicilərin rifah halının yüksəlməsində yaxından köməklik göstərmişdir".
N.Xəlilov seçiciləri Oqtay Əsədov kimi bir ziyalını namizədliyin dəstəkləməyə və 7 noyabr tarixində məntəqələrə gələrək, ona səs verməyə çağırdı.
Tədbirdə çıxış edən namizədin vəkili Nizami Mehdizadə 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyi qeydə alınmış Oqtay Əsədovun adından bütün seçiciləri salamlayaraq, YAP-ın namizədi haqqında geniş məlumat verdi.
Görüşdə çıxış edən Ümid Mirzəyev cəmiyyətdə tanınan və seçilən sima haqqında söz deməyin və təbliğat aparmağın nə qədər şərəfli, məsuliyyətli olduğunu vurğulayıb, onun vəkili kimi bildirdi ki, Oqtay Əsədov yüksək səs çoxluğu ilə seçicilərinin etimadını qazanacaq və növbəti prosesdə parlamentdə mövqeyini ortaya qoya biləcəkdir. O, parlamentə məhz bu dairədən fəaliyyətə başlayan Oqtay Əsədovun bu dairənin namizədi olaraq, yenidən Milli Məclisdə deputat kimi işini davam etdirəcəyini vurğuladı. Seçicilərə onun ailəsi, yetişdiyi mühitlə də bağlı məlumat verən vəkil hər bir seçicini Oqtay Əsədovun dəyərlərinə, tutduğu mövqeyə hörmət edərək, ona səs verməyə çağırdı.
Çıxışlar sona yetdikdən sonra seçicilər çıxış edərək, məhz Oqtay Əsədova birmənalı olaraq, səs verəcəklərini bildirdilər.