PDF Oxu

Əsas

  • 10

Seçicilər YAP-ın namizədinə səs verəcəklər

Seçicilər YAP-ın namizədinə səs verəcəklər
YAP tərəfindən 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Oqtay Əsədovun vəkillərinin 7-ci və 8-ci mikrorayonda yaşayan seçicilərlə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qərargahında görüşü keçirildi.
Görüşü giriş sözü ilə YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov açaraq, oktyabrın 15-dən başlayaraq, Milli Məclisə deputatlığı irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərin keçirildiyini bildirdi. O, qeyd etdi ki, Oqtay Əsədov 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən yeganə namizəd olaraq qeydə alınıb. Partiya fəalları olaraq hər kəsin seçki prosesində iştirakının vacibliyini vurğulayan təşkilatın sədri Binəqədi rayon ərazisində bu günə qədər YAP-ın üzvü olan millət vəkilinin olmadığını iştirakçıların diqqətinə çatdırdı:"Oqtay Əsədov kimi nüfuzlu ictimai-siyasi xadimin dairəmizdən namizədliyinin irəli sürülməsi bizlərə xoşbəxlik və fəxarətdir. Əgər bizim dairədən Oqtay Əsədovun namizədliyi olmasaydı, qeyri-şəxsin təbliğat-təşviqat kampaniyasını aparmaq çətinlik yaradardı. Prezident, parlament, bələdiyyə kimi seçkilərdə Binəqədi rayonu səsvermədə yüksək göstərici əldə etmişdir. Hər zaman təbliğatımız yüksək səviyyədə qurulmuş, bu gün də öz prinsipimizə uyğun olaraq təbliğat-təşviqat kampaniyasını yüksək səviyyədə təşkil edirik. Onu da deyim ki, təkcə 8-ci dairədə deyil, digər iki dairəmizdə də təbliğat-təşviqat işlərini lazımı səviyyədə təşkilinə nail olmuşuq. YAP tərəfindən namizədliyi irəli sürülmüş Oqtay Əsədovun vəkillərinin seçiciləri ilə görüşləri yüksək səviyyədə aparılır. Demokratik ənənələrə, dövlətin bizə verdiyi azad seçim hüququna söykənərək, hər bir seçicini haqqa və ədalətə səs verməyə çağırıram. İnanıram ki, Oqtay Əsədov yüksək səs çoxluğu ilə seçkilərdə uğur qazanacaq. O, seçildikdən sonra YAP Binəqədi rayon təşkilatının qərargahında ona yer ayrılacaq və seçiciləri ilə, mütəmadi olaraq, görüşlərini təşkil edəcək, ərazinin sosial problemlərinin həllinə, sosial rifah halını yaxşılaşdırılmasına töhfələrini verəcək. Hər kəsdən xahişim budur ki, 7 noyabr tarixində partiya fəalları dairələrdə və məntəqələrdə nəzarəti gücləndirsinlər. Təsadüf olunan xoşagəlməz bir halla bağlı bizimlə əlaqə yaradaraq, xəbərdarlıq etsinlər. Dövlətin bizə verdiyi seçmək və səs vermək hüququndan lazımınca bəhrələnib, Azərbaycanın gələcək inkişafı naminə prinsipial mövqeyimizi ortaya qoyaq".
Görüşdə çıxış edən rayon ağsaqqalı, YAP Siyasi Şurasının üzvü Həsən Mirzəyev partiya fəalları qarşısında Oqtay Əsədov şəxsiyyəti, onun dövlətçilik ənənələrinə sədaqəti və dövlətin üçüncü səlahiyyətli nümayəndəsi kimi keyfiyyətlərindən, fəaliyyətindən səmimiyyətlə danışaraq, Azərbaycan qarşısında məsuliyyətini və xidmətini diqqətə çatdırdı. O bildirdi ki, Oqtay Əsədov özünə qarşı tələbkarlıqla yanaşan ziyalı kimi millət vəkili, eləcə də, parlament sədri olduğu dövr ərizində fəaliyyət dairəsi ilə Azərbaycanı sevən, ona layiqincə xidmət göstərən dövlət nümayəndəsi olduğunu sübut etmişdir.
"İlk növbədə, namizədi seçərkən və ona səs verərkən, onun kimliyi sual doğurur", deyən H.Mirzəyev Oqtay Əsədovun tərcümeyi-halına diqqət edərək, ziyalı ailəsində təlim-tərbiyə aldığını söylədi. H.Mirzəyev bildirdi ki, böyük bir ailənin nümayəndəsi olan namizədin atası Sabir Əsədov erməni şovinizminə qarşı mübarizə aparan, onlarla bağlı qalaq-qalaq kitablar yazan bir alim olmuş, Azərbaycan həqiqətlərinin carçısına çevrilmişdir. Onun əsərləri Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində maraqla oxunur və erməni xislətinin əsasında duran anlam bu kitablar vasitəsilə yayılır. Həsən Mirzəyev onu da diqqətə çatdırdı ki, bu gün namizədliyi irəli sürülmüş Oqtay Əsədov Ümummilli Liderimiz Heydər Əliyev ənənələrinə çox bağlı insandır, eləcə də, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin məqsədyönlü fəaliyyətini dəstəkləyərək, iş prinsipində onun reallaşmasına məsuliyyətlə yanaşır: "Beş il Milli Məclisdə onunla bərabər fəaliyyət göstərdiyimdən, Oqtay Əsədov şəxsiyyətində olan yüksək keyfiyyətlər mənə yaxşı bəllidir. Yüksək intellekti, ziyalılığı, potensialı ilə diqqəti cəlb edən şəxsiyyət bu gün dövlətin üçüncü şəxsi kimi fəaliyyət göstərir. Sözsüz ki, qeyd etdiyim xüsusiyyətlərin əsasında, o, bu rütbəyə yüksəlmiş, elmi bilikləri və zəhmətkeşliyi ilə etimad qazanmışdır. Azərbaycan parlamentini dünya parlamentində layiqincə təmsil edən, dövlətin maraqlarının müdafiəsində duran və hər bir kəslə təmkinlə, elmi əsaslarla danışmaq iqtidarında olan Oqtay Əsədov səbirliliyi ilə də hər kəsin hörmətini qazanmışdır. O siyasətçi ki, dinləməyi bacarır demək o, uzaqgörən bir siyasətçidir. Ötən seçkidə onun Abşeron rayon ərazisindən deputatlığı irəli sürülmüşdür. Deyim ki, bütün Bakı camaatı ona böyük bir hörmətlə yanaşaraq, səsvermədə fəal olmuş və o da seçicilərinin etimadını doğrultmuşdur".
Görüşdə çıxış edən YAP Binəqədi rayon təşkilatının idarə heyətinin üzvü Mehri Qafarova Oqtay Əsədovun Ümummilli Liderimizin ənənələrinə olan sadiqliyindən, İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətin icrasındakı fəaliyyətindən, Milli Məclisdə yaratdığı əmin-amanlıqdan danışaraq, bütün seçicilərin məhz Oqtay Əsədova səs verəcəyini vurğuladı. Onu da qeyd etdi ki, hər yerdə məhz Oqtay Əsədovun təbliği ilə məşğul olaraq, seçicilər arasında maarifləndirmə işi aparır: "Bizim dairədən belə bir ziyalının namizədliyinin irəli sürülməsi seçicilərimiz üçün böyük bir xoşbəxtlikdir. Onun Azərbaycan üçün gördüyü işlərin miqyası çox genişdir. Təbii ki, daim təşəbbüskarlıqla çıxış edən və insanların sosial rifahının yaxşılaşmasına doğru addımlar atan Oqtay Əsədov bizim rayonun deputatı seçildikdən sonra, bu ərazidə də böyük layihələrin müəllifinə çevriləcəkdir".
Görüşdə YAP Binəqədi rayon təşkilatının sədr müavini Füzuli İsmayılzadə çıxış edərək, Oqtay Əsədovun şəcərəsindən, onun atasının ermənilərə qarşı prinsipial mövqedən çıxış etməsindən söz açaraq, Oqtay Əsədovun yüksək səs ilə qalib olacağını bildirdi: "Seçicilər heç zaman seçimində səhv etməyiblər və inanıram ki, yenə də azad seçim hüququndan istifadə edərək, obyektivliyi və şəffaflığı qoruyacaqlar. Hələ Oqtay Əsədov respublikada üçüncü şəxs olmadığı illərdə belə Milli Məclisə namizədliyi irəli sürüləndə, yüksək səs çoxluğu ilə qələbəni yaşamışdı. Bu seçkilərdə də Oqtay Əsədov seçiciləri tərəfindən yeni bir uğura imza atacaq".
YAP Binəqədi rayon təşkilatının idarə heyətini üzvü İsaq Həsənzadə də çıxışında bütün seçiciləri vahid namizədə, Oqtay Əsədova səs verməyə çağıraraq, hamıya bu yolda uğurlar arzuladı.

Digər xəbərlər