Artıq 4 ilə yaxındır ki, "Səs" qəzetinin redaksiyasında ölkəmizin ictimai-siyasi, sosial həyatında baş verən ən mühüm proseslərlə bağlı dəyirmi masalar təşkil olunur. Dəyirmi masalarda ölkəmizin ən aparıcı siyasi-ictimai xadimləri, hökumət nümayəndələri, millət vəkilləri, cəmiyyətin ayrı-ayrı təbəqələrini təmsil edən üzvləri iştirak edib. Qəzetin redaksiyasında bu dəfə təşkil olunan dəyirmi masalar parlament seçkiləri ilə bağlı təbliğat və təşviqat dövrünə düşdüyünə görə, müxtəlif qütbləri təmsil edən millət vəkilliyinə namizədlər burada iştirak edirlər. Budəfəki dəyirmi masa da, ayrı-ayrı siyasi partiyaları təmsil edən və müstəqil olaraq seçki prosesinə qatılan şəxslərin iştirakı ilə keçirilib.
(Əvvəli ötən sayımızda)
Dəyirmi masada Binəqədi rayonu 10 saylı 3-cü seçki dairəsindən parlament üzvlüyünə namizədliyi irəli sürülmüş Qorxmaz İbrahimli, Kürdəmir rayonu 57 saylı seçki dairəsindən müstəqil namizəd kimi qeydə alınmış Elşən Məmmədov, Kürdəmir rayonu YAP qadınlar şurasının sədri, Elmira Şıxəliyeva, 31 saylı Suraxanı ikinci seçki dairəsindən müstəqil namizəd kimi parlament seçkilərinə qatılan Əhəd Abıyev, 15 saylı Yasamal seçki dairəsindən millət vəkilliyinə namizədliyi irəli sürülmüş Nemət Pənahlı iştirak edirdi.
"Səs" qəzetinin şöbə müdiri İlham Əliyev dəyirmi masanı giriş sözü ilə açaraq, burada hər bir namizədin fikirlərini sərbəst formada ifadə etməsi üçün şəraitin olduğunu bildirdi. Qeyd etdi ki, artıq ölkəmizin ictimai-siyasi həyatında mühüm və əlamətdar bir hadisə kimi qiymətləndirilən parlament seçkilərinə hazırlıqla bağlı ciddi işlər gedir, seçkinin təbliğat və təşviqat kampaniyası yüksək səviyyədə davam edir. Bu dəyirmi masada iştirak edən namizədlərin seçki kampaniyası, seçicilərlə görüşlərinin səviyyəsi, öz platformalarını çatdırılması istiqamətində müxtəlif müzakirələr quracağına ümid bəslədiyini bildirən İ.Əliyev iştirakçıları ölkəmizdəki seçki mühiti və ümumilikdə, seçki öncəsi ictimai-siyasi vəziyyətə dair fikirlərini bölüşməyin vacibliyini qeyd etdi.
Əhəd Abıyev:
- Hər bir azərbaycanlının başlıca məqsədi əsas problemimiz olan Qarabağ məsələsinin həllidir. Bunun həlli üçün çalışmalı, ölkə rəhbərinin apardığı siyasətin həyata keçirilməsinə səy göstərməliyik. Azərbaycanda uğurlu nailiyyətlər əldə olunub. Buna heç kim kölgə sala bilməz. Elə bir siyasi qüvvə yoxdur ki, Yeni Azərbaycan Partiyası ilə rəqabətə girsin. Hakim partiyanın dövlətçilik gücü və idarəetmə qabiliyyəti çox yüksəkdir. Bu gün populist çıxışlar etmək və boğazdan yuxarı vədlər vermək artıq arxivdə qalıb. Gəlin bunları bir kənara qoyaq. Bu gün, sözün əsl mənasında, dövlətimiz elə bir demokratik şərait yaratmışdır ki, hər bir partiya seçkidə iştirak etmək hüququna malikdir və bundan istədiyi kimi yararlana bilər. Nəzərinizə çatdırım ki, mən öz namizədliyimi Suraxanı rayon 31-ci seçki dairəsindən irəli sürmüşəm. Görürəm ki, bu rayon etibarlı əllərdədir, seçkiyə hazırlıq işləri yüksək səviyyədə aparılır. Hər bir namizədə əlverişli şərait yaradılıb. Yəni bunların hamısı ölkədəki sabitliyin, əmin-amanlığın bariz göstəricisidir. Bütün bunlara görə başda Prezident İlham Əliyev olmaqla ölkə rəhbərinə minnətdarıq. Əlbəttə, bu da bir faktdır ki, bəzi üzdəniraq məmurlar özbaşınalıq edərək xalqı dövlətdən narazı salmağa çalışır. Bunu heç kəs inkar edə bilməz. Amma bunlar düzələn işlərdir. Bu barədə mətbuatda bəyanat vermək, xarici ölkələri məlumatlandırmaq və s. bu kimi hallar yolverilməzdir. Bu gün bu dəyirmi masada mənim şəxsən tanıdığım və tanımadığım namizədlərin hər birinə uğurlar arzulayıram. Əgər mənim rəqiblərimdən hər hansı biri qələbə qazanıb, deputat seçilərsə, mən şəxsən onu təbrik edəcəm.
"Səs" qəzetinin əməkdaşı:
- Elmira xanım, sizcə, hazırkı reallıqda populist çıxışlar etməklə, quru vədlər verməklə əhalinin rəğbətini qazanmaq mümkündürmü?
Elmira Şıxəliyeva:
- Əlbəttə ki, hazırkı reallıqda bu, mümkün deyil. Ona görə mümkün deyil ki, bugünkü seçicilər beş-on il bundan qabaqkı seçicilər deyil. Mən bütün görüşlərdə iştirak etmişəm. İnsanlar elə böyük əhval-ruhiyyə ilə görüşlərə gəlirlər ki, artıq mən özüm də mat qalıram ki, görəsən, onları buraya gətirən hansı qüvvədir? Mən öz yaşadığım rayondan danışmaq istəyirəm. Orada YAP-ın namizədi ilə yanaşı, digər namizədlər də seçki təbliğatı ilə məşğul olurlar. Bəzən elə olur ki, onlar öz ətrafına insan yığa bilmirlər və bunda da heç kəs ona maneçilik törətmir. Belə olan təqdirdə isə, həmin namizəd hansısa bir qəzetə elan verir ki, guya ona burada görüş keçirməyə imkan vermirlər. Amma əslində, belə bir vəziyyət yoxdur. Gördüyünüz kimi, belə adamlar seçki kampaniyasına kölgə salmaq istəyirlər. Xalq hər şeyi düzgün qiymətləndirir və səlahiyyət də onun əlindədir.
Mən təbliğatını apardığım namizəd Fərhad Qəribov da seçicilərlə görüşü zamanı onları özünə səs verməyə çağırmır, lakin seçkidə mütləq iştirak etmələrini xahiş edir. Layiq olduqları təqdirdə, digər namizədlərin də seçilməsinə çox normal münasibət bəsləyir.
Mən burada, həmçinin, dövlətə qarşı çıxış edən müxalifət nümayəndələrinə də bildirmək istəyirəm ki, məhz mövcud iqtidarın hakimiyyətə gəlişindən sonra ölkədə sabitlik təmin olundu. Ümummilli Liderimiz Heydər Əliyev olmasaydı, bu gün Azərbaycanın xəritədə qalması belə sual altında idi. O zaman Azərbaycan xalqına lazım olan əsas şey sabitlik, əmin-amanlıq və rahat yaşayış idi. Məhz Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bunlara nail olundu. Həmin dövrdə Azərbaycan heç bir xarici dövlət tərəfindən tanınmırdı. Dahi öndərimiz Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində böyük investorların Azərbaycana cəlb olunması ölkəmizin beynəlxalq miqyasda tanınmasına səbəb oldu.
Nemət Pənahlı:
- İsa Qəmbərovla davam 25 illik davadır. Ona görə də İ.Qəmbərov namizədliyimi irəli sürdüyüm dairədən əleyhimə kampaniyaya başladığı üçün mən də ona cavab verməli oldum. Çünki bu gün Azərbaycanda çox faciəvi, çox dəhşətli bir vəziyyət var. Xüsusilə, mediada. Bir tərəfdən onlar təbliğ edirlər ki, guya Azərbaycanda hər şey yaxşıdır, digər tərəfdən isə, müxalifətin monopoliyası altında mətbuat hər şeyi qaralamaqla, xarici qüvvələrə xidmət etməklə məşğul olur. Azərbaycanda gerçək söz deyəcək insanlar ya barmaqla sayılacaq qədər azdır, ya da ümumiyyətlə, yoxdur. Təbii ki, İ.Qəmbərov tərəfindən mənə qarşı aparılan qaralama siyasətinə cavab verməli idim və bunun da səbəbini mətbuatda açıqlamışam. İndiyə kimi keçirdiyim görüşlərdə çox böyük fəallıq nümayiş olunub. İstər qapalı məkanda, istərsə də, açıq havada keçirilən görüşlərdə əhali yüksək fəallıqla iştirak edib.
Əhəd Abıyev:
- Nemət bəy, sizin dediklərinizdən fərqli olaraq bu gün heç kəs heç kəsin haqqını tapdalamır. Kimin millətin vəkili olmasını isə xalq, millət özü müəyyələşdirəcək. Hakimiyyətin mənbəyi xalqdır və o da öz taleyini müəyyənləşdirəcək. Bu gün yaradılan şərait imkan verir ki, seçki ədalətli keçirilsin. Bu gün haqqı, ədaləti, seçicinin sözünü yüksək səviyyədə demək bacarığı olan cəsarətli insanlar parlamentə seçilməlidir. Ziyalılar ordusuna rəhbərlik edən şəxslərin namizədliklərini verməsi məni çox sevindirir. Belə insanların parlamentdə təmsil olunması xalqımız üçün çox faydalıdır.
Qorxmaz İbrahimli:
- Bu gün seçki təbliğatında biz insanlara onların sosial təminatlarının yaxşılaşdırılması üçün iş görəcəyimizi söyləyirik. Ünvanlı sosial yardımların çatdırılmasında, məktəblərdə təhsillə, bələdiyyələrdə bu və ya digər məsələlərlə bağlı problemləri həll etməyi qarşımıza məqsəd qoymuşuq. Bu gün namizədliyimi irəli sürdüyüm Biləcəri-Binəqədi ərazisi öz problemlərinə görə, respublikanın digər ərazilərindən heç də geri qalmır. Yəni burada da eyni tipli problemlər mövcuddur. Biz əgər seçiləriksə, bu problemlərin həlli ilə bağlı qanunlar qəbul etməyə çalışacağıq. Bu qanunlar insanların canında, qanında hiss olunacaq. "Aydınlar" Partiyası Azərbaycan Konstitusiyası çərçivəsində fəaliyyət göstərir və bu seçkilərin obyektiv keçiriləcəyinə də inanırıq. Lakin buna baxmayaraq, namizədi olduğum dairədə mənə qarşı rəqiblərim tərəfindən bir kampaniya aparılmaqdadır ki, bu kampaniya məni nüfuzdan salmağa və seçkidən kənarlaşdırmağa yönəldilmişdir. Bununla belə, mən seçicilərimə söz verirəm ki, seçiləcəyim təqdirdə, seçicilərimin parlamentdə haqq səsi olacam. Şüarım da bundan ibarətdir ki, "Səsiniz səssizliyi pozacaq".
"Səs" qəzetinin əməkdaşı:
- Elşən müəllim, sizin namizədi olduğunuz ərazidə keçirdiyiniz görüşlərdə ictimai fəallıq hansı səviyyədədir?
Elşən Məmmədov:
- Kürdəmir rayonunda əhali ilə keçirdiyim görüşlərdən heç bir narazılığım yoxdur. Yəni mənim üçün heç bir maneə yaradılmır. Əgər seçilərəmsə, söz verirəm ki, seçiciləri dinləyib, onların problemləri ilə yaxından tanış olub, Milli Məclisdə onları layiqincə təmsil edəcəyəm. Artıq seçicilərlə üç görüş keçirmişəm. Ümumiyyətlə, inanmıram ki, bizim rayonda hansısa bir namizədin təbliğatı ilə bağlı problem yaransın. Mən eşitməmişəm ki, hər hansı bir iqtidar və yaxud müxalifət nümayəndəsi seçicilərə təzyiq etsin, səsvermənin nəticələrinə təsir göstərsin. Proseslər öz normal axarı ilə davam etməkdədir. İnanıram ki, 7 noyabr parlament seçkilərində seçicilər ən yüksək fəallıq nümayiş etdirərək ən layiqli namizədə səs verəcəklər.
Elmira Şıxəliyeva:
- Mən təbliğatını apardığım YAP-ın namizədi Fərhad Qəribov Milli Məclis tərəfindən milli və dövlətçilik maraqlarını ifadə edən qanunların qəbul edilməsində fəallığı ilə seçilib. Fərhad Qəribov, həmçinin, parlamentlərarası dostluq qrupunun sədridir. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı seçicilərlə görüşdə də müzakirələr aparmış, onların fikirlərini öyrənmişdir. Nəzərə alsaq ki, Kürdəmir rayonunda çoxlu sayda qaçqın və məcburi köçkün məskunlaşıb, onda bu problemin onlara nə qədər yaxın olduğunu hiss etmək olar.
P.S
Dəyirmi masada
səslənən fikirlərə görə, "Səs" qəzeti
məsuliyyət daşımır.