Prezidentin apardığı siyasətin xalq tərəfindən dəstəklənməsi YAP-ın seçkilərdə qələbəsi üçün başlıca təminatdır
Dünən partiyanın 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizədi Arif Qafar oğlu Rəhimzadənin Neftçala rayonunda növbəti görüşləri keçirilib. Rayonun Xolqaraqaşlı, Xolqarabucaq və Xəzər kəndlərinin 3500 nəfərdən çox seçicinin qatıldığı görüşü YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov açaraq, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin uğurlarından danışıb: "Əsası Ulu Öndərimiz Heydər Əliyevin qoyduğu və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi-siyasi kurs, bütünlüklə ölkəmizdə olduğu kimi, Neftçala rayonunda da yüksək inkişaf səviyyəsinin əldə edilməsinə imkan verib. Neftçala rayonu hər zaman siyasi aktivliyi ilə seçilib və dövlətçiliyimizin inkişafında xüsusi yerə malik olub. Ona görə də, rayon seçicilərinin, birmənalı olaraq, YAP-ın namizədlərini dəstəkləyəcəklərinə tam əminik. Çünki həmin şəxslər yüksək bacarıqlı və öz vəzifələrinə məsuliyyətlə yanaşan insanlardır. Bu mənada da görüşünə gəldiyiniz Arif Rəhimzadəni siz neftçalalılar yaxşı tanıyırsınız. A.Rəhimzadə ötən seçkilərdə istər rayonun, istərsə də öz seçicilərinin problemləri ilə həmişə maraqlanıb. Bu beş ildə də inanırıq ki, eyni münasibətini göstərəcək".
Qarşıdan gələn parlament seçkilərinin əhəmiyyətindən söz açan A.Cəfərov vurğulayıb ki, qanunverici orqan məhz xalqın səsverməsi ilə formalaşır. O, vurğulayıb ki, 7 noyabr 2010-cu il tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası, ilk gündən gözlənildiyi kimi, çox uğurlu başlayıb. Rayon təşkilatının sədri YAP-ın 61 saylı Neftçala seçki dairəsindən IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə namizədliyi irəli sürülən Arif Qafar oğlu Rəhimzadə haqqında geniş məlumat verib. Millət vəkili seçiləcəyi təqdirdə, Arif Rəhimzadənin göstərilən etimadı yüksək səviyyədə doğruldacağına əmin olduğunu söyləyib.
Tədbirdə çıxış edən YAP-ın 61 saylı Neftçala seçki dairəsindən irəli sürülmüş deputatlığa namizəd Arif Qafar oğlu Rəhimzadə ölkəmizin inkişafından, əldə olunan uğurlardan bəhs edib. Arif Rəhimzadə bildirib ki, bu gün ölkəmizdə böyük quruculuq işləri aparılır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən kompleks və sistemli islahatlar həyata keçirilir: "Hər bir millət vəkili maksimum çalışmalıdır ki, yeni formalaşan qanunvericilik bazası vətəndaşlarımızın hüquqlarının qorunmasına, onların daha yaxşı yaşamasına xidmət etsin. Mənə yenidən etimad göstərsəniz, əvvəlki illərdə olduğu kimi, bu beş ildə də məhz bu sahədə fəal olacağıma söz verirəm. Bundan başqa, hər bir seçicimin problemini öz problemim kimi qəbul edərək, onun həlli üçün səylərimi əsirgəməyəcəyəm".
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədin vəkili Etibar Quliyev A.Rəhimzadənin Azərbaycanın inkişafına, demokratik cəmiyyət quruculuğu prosesinə öz töhfəsini verən namizəd olduğunu bildirib.
Görüşdə çıxış edən seçicilərdən Firidun Vəliyev, Mahir Əhmədov, Xankişi Babayev və başqaları bildiriblər ki, onlar artıq öz seçimini ediblər. Onlar üçün başlıca amil ölkəmizin inkişafı və sabitliyin möhkəmlənməsidir. Ona görə də, onlar hakim Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.