Yeni Azərbaycan Partiyası namizədlərinin "Güclü dövlət, yüksək rifah" şüarı altında keçirilən təbliğat-təşviqat kampaniyası bölgələrdə uğurla davam edir.
Digər bölgələrdə olduğu kimi, Gədəbəydə də Yeni Azərbaycan Partiyası namizədlərinin təbliğat-təşviqat kampaniyası müvəffəqiyyətlə gerçəkləşdirilir. Bununla əlaqədar Yeni Azərbaycan Partiyasının Gədəbəy rayon təşkilatı 103 saylı Gədəbəy seçki dairəsindən YAP-ın namizədi Sevinc Əmirəhməd qızı Hüseynovanın təşviqatı ilə əlaqədar növbəti görüşləri keçirib. Gədəbəyin Söyüdlü Ərtəpə və Pirbulaq kəndinin seçiciləri ilə keçirilən tədbirlər kütləviliyi və mütəşəkkilliyi ilə yüksək səviyyədə keçirildi. Söyüdlü kənd mədəniyyət evində keçirilən tədbirdə YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov seçicilərin görüşlərdə böyük fəallıq göstərdiyini bildiridi. Qeyd edərək vurğuladı ki, bu fəallıq bir daha onu göstərir ki, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərin də qalibi Yeni Azərbaycan Partiyasının namizədləri olacaq. Ramazan Muradov seçicilərə deputatlığa namizəd Sevinc Hüseynovanın fəaliyyəti haqqında ətraflı məlumat verdi.
YAP Gədəbəy rayon təşkilatının aparat rəhbəri, rayon təşkilatının qərargah üzvü Namiq Rüstəmov Milli Məclis üzvlüyünə namizəd Sevinc Əmirəhməd qızı Hüseynovanın tərcümeyi-halı və fəaliyyəti barədə məlumat verərək yerli sakinlərin onu yaxşı tanıdığını qeyd etdi. O bildirdi ki, Yeni Azərbaycan Partiyasından Milli Məclis üzvlüyünə namizəd olan S.Hüseynova bir ziyalı kimi, əqidəli, təmiz, vicdanlı, təşəbbüskar, elin, camaatın hörmətini, rəğbətini qazanmış, ləyaqətli bir insandır: "Sevinc Hüseynova bir ziyalı və Yeni Azərbaycan Partiyasının üzvü kimi böyük fəallıq, təşəbbüskarlıq göstərir, yerli sakinlərin qayğıları ilə yaxından maraqlanır, ona yanaşan, müraciət edən hər bir insana böyük həssaslıqla yanaşır, öz diqqətini əsirgəmir".
Milli Məclis üzvlüyünə namizəd Sevinc Hüseynova görüşdə çıxış edərək, seçicilərinə təbliğat-təşviqat kampaniyasında onu fəal şəkildə dəstəklədiklərinə görə, öz minnətdarlığını bildirdi. Daha sonra öz platforması barədə seçicilərə məlumat verərək bildirdi ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə alternativsiz siyasi qüvvədir: "Partiyamızın gücü Ulu Öndər Heydər Əliyevin ideyalarında və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdədir. Bu gün özünü müxalifət adlandıran və seçkidə qalib sayanlar ancaq populist çıxışlar edir. Belə çıxışlara onların efirdə hansı hay-küylə danışdıqlarının da şahidi oluruq. Amma bu hay-küy onların sosial dayaqlarının zəifliyindən irəli gəlir. Belələri hələ çox qışqıracaqlar. Ancaq nəticəsi olmayacaq. Çünki xalqımız cəmiyyətin ən intellektual təbəqəsini öz ətrafında birləşdirən YAP-ın irəli sürdüyü namizədlərə inanır və onları dəstəkləyir. Yeni Azərbaycan Partiyasının namizədləri də bununla bağlı üzərlərinə düşən məsuliyyəti hiss edir, azad, demokratik seçki kampaniyasında layiqli qələbə qazanmağa çalışırlar. Yeni Azərbaycan Partiyasının xalqın partiyası kimi seçkilərdə növbəti dəfə böyük, inamlı qələbə qazanacağına əminik. Seçicilərin partiyaya qarşı böyük rəğbəti və etimadı belə söyləməyə əsas verir".
Namizəd Sevinc Hüseynova keçirdiyi görüşlərdə millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlərdən danışdı, partiyanın seçki platforması barədə ətraflı məlumat verdi. Namizəd millət vəkili seçiləcəyi təqdirdə, hər bir seçicinin, hər bir vətəndaşın probleminə həssas yanaşacağını, onların probleminin həllinə çalışacağını və seçicilərin etimadını doğruldacağını söylədi.
Görüşdə çıxış edən seçicilərdən Nurəddin Qasımov, Qədir Hüseynov və başqaları namizəd Sevinc Hüseynovanın gədəbəylilər tərəfindən böyük hörmət qazandığını bildirdilər. Çıxış edənlər YAP-ın namizədinin bir millət vəkili kimi də fəal olacağını söylədilər: "Heç şübhəsiz, hakim partiya da onun namizədliyini irəli sürərkən, məhz bu amilləri nəzərə alıb. Odur ki, Gədəbəy seçiciləri noyabrın 7-də YAP-ın millət vəkilliyinə namizədi Sevinc Hüseynovaya səs verməlidirlər".