Binəqədi seçiciləri haqqa, ədalətə və yüksək rifaha səs verəcəklər
Dünən 9 saylı Binəqədi seçki dairəsindən namizədliyi irəli sürülən Rafael Cəbrayılovun rayonda yerləşən Əmək və Sosial Münasibətlər Akademiyasında ərazidə yaşayan 300-ə yaxın seçicinin iştirakı ilə görüşü keçrildi. Yüksək seçici fəallığı ilə keçirilən görüşdə çıxış edən Yeni Azərbaycan Pratiyasının Siyasi Şurasının üzvü Həsən Mirzəyev 7 noyabr parlament seçkilərinin vətəndaş cəmiyyəti quruculuğunda və hüquqi, demokratik dövlətin formalaşmasındakı əhəmiyyətindən danışdı.
Bildirdi ki, tanınmış hüquqşünas, ictimai xadim Rafael Cəbrayılovun həm də təcrübəli parlamentar kimi demokratik qanunların qəbul edilməsində böyük zəhməti, əməyi olub. Həsən Mirzəyev ölkəmizədə həyata keçirilən sosial-iqtisadi uğurlardan, xüsusilə də, 2011 -ci ilin dövlət büdcəsinin, əsasən, sosial yönümlü olaraq, insanların maraqlarını ifadə etməsindən söhbət açdı. Son olaraq, H.Mirzəyev bir daha görüş iştirakçılarını seçkilərdə fəal olmağa və ən layiqli namizəd olan Rafael Cəbrayılova səs verməyə çağırdı.
Öz fəaliyyəti ilə Binəqədi rayonunun seçicilərinin böyük rəğbətini qazanmış R.Cəbrayılov görüş iştirakçıları qarşısında çıxış edərkən, ilk öncə, çağırışını qəbul edib, görüşə gəldikləri üçün seçicilərə təşəkkürünü bildirdi. R.Cəbrayılov hüquqi-demokratik dövlət quruculuğunda Azərbaycanın əldə etdiyi uğurlardan, nailiyyətlərdən də geniş və əhatəli məlumat verdi. Eyni zamanda, deputatlığa namizəd ölkəmizin dünya xəritəsində yerinin möhkəmlənməsində iqtisadi uğurlarımızın oynadığı mükəmməl rolundan da seçicilərin nəzərinə faktlar çatdırdı. Xüsusilə, diqqəti gələn ilin dövlət büdcəsinə yönəldən deputatlığa namizədi qeyd etdi ki, sosialyönümlü xərclərin büdcədəki çəkisi 33,3 faiz nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 8,8 faiz artıq planlaşdırılıb: "Ölkə əhalisinin rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 500 milyon manatadək məbləğ nəzərdə tutulub. Elm, təhsil, səhiyyə, gənclər, bədən tərbiyəsi və digər sahələr üçün 3 milyon 518 min manat nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 7,5 faiz çoxdur.
Qaçqın və məcburi köçkünlər üçün büdcədə 196,3 milyon vəsait nəzərdə tutulub. Dövlət müdafiə sahəsinə, sosial layihələrin həyata keçirilməsi üçün planlaşdırılan layihələrin həyata keçirilməsi ilə birgə müdafiə xərcləri 2011-ci ilin büdcəsində 18,9 faiz həcmində və ya bu illə müqayisədə 9,1 faiz çox maliyyə ayrılması nəzərdə tutulub. Məhkəmə sistemləri, hakim korpuslarının yeniləşdirilməsi üçün büdcədə 43 milyon manat nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 3,8 faiz artıb".
Çıxışını görüş iştirakçılarını seçkilərdə fəal olmağa çağırmaqla davam etdirən R.Cəbrayılov yenidən ona etimad göstərək, Milli Məclisin üzvü seçilərsə, Binəqədi əhalisini layiqincə təmsil edəcəyini bildirdi.
Görüşdə iştirak edən seçicilər onları maraqlandıran suallarla deputatlığa namizədə müraciətlər etdilər. R.Cəbrayılov verilən sualları, qaldırılan məsələləri hər kəsi razı sala biləcək formada cavablandırmaqala Milli Məclisin üzvü seçilməyə layiq şəxs olduğunu nümayiş etdirdi. Elə seçicilər də çıxışlarında ümumi mövqeyi ifadə edərək, R.Cəbrayılovun yenidən parlamentə seçilməsi üçün 7 noyabr parlament seçkilərində məntəqələrə gedərək, ona səs verəcəklərini bildirdilər.