Yeni Azərbaycan Partiyası qəlbəyə doğru
ÖDƏNİŞLİ TƏŞVİQAT
Dünən Yeni Azərbaycan Partiyası tərəfindən 100 saylı Şəmkir- Daşkəsən seçki dairəsindən namizədliyi irəli sürülən YAP İcra katibinin müavini Mübariz Qurbanlının seçicilərlə növbəti görüşü keçirilib.
Rayonun Qapanlı, Keçilər kənlərində keçirilən görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev giriş sözü ilə çıxış edərək, partiyanın seçki platformasından geniş və ətraflı məlumat verdi. Bildirdi ki, ölkəmizdə demokratik proseslərin sürətləndirilməsi baxımından 7 noyabr parlament seçkilərinin əhəmiyyəti olduqca böyükdür. Azərbaycanın artıq demokratiya və insan hüquqları sahəsində zəngin təcrübəyə malik olduğunu deyən F.Vəliyev, hər bir seçicini seçkilərdə fəal iştirak etməyə və öz seçici hüquqlarından istifadə edib, ən layiqli namizəd olan Mübariz Qurbanlıya səs verməyə çağırdı. O, əminliklə bildirdi ki, noyabrın 7-də keçiriləcək Şəmkir-Daşkəsən seçki dairəsində seçicilər aktiv şəkildə seçki məntəqələrinə gələrək öz mövqelərini nümayiş etdirəcəklər.
Görüşdə YAP tərəfindən 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən namizədliyi irəli sürülən YAP İcra katibinin müavini Mübariz Qurbanlı çıxış edərək, ilk öncə kənd sakinlərinin 18 Oktyabr Müstəqillik Günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, noyabrın 7-də keçiriləcək parlament seçkiləri Azərbaycanda azad, ədalətli və demokratik seçki prinsipinin bütün cəhətlərini özündə ehtiva etmiş olacaq. M.Qurbanlı qeyd etdi ki, parlament seçkiləri ölkə vətəndaşları tərəfindən də yüksək qiymətləndirilib. Bu da ölkədəki seçki mühitinə vətəndaşların göstərdiyi xüsusi diqqətdən və öz talelərinə biganə qalmamalarından irəli gəlir.
YAP İcra katibinin müavini ölkəmizdə geniş vüsət alan quruculuq-abadlıq işlərindən, əhalinin sosial-iqtisadi rifah halının yüksəlməsindən və bu istiqamətdə ölkə Prezidenti, YAP Sədri İlham Əliyevin verdiyi fərman və sərəncamların mahiyyətindən danışdı. Bildirdi ki, "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proramı"nın icrası ilə bölgələrin inkişafına və yeni iş yerlərinin açılması ilə əhalinin yaşayış durumunun yaxşılaşdırılmasına nail olunub. M.Qurbanlı onu da qeyd etdi ki, ölkə iqtisadiyyatına qoyulan investisiyanın və 850 min yeni iş yerlərinin 80 faizi bölgələrin payına düşür: "Bu uğurlar davamlıdır. Çünki Azərbaycan düzgün yolla irəliləyir. Ona görə ki, xalqımız Ulu Öndərimiz Heydər Əliyev ideyalarına sadiqdir. Və nəhayət, Aəzərbaycanın bugününü və gələcəyini düşünən və bu istiqamətdə yorulmadan çalışan İlham Əliyev kimi Prezidenti var".
Görüşdə kənd ictimaiyyətinin nümayəndələri çıxış edərək, 7 noyabr parlament seçkiləri günü seçki məntəqələrinə gedərək, hamılıqla M.Qurbanlıya səs verəcəklərini bildirdilər.