Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar başladı
Xəzərin hüquqi statusu ilə bağlı sahilyanı ölkələr arasında danışıqlar prosesinə yenidən start verildi. Dünən Bakıda Xəzəryanı ölkələrin XİN başçılarının müavinlərinin iştirakı daha bir görüş keçirildi. Qeyd edək ki, Xəzərdə təhlükəsizlik məsələlərinə həsr olunmuş müzakirələr zamanı tərəflər dənizin hüquqi statusu ilə bağlı bir sıra məsələlərə də toxunublar. Ən əsası isə müzakirələr zamanı uzun müddətdən bəri diqqətdə olan Xəzəryanı ölkələrin dövlət başçılarının iştirakı ilə keçiriləcək Zirvə Sammitinin vaxtı açıqlanıb.
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov açıqlama verərək, Zirvə Sammitinin noyabrın 18-də keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Xəzəryanı ölkələrin XİN başçılarının müavinləri səviyyəsində keçirilən bu görüşün həm də sammitə hazırlıq məqsədi daşıdığını vurğulayan nazir müavini statusla bağlı danışıqlar prosesindəki passivliyin artıq aradan qaldırıldığına işarə edərək, yaxın vaxtlarda İranda Konvensiya layihəsi ilə bağlı müzakirələrin keçirilməsinin gözlənildiyini deyib.
Qeyd edək ki, Xəzəryanı ölkələrin XİN başçıları müavinlərinin görüşündə İranın yeni nümayəndəsi, İran prezidentinin Xəzər məsələləri üzrə müşaviri Məhəmməd Mehdi Axundzadənin açıqlamaları da kifayət qədər diqqətçəkən olub. İran nümayəndəsinin səsləndirdiyi ən maraqlı fikir isə Xəzərin hüquqi statusu ilə bağlı məsələlərin 70% -nin razılaşdırılması ilə bağlı dedikləri olub. Qeyd edək ki, Məhəmməd Mehdi Axundzadə Bakıda keçiriləcək Xəzər Sammiti ilə bağlı da nikbin danışıb. Nazir müavinlərinin Bakı görüşündən sonra müzakirələrin İranda keçiriləcəyini deyən qonaq bu müzakirələrdə də müəyyən irəliləyişlərin olacağını istisna etməyib.
Məlumat üçün deyək ki, toplantıda maraq cəlb edən daha bir məqam status məsələsi ilə bağlı ikitərəfli danışıqlarda müəyyən problemləri olan İran və Türkmənistanın nümayəndəsindən fərqli olaraq, Rusiya XİN başçısının müavini Sergey Ryabkovun status məsələsi ilə bağlı həlli açıq daha çox problemin qaldığını bildirməsi olub. Rusiyanın nümayəndəsi əldə edilmiş razılaşmalara baxmayaraq, həll ediləsi çox məsələnin olduğunu deməklə, Xəzər Sammitinə qədər tərəflər arasında anlaşma əldə olunmasına bir qədər şübhə ilə yanaşdığını nümayiş etdirib. Eyni zamanda, Rusiya nümayəndəsi Xəzərin təhlükəsizlik məsələsini sahilyanı ölkələrin öz üzərinə götürməsinin vacibliyinə dair təklifə müəlliflik edərək, dolayı yolla rəsmi Moskvanın digər sahilyanı ölkələrin Xəzərdə başqa ölkələrlə bu sahədə əməkdaşlıq etməsinə maraqlı olmadığına işarə vurub.
Məlumat üçün deyək ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı uzun illərdən bəridir ki, aparılan danışıqlara baxmayaraq, İran-Azərbaycan və Türkmənistan - Azərbaycan ikitərəfli danışıqlarda dənizin bölünməsi ilə bağlı bir sıra problemlər hələ də həllini tapmamış qalır. Baxmayaraq ki, siyasi ekspertlər rəsmi Aşqabadın problemin həllinə dair son yanaşmalarının, xüsusilə də prezident Qurbanqulu Berdiməhəmmədovun ötən ay türkdilli dövlət başçılarının İstanbulda keçirilən Zirvə Sammitində verdiyi bəyanatlardan sonra bu istiqamətdə irəliləyişlərin baş verməsinin gözlənilən olduğu barədə proqnozlar irəli sürməkdə davam edirlər, statusla bağlı aparılan müzakirələrin hansı sonluqla bitdiyi çox böyük ehtimalla Xəzər Sammiti ərəfəsində ortaya çıxacaq.