PDF Oxu

Əsas

  • 27

"İşğal olunmuş ərazilərimizdə araşdırma aparan ATƏT-in qiymətləndirmə missiyasında Azərbaycanın nümayəndəsi də olmalıdır"

"İşğal olunmuş ərazilərimizdə araşdırma aparan ATƏT-in qiymətləndirmə missiyasında Azərbaycanın nümayəndəsi də olmalıdır"
"Azərbaycanın işğal olunmuş ərazilərində ATƏT-in qiymətləndirmə missiyasının araşdırma aparması müsbət haldır". Milli.Az portalı xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT-in Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
Onun sözlərinə görə, münaqişənin nəticələri haqqında özümüzün beynəlxalq birliyi məlumatlandırmağımızla yanaşı vasitəçilik missiyasını yerinə yetirən həmsədrlərin və ATƏT-in eksperlərinin rəyi də önəmlidir. Çünki onlar bölgədə olaraq faktları öz gözləri ilə görəcəklər.
B.Muradova xatırladıb ki, ATƏT tərəfindən belə ilk missiya 2005-ci ildə olmuşdu. Bundan sonra isə Azərbaycan tərəfinin dəfələrlə bu məsələni qaldırmasına baxmayaraq, konkret addımlar atılmadı. Bununla belə, vitse-spiker artıq missiyanın bölgədə araşdırmalar aparmağa başlamaq üzrə olduğunu müsbət dəyərləndirib: "Amma bu səfərin və araşdırmaların nəticələrinin obyektiv olacağını indidən deyə bilmərəm. Çünki hesabat ortada olduğu zaman onu dəyərləndirə biləcəyik. Ümid etmək istəyirəm ki, missiya obyektivlik nümayiş etdirəcək və Azərbaycanın işğal olunmuş ərazilərinin real mənzərəsini yaradan hesabat tərtib edəcək. Çünki bu, həm vasitəçi olaraq həmsədrlərin özünə lazımdır, həm də bütövlükdə ATƏT-in Minsk qrupunun fəaliyyəti üçün çox vacibdir. Eləcə də, obyektiv hesabat digər beynəlxalq təşkilatlar, o cümlədən, BMT müstəvisində məsələlər müzakirə olunduğu zaman aydın təsəvvürün yaranması və real vəziyyətin diqqətə çatdırılması, bunun əsasında da sənədlərin qəbul olunmasına gətirib çıxaran amilə çevrilə bilər. Hər halda, mən çox istərdim ki, Minsk qrupunun həmsədrləri və onlarla birgə bölgədə olan ekspertlər real vəziyyəti olduğu kimi öz hesabatlarında təsvir etsinlər".
Vitse-spiker qiymətləndirmə missiyasının tərkibində münaqişə tərəflərinin nümayəndələrinin olmasının vacibliyinə də toxunub: "Araşdırmaların işğal olunmuş ərazilərdə həyata keçirilməsini nəzərə alsaq, orada missiyanı müşayiət edən ermənilər olacaq. Amma missiyada Azərbaycanı təmsil edən bir nümayəndənin olmasını da mən vacib hesab edirəm. Çünki bu, ədalətli, qərəzsiz yanaşmanı təmin edə biləcək faktor ola bilərdi".

Digər xəbərlər