Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
Bu günlərdə Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev də andiçmə mərasimində iştirak edib. Gənc kursantlar hərbi andı yerinə yetirdikdən sonra mərasimdə Dövlət Sərhəd Xidməti Akademiyasının rəis, general-mayor Araz Məmmədov çıxış edib.
O, qeyd edib ki, 2007-ci ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən DSX Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkminləşdirilməsində mühüm rol oynayıb. Daha sonra çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev gənc kursantların hərbi andı qəbul etmələri münasibətilə təbrik edib. Elçin Quliyev bildirib ki, Prezident İlham Əliyevin qəbul etdiyi qərarla sərhəd mühafizəsində islahatların genişləndirilməsi üçün mühüm addımlar atılıb. Qısa müddət ərzində sərhəd məntəqələri ən son avadanlıqlarla təchiz olunub. E. Quliyev son illər ərzində sərhədçilərin sosial vəziyyətlərinin yaxşılaşdırılması məsələsinə də toxunub. Andiçmə mərsimindəm sonra DSX rəisi Elçin Quliyev akademiyanın yeməkxanasında kursantlarla birgə nahar etdikdən sonra kursantların valideynləri ilə görüşüb. Qeyd edək ki, akademiyada çoxsaylı sinif otaqları, kitabxana və 50-100 nəfərlik mühafizə və tədbir zalları, yeməkxana var. Bundan əlavə, akademiyada 400-600 yataq yeri olan kazarma tipli iki yataqxana, 83 ədəd 3 və 4 nəfərlik yataq otaqları var.