Ölkənin ən nüfuzlu və aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası bu günlərdə, noyabr ayının 7-də keçiriləcək parlament seçkilərində iştirak edəcək YAP namizədlərinin vahid siyahısını açıqlayıb. Çox yüksək səviyyədə hazırlanmış, partiya daxilində geniş müzakirələrin nəticəsi olan bu siyahı geniş ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.
Lakin xaricdən maliyyələşən və milli dövlətçilik maraqlarımıza məhəl qoymayan radikal müxalifətin nümayəndələri YAP-ın bu siyahısını qərəzli şəkildə müzakirə edir və partiyaya qarşı "qara piar" kampaniyasını davam etdirməkdən çəkinmirlər. Ölkə ictimaiyyətinin nümayəndələri söhbət əsnasında YAP-ın siyasi xəttini dəstəklədiklərini, partiyanın parlament seçkilərində iştirakla əlaqədar müəyyənləşdirdiyi vahid namizədlər siyahısını da bəyəndiklərini bildiriblər. Həmsöhbətlərimiz qeyd ediblər ki, radikal müxalifət təmsilçilərinin belə qeyri-ciddi davranışı onların siyasi səriştəsizliyi və reallıq hissindən uzaq olmaları ilə bağlıdır.
- Mənim Yeni Azərbaycan Partiyasının açıqladığı siyahıya münasibətim çox müsbətdir. Burada göstərilən bütün namizədləri dəstəkləyirəm. Hesab edirəm ki, onların hamısı layiqli namizədlərdir. Əminəm ki, YAP bu namizədlər siyahısı ilə 2010-cu il parlament seçkilərində böyük qələbə qazanacaq. Müvafiq siyahıda təmsil olunan namizədlər qanunvericilik orqanının işinin irəli getməsinə, yeni qanunların qəbul olunmasına, digər qanunvericilik aktlarının hazırlanmasına ciddi töhfələrini verə biləcək insanlardır. İlk növbədə, arzu edirəm ki, Azərbaycanın iqtidarı kimi, müxalifəti də sivil, sağlam siyasi rəqabət aparsın, siyasi proseslərə münasibətdə yaradıcı, konstruktiv mövqe nümayiş etdirsin. Hazırda iqtidar partiyasının namizədləri çox böyük etimad qazanıblar, onların haqqında ictimai rəy yüksək səviyyədədir. Ona görə də hesab edirəm ki, yeni seçiləcək deputatların sırasında YAP-dan irəli sürülən namizədlər əksəriyyət təşkil edəcək.
- Ümumiyyətlə, seçki ilə bağlı hər bir prosedur olduqca məsuliyyətli mərhələdir. Adı müvafiq siyahıda olan hər bir namizəd həmin məsuliyyəti dərindən dərk etməlidir. Bu, o deməkdir ki, müasir dövrün reallıqları şəraitində dövlətimizin suverenliyini, müstəqilliyini, inkişafını təmin etmək, dünya ölkələri sırasında özünə layiqli yer tutması üçün böyük səy göstərmək lazımdır. Burada dövlətin daxili və xarici siyasəti uzlaşdırılmış şəkildə həyata keçirilməlidir ki, xalqın maddi rifahı təmin edilsin, onun mənəvi dəyərləri qorunub saxlanılsın. Bütövlükdə, ötən dövr ərzində YAP-dan olan deputatların gördüyü işlər yüksək tərzdə dəyərləndirilə bilər. Bununla yanaşı, görüləsi çox işlər var. Bu işləri məhz YAP tərəfindən təqdim olunan, yeni seçiləcək deputatların görəcəyinə heç bir şübhəmiz yoxdur.
O ki qaldı müxalifətin bu seçkilərdə tutduğu mövqeyə, hər bir sivil ölkədə müxalifət iqtidarla qanunlar çərçivəsində mübarizə apara bilər. Əlbəttə, hər bir namizədin indiyə kimi keçdiyi həyat yolu, fəaliyyəti süzgəcdən keçiriləcək. Bu isə müxalifət tərəfindən deyil, xalq və elektorat tərəfindən gerçəkləşdiriləcək.
- Ümumiyyətlə, ölkədə azad və ədalətli parlament seçkilərinin keçirilməsi sivil dəyərlərə sadiqliyin göstəricisidir. Bu mənada, demokratik seçkilərin keçirilməsi, əlbəttə, çox sevindiricidir. İstər iqtidar, istər müxalifət, istərsə də bitərəflərin təqdim etdiyi siyahıların olması çox yaxşı haldır. Ona görə ki, hər bir tərəf özünün daxili resurslarını formalaşdırır və özünü parlamentdə ifadə etmək iddiası ilə meydana çıxır. Bu mənada, YAP-ın siyahısı çox böyük maraq doğurur. Bu, ənənəçilikdən kənar, yenilikçi meyillərə üstünlük verən, gəncləşməyə, xüsusilə, intibaha, islahat aparmağa meyilli bir siyahıdır. Namizədlər siyahısının yeniləşməsi siyasi mühitə yeni nəfəs və dividend gətirəcək. Düşünürəm ki, elmi, ictimai, siyasi, mədəni və iqtisadi problemlərin həllində daha çox aktivlik, səmərəlilik olacaq. Bu siyahıya təkcə siyasi mənada deyil, eyni zamanda, adi vətəndaş mövqeyindən yanaşmaq lazımdır. Onların nə istədiyi və nə gözlədiyini bilmək daha vacibdir. Güman edirəm ki, istər iqtidar, istər müxalifət, istərsə də bitərəflər içərisindən xalqımız ən layiqlilərini seçəcək. Digər seçkilərdə olduğu kimi, səsvermədə iştiraketmə səviyyəsinin yüksək olması bu seçkilərin nəticələrinin xalqın iradəsini ifadə edəcəyini söyləməyə əsas verir. Bu gün müxalifətlə müqayisədə iqtidarın üstünlüyü aşkar məlumdur. Builki siyahıda da kifayət qədər intellektuallar var. Bu baxımdan, hesab edirəm ki, parlamentin növbəti çağırışında, digər çağırışlarda olduğu kimi, YAP-ı təmsil edən millət vəkilləri daha çox olacaq. Müxalifət isə, öz növbəsində, tutduğu radikal mövqedən geri çəkilməli və sağlam rəqabət şəraitində mübarizəyə qoşulmalıdır.
- Həyata keçirilən siyasət və əldə olunan nəticələr, aparılan təhlillər onu deməyə əsas verir ki, YAP-ın irəli sürdüyü namizədlər ən güclü namizədlərdir. Bunu həm əvvəllər deputat seçilmiş şəxslərə, həm də adları siyahıya yeni salınanlara aid etmək olar. Partiyanın siyahısında gənclərə xüsusi yer ayrılması bizdə sevinc və inam hissi doğurur. Bu gün müxalifət tərəfindən bu siyahıya qarşı hər hansı bir iradın tutulması isə tamamilə əsassızdır. Onlar bu cür qeyri-konstruktiv və radikal addımlar atmaqla ölkə ictimaiyyətinin rəğbətini qazana bilməzlər. Seçki öncəsi özlərinin köhnə adətlərini nümayiş etdirən müxalifətin seçkilərdə hansı yeri tutacağı öncədən məlumdur.
- Hamımıza yaxşı məlumdur ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda yeganə lider partiyadır. Heç şübhə yoxdur ki, məhz bu partiyanın ən layiqli namizədləri parlament seçkilərində inamlı qələbə qazanacaqlar. YAP-dan olan deputatlar bunu ötən beş ildə və ondan əvvəlki dövrlərdə öz fəaliyyətləri, gördüyü işlərlə sübut ediblər. Güman edirəm ki, bundan sonra da məhz belə olacaq. Bu seçkilərdə tutduğu mövqeyə gəlincə isə müxalifətin mövqeyi onu növbəti məğlubiyyətə sürükləyir.
- Siyahıya nəzər saldıqda, görərik ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə yüksək səviyyədə hazırlaşıb. Siyahıdakı gələcək millət vəkilləri xalq üçün çox faydalı insanlardır. Burada gənc namizədlərin olması isə dinamikanın mövcudluğunu göstərir. Onu da deyim ki, Yeni Azərbaycan Partiyasının üstünlüyü göz qabağındadır. Digər partiyalara nəzər saldıqda isə, onların ancaq bir-biriləri ilə qarşıdurma içində olduqlarını görürük. Bu şəxslərin, nəinki millət vəkili, hətta hansısa partiyanın təmsilçisi olmaları mümkün deyil.
- Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə tanışam. Əlbəttə ki, seçkilərdə uğur qazanacaqlarına şübhə yoxdur. Bu, tək mənim fikrim deyil. Ətrafımdakı insanlardan da bu partiyanın fəaliyyəti barədə müsbət fikirlər eşidirəm. Demək istəyirəm ki, partiyanın gənclərə qayğısı böyükdür. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası qələbəyə tam layiqdir. Müxalifətin isə bu seçkilərdə heç bir şansı yoxdur. Gənclərimiz hər şeyi yaxşı görür. Bilirlər ki, ən doğru seçim məhz Yeni Azərbaycan Partiyasının namizədləridir.
- Seçki siyahısı ilə tanış olmuşam. Fikrimcə, budəfəki seçki bütün dünyaya nümunə olacaq. Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlər xalqın istədiyi, bəyəndiyi namizədlərdir. Bu səbəbdən hər kəsi Yeni Azərbaycan Partiyasına səs verməyə çağırıram. Müxalifət partiyalarının da seçki siyahısı ilə tanış oldum. Deyə bilərəm ki, orada ideal bir namizəd görə bilmədim.
- Seçki siyahısı ilə tanış olmuşam. Ancaq onu deyə bilərəm ki, seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbə çalacağına əminəm. Çünki ən ideal partiya məhz Yeni Azərbaycan Partiyasıdır. YAP bu seçkilərə çox yüksək səviyyədə hazırlaşıb. Keçirdiyi islahatlar, inkişaf tempini yüksəltmək cəhdləri, gənclərə göstərdikləri qayğılar onu göstərir ki, partiya, doğrudan da, xalqın təmsilçisi olmağa layiqdir.