İqtisadiyyatın dinamik inkişafı əhalinin gəlirlərinin artımını təmin edir
Azərbaycanda qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də, regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması 2003-2010-cu illərdə dövlət başçısı İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir.
Ölkə Prezidentinin imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının təsdiq edilməsi haqqında fərmanları ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasını qoydu. Dövlət proqramlarının uğurla icrası qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, sahibkarlığa dövlət dəstəyinin artırılmasına, əhalinin maddi rifahının, sosial-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına, işləməyən müəssisələrin fəaliyyətinin bərpasına və yeni iş yerlərinin açılmasına geniş imkanlar açmışdır. Bu fikri cari ilin yanvar-iyul aylarında ölkənin sosial-iqtisadi inkişafının göstəriciləri də təsdiqləyir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin əvvəlindən ötən yeddi ay ərzində 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 3,5 faiz, yaxud müqayisəli qiymətlərlə 649,6 milyon manat artaraq 23,2 milyard manata çatıbdır. ÜDM-in 66,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən, 55,5 faizi sənayedə, 6,9 faizi inşaat kompleksində, 4,3 faizi kənd təsərrüfatında yaradılıb. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 27,1 faiz, o cümlədən, nəqliyyatda 6,6 faiz, ticarət və iaşədə 8,1 faiz, rabitədə 1,8 faiz, sosial və qeyri-formal xidmətlərdə 10,6 faiz olub. Nəticədə ÜDM-in 6,2 faizi məhsula və idxala xalis vergilərin payına düşübdür. Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla keçən ilin yanvar-iyul ayları ilə müqayisədə 3,2 faiz çox və ya 16,2 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Məhsulun 76,8 faizi mədənçıxarma bölməsində, 17,9 faizi emal bölməsində, 4,7 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal edilibdir. 2009-cu ilin yeddi ayı ilə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 1,8 faiz, emal bölməsində 9,8 faiz, elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində 4,6 faiz, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində 2,4 faiz artıb.
İqtisadiyyatın sürətlə inkişafı ölkə əhalisinin gəlirlərinin də mütənasib olaraq artımını təmin edir. 2010-cu ilin yanvar-iyul aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 9,3 faiz artaraq 13,6 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 8 faiz artaraq 1527,4 manat olub. Sənayedə çalışanların orta aylıq əmək haqqı 453,2 manat, tikinti kompleksində işləyənlərin isə 496,7 manat olmuş və ötən illə müqayisədə müvafiq olaraq 6 faiz və 11,8 faiz artıbdır.
Gəlirlərin artması əhalinin alıcılıq qabiliyyətində də özünü göstərir. Belə ki, cari ilin yanvar-iyul aylarında istehlak bazarında müşahidə olunan sabit və dinamik inkişaf davam etmiş, əhaliyə satılmış istehlak mallarının və göstərilmiş xidmətlərin həcmi 8,9 faiz artaraq 9774,4 milyon manat olmuşdur.
Əhalinin gəlirlərinin artmasını özündə əks etdirən amillərdən biri də əhali tərəfindən banklarda yerləşdirilən əmanətlərdir. Cari ilin 7 ayında əhali əldə etdiyi gəlirin 2562,9 milyon manatını əmanət kimi banklara qoymuşdur. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,4 faiz çoxdur.
Ölkə iqtisadiyyatının dinamik inkişafı deməyə əsas verir ki, ilin sonuna qədər gəlirlər daha da artaraq əhalinin sosial vəziyyətini xeyli yaxşılaşdıracaq. Bunun üçün Azərbaycanın kifayət qədər iqtisadi potensialı var.
Göründüyü kimi, göstərilən faktlar onu deməyə əsas verir ki, 2010-cu ilin birinci yarısını yüksək inkişaf meyilləri ilə başa vuran Azərbaycanda ilin sonuna doğru artım tempi daha da sürətlənəcək, respublikamızın iqtisadiyyatında pozitivlik dərinləşəcək. Bu il iqtisadiyyatın bütün bölmələrində iqtisadi artım müşayiət olunacaq ki, bu da növbəti ilin makroiqtisadi inkişafına əhəmiyyətli dərəcədə zəmin yaradacaq. Eyni zamanda, 2011-ci ildə iqtisadiyyatın modernizasiyası üçün əlverişli imkanlar mövcud olacaq. Bu isə iqtisadi islahatların genişlənməsi, əhalinin sosial rifahının yaxşılşdırılması, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi, onların gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsi, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, dövlətin müdafiə potensialının artırılması üçün əhəmiyyətli baza yaradır.
Hökumət artıq 2011-ci ilin inkişaf ssenariləri ilə bağlı proqnozları hazırlayıb və yeni ildə ölkəmizin maliyyə qüdrətinin artmasının müqabilində bütün bölmələrdə pozitivliyin yüksəlməsi gözlənilir. Yeni inkişaf planının ssenariləri dünya iqtisadiyyatında və maliyyə bazarlarında yarana biləcək yeni risklərin Azərbaycan iqtisadiyyatına təsirinin neytrallaşdırılması, daxili resursların payının artırılması, iqtisadiyyata daha çox sərmayə qoyulması, dövlət xərclərinin tənzimləyici rolunun və sosial səmərəsinin daha da çoxaldılması və maliyyə intizamının gücləndirilməsi ilə bağlı sistemli tədbirlərdən ibarətdir.
Prezident İlham Əliyev yeni ildə ölkəmizin ali maliyyə sənədi olan dövlət büdcəsinin həcminin əhəmiyyətli dərəcədə artacağını və büdcə vəsaitləri hesabına bütün sahələrin inkişafının sürətlənməsinə impuls veriləcəyini bildirib. Dövlətimizin başçısı büdcədən ayrılan əlavə maliyyə vəsaitləri hesabına infrastruktur obyektlərinin yaradılmasının geniş vüsət alacağını xatırladıb. Prezident İlham Əliyev qarşıdakı ilin büdcə zərfinin əsasən investisiyayönümlü olacağını və infrastruktur-investisiya layihələrinin maliyyələşdirilməsinə xüsusi diqqət göstəriləcəyini bildirib: "2011-ci ilin dövlət büdcəsi, həmişə olduğu kimi, investisiyayönümlü olmalıdır. Eyni zamanda, o büdcədə bütün sosial məsələlər də öz həllini tapmalıdır. Deyə bilərəm ki, Azərbaycanda əsas investisiya layihələri - elektrik stansiyaları, yollar, digər infrastruktur layihələri, su anbarları - artıq ya başa çatıbdır, ya da başa çatmaq üzrədir".
2011-ci ildə iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı siyasət keyfiyyətcə yeni mərhələyə qədəm qoyacaq. Diversifikasiya siyasətinin davam etdirilməsi Azərbaycanın yüksək gəlirli dövlətlər qrupunda yer almasına zəmin yaratmaqla bərabər, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsini də şərtləndirmiş olur. Məhz iqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi neft sektorundan asılılığın minimuma endirilməsinə və innovativ iqtisadiyyata keçidin təmin edilməsinə zəmin yaratmış olur.
Azərbaycan iqtisadiyyatının yeni modelə uyğun inkişaf edərək daha keyfiyyətli və yüksək artım indikatorları ilə müşayiət olunması sosial infrastrukturun da keyfiyyətcə dəyişməsinə və modernləşməsinə imkan verəcək. Respublikamızın qarşıdakı mərhələdə inkişaf ssenarilərinin reallaşması isə Azərbaycanın yüksək gəlirlərə malik, yaxşı infrastrukturlu və zəngin insan kapitalına malik olan bir ölkə kimi tanınmasına səbəb olacaq.