PDF Oxu

Əsas

  • 13

“İki sahil" qəzeti Neftçilər gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

“İki sahil" qəzeti Neftçilər gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
20 Sentyabr Neftçilər günündə işıq üzü görən 148 səhifəlik Xüsusi buraxılış Azərbaycan neft sənayesinin 1994-cü ildən bəri keçdiyi şanlı yolu əks etdirən maraqlı yazıları, rəngli şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqəti cəlb edir.
Ulu öndərimiz Heydər Əliyevin böyük səyləri ilə 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycana aid hissəsində yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlarının neft- qaz sərvətlərinin birgə işlənməsinə dair nüfuzlu xarici şirkətlərlə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında "Əsrin müqaviləsi" adını almış sazişlər imzalanması, bunun nəticəsi olaraq ölkəmizin neft sənayesinin, bütövlükdə iqtisadiyyatının yüksək səviyyəyə qaldırılması Xüsusi buraxılışın ana xəttini təşkil edir.
SİA-nın məlumatına görə, xüsusi buraxılışın üz qabığında ulu öndər Heydər Əliyevin "Neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur" fikri qeyd olunub. Birinci səhifədə isə ümummilli liderin "Bizim bütün sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kəsin müstəsna haqqı yoxdur" fikirinin davamı olaraq Prezident İlham Əliyevin "Azərbaycanın neft gələcəyi çox parlaqdır. Hesab edirəm ki, respublikamız bundan əldə etdiyi gəliri düzgün xərcləyəcək və beləliklə, iqtisadiyyatımızın bütün sektorları inkişaf edəcəkdir" tezisi öz əksini tapıb.
Ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə "Neftçilər günü"nün təsis edilməsi, hər il 20 sentyabr ərəfəsində neçə-neçə qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə təltif edilməsi cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilərin əməyinə verilən qiymətin, onlara göstərilən diqqətin bariz nümunəsidir.
Xüsusi buraxılışda Azərbaycan neft sənayesinin çoxəsrlik tarixinə işıq salınaraq, 16 ildə imzalanmış beynəlxalq neft sazişlərinin iqtisadiyyatımızın dinamik inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılır. Xüsusi olaraq qeyd edilir ki, həmin tarixdən başlayaraq görülən işlər bugünkü və gələcək nəsillərə xidmət edir. Azərbaycan tarixində, onun iqtisadiyyatının inkişafında, xüsusilə dövlət müstəqilliyinin möhkəmləndirilməsində neft sənayesinin əhəmiyyəti xüsusi buraxılışda dərc olunan yazıların hər birində xüsusi vurğulanır.
"Sevindirici haldır ki, bu gün dərin bilik və bacarığa, zəngin təcrübəyə malik nefçilərimiz qazanılan nailiyyətlərin davamlı olması üçün səylərini əsirgəmir, ilbəil yeni uğurlara imza atırlar. Son 20 ildə ilk dəfə olaraq, ARDNŞ-in müstəqil şəkildə, daxili imkanlar hesabına "Ümid" perspektiv qaz-kondensat strukturunda kəşfiyyat qazma işlərini aparması buna bariz nümunədir."- Bu sözlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Azərbaycanın neft sənayesi işçilərinə bayram təbrikindəndir. ARDNŞ rəhbəri bildirir ki, Şirkətimiz inkişaf etdikcə respublikamızın sosial-iqtisadi həyatında daha fəal iştirak edir. Ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr verən neftçilərimiz dövlət və xalq qarşısında məsuliyyət daşıdıqlarını, respublikamızın iqtisadi yüksəlişinə cavabdeh olduqlarını heç zaman unutmur və ölkə rəhbərliyinin onlara bəslədiyi etimadı əməli işləri, istehsalat uğurları ilə doğrultmağa çalışırlar.
Yazıda o da qeyd edilir ki, ölkə başçısı İlham Əliyevin şirkəti modern, çevik, beynəlxalq səviyyəli bir quruma çevirmək barədə qarşıya qoyduğu tapşırıq şərəflə icra edilir, ulu öndərimizin neft strategiyası çərçivəsində yeni-yeni uğurlar qazanmaq üçün ciddi səylər göstərilir. Ölkə daxilində və xaricdə həyata keçirilən neft-qaz və neft-kimya əməliyyatlarında Azərbaycanı layiqincə təmsil edən Dövlət Neft Şirkəti modern, müasir tələblərə cavab verən güclü və çevik quruma çevrilmək istiqamətində fəaliyyətini daha da genişləndirmişdir. Hazırda ARDNŞ-in təsisçiliyi ilə yaradılmış 16 Əməliyyat Şirkəti, 34 Birgə Müəssisə, 4 Alyans, habelə xarici ölkələrdə malik olduğumuz 6 şirkət neft-qaz sənayesinin bütün sahələrində uğurla fəaliyyət göstərir. Yazının sonunda bu fikir bir daha xüsusi vurğulanır ki, görülən işlər çoxdur. Qarşımızda hələ böyük məsələlər dayanır. Ölkədə gedən müsbət proseslər, sürətli iqtisadi artım, neft-qaz sənayesinin nailiyyətləri sosial yüksəlişə, dövlətçiliyin daha da möhkəmlənməsinə, Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edir. Ümumiyyətlə, "İki sahil" qəzetinin 20 sentyabr- Neftçilər günü münasibətilə hazırladığı Xüsusi buraxılış Azərbaycan Respublikası Dövlət Neft Şirkəti strukturlarının fəaliyyəti, onların əlamətdar günü - neftçilərin peşə bayramını hansı nailiyyətlərlə qeyd etməsi və qarşıda hansı vəzifələrin dayandığı barədə dolğun təəssürat yaradır.
Xüsusi buraxılış ulu öndər Heydər Əliyevin "Dünyada neftin çıxarılması və hasil edilməsi, neftin emal təcrübəsi Azərbaycandan başlanmışdır" fikri ilə tamamlanır. "İki sahil" qəzetinin yaradıcı kollektivini maraqla qarşılanmış Xüsusi buraxılışa görə təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Digər xəbərlər