Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanın Müzəffərabad şəhərində orta məktəb tikilib
Dünən Azərbaycanın Pakistandakı səfirliyinin müvəqqəti işlər vəkili Daşqın Şikarov Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu ölkənin Müzəffərabad şəhərində qızlar üçün tikilmiş orta məktəbdə olmuşdur.
Xəbər verdiyimiz kimi, 2005-ci il oktyabrın 8-də Pakistanda çoxlu insan tələfatına və böyük dağıntılara səbəb olmuş güclü zəlzələ baş vermişdi. Zəlzələ ölkə ərazisinin yarıdan çoxunu əhatə etmiş, paytaxt İslamabadda, Lahorda, xüsusilə Müzəffərabadda güclü dağıntılar törətmişdi. Baş vermiş fəlakət nəticəsində Müzəffərabadın Rara ərazisindəki məktəb tam yararsız vəziyyətə düşdüyünə görə burada dərslər ya çadırlarda, ya da ki, açıq səma altında keçirilirdi.
Bu məktəb Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə inşa olunmuşdur. Bununla yanaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə məktəb əyani vəsaitlərlə, o cümlədən ölkəmiz haqqında nəşrlərlə təmin edilmişdir. Hazırda məktəbdə 500-dən artıq şagird təhsil alır.
D.Şikarov məktəbdə müəllim və şagirdlərlə görüşmüşdür. Müvəqqəti işlər vəkilinə məktəbin fəaliyyəti və ehtiyacları haqqında məlumat verilmişdir. Diplomat məktəbə bundan sonra da diqqət və qayğı göstəriləcəyini bildirmişdir.
Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında ətraflı məlumat verən D.Şikarov, Azərbaycanın qardaş ölkəyə yardım etməyə daim hazır olduğunu vurğulamışdır.
Məktəbin müdiri Firdövs Şahin təhsil ocağında yaradılmış şəraitdən məmnunluğunu ifadə etmiş, göstərilən diqqət və qayğıya görə Azərbaycan hökumətinə və xalqına, xüsusilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
F.Şahin D.Şikarovdan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür məktubunun çatdırılmasını xahiş etmişdir.
D.Şikarov məktəbə Heydər Əliyev Fondu adından iki kompyuter, 50 məktəbli çantası və digər dərs ləvazimatı hədiyyə etmişdir. Bundan əlavə, səfirlik tərəfindən məktəbin kitabxanasına Pakistanda urdu və ingilis dillərində nəşr edilmiş "Heydər Əliyev", "Azərbaycan poeziyası", "Azərbaycan Qafqazın cənnəti" və "Azərbaycan tarixi" kitabları təqdim olunmuşdur.