PDF Oxu

Əsas

  • 19

Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək

Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək
"Serj Sarkisyan Azərbaycanın "İşğal olunmuş ərazilərdə vəziyyət"ə dair qətnamə layihəsinin BMT Baş Assambleyasında müzakirəyə çıxarılmasından narahatlığını ifadə edib və Dağlıq Qarabağın heç bir halda Azərbaycana qaytarılmayacağını bildirib. "Sizcə, belə absurd mövqe və cəfəng bəyanat nədən qaynaqlanır" sualını cavablandıran millət vəkili Asəf Hacıyev bildirdi ki, bir çox nüfuzlu beynəlxalq təşkilatların qərarlarında bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Ermənistanın apardığı siyasətin əleyhinə olub.
İndi də BMT-nin gündəliyinə bu məsələnin salınması erməni tərəfini çox ciddi narahat edir və ermənilər qəsdən müxtəlif bəyanatlar verir ki, bu, danışıqlar prosesinə mənfi təsir göstərsin. Bu günə qədər qəbul olunan qərarların hamısı həqiqəti əks etdirirdi və ona görə də, hesab edirik ki, bu dəfə də qəbul olunan qərar ədalətli olacaq. Bir çox ölkələr və beynəlxalq təşkilatlar bimənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. Bu cür qərarlar isə Ermənistanı çıxılmaz vəziyyətə salır. Belə narahatlığın nəticəsidir ki, Ermənistanın müdafiə naziri bildirib ki, əgər Azərbaycan müharibə etməyə başlasa, Rusiya qoşunları Ermənistanı müdafiə edəcəkdir. Əslində isə, rus qoşunlarının Ermənistana yardım edəcəyi barədə heç bir sənəd göstərilmir.
Əgər Azərbaycan müharibəni başlasa, Ermənistan ərazisində başlamayacaq, sadəcə olaraq, öz ərazi bütövlüyünü bərpa edəcək. Çünki Azərbaycanın məqsədi öz ərazi bütövlüyünü bərpa etmək, məcburi qaçqın və köçkünləri öz yurd-yuvalarına qaytarmaqdır".
"Rusiya Ermənistana hansı hallarda hərbi yardım göstərə bilər" sualını cavablandıran millət vəkili qeyd etdi ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bir fikir səsləndirmişdir ki, iki dövlət arasında imzalanan sənəddə söhbət, sadəcə, Rusiya hərbi bazasının vaxtının uzadılmasından gedibdir. Ayrı əlavələr edilməyib: "Digər tərəfdən Serj Sarkisyan çıxışlarında bildirib ki, Rusiya qoşunları Ermənistanın maraqlarını müdafiə edəcəkdir". Bəli, bu, mümkün ola bilər. Rusiya qoşunları Ermənistanın maraqlarını müdafiə edə bilər, amma o halda ki, Ermənistana qarşı hər hansı bir təcavüz olsa. Ermənistanın belə bir bəyanat verməsi qeyri-ciddi addımdır və nə ölkəyə, nə də ölkə başçısına başucalığı gətirmir. Naxçıvanda türk hərbi bazalarının yerləşdirilməsinə toxunan A.Hacıyev vurğuladı ki, Naxçıvanda hərbi bazaların yerləşdirilməsi hələ ki, söhbətdir, rəsmi səviyyədə belə bir fakt yoxdur. Gələcəkdə isə, sözsüz ki, hər şey ola bilər. Çünki Qars müqaviləsinə görə Türkiyə bir növ Naxçıvanın qarantı kimi çıxış edir.

Digər xəbərlər