MSK-da dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir
Dünən Mərkəzi Seçki Komissiyasında Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirildi.
Tədbirdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Azərbaycan Respublikası Konstitusiyası ilə verilən seçki hüquqlarının həyata keçirilməsi" mövzusunda məruzə ilə çıxış etdi. F.Abdullayev beynəlxalq aktların konkret maddələrini sadalayaraq, həmçinin, müxtəlif ölkələrdəki seçki praktikasından danışdı. Konstitusiya Məhkəməsinin sədri müxtəlif illərdə Konstitusiya Məhkəməsinin konkret dairələr üzrə seçkilərin nəticələrini təsdiqləmədiyinə dair misallar çəkdi. O bildirdi ki, seçkilər azad keçirilməlidir: "Azad seçki olmayan yerdə demokratiyadan danışmaq olmaz"
Tədbirdə çıxış edən MSK üzvü Ramiz İbrahimov "Milli Məclisə seçkilərin maliyyələşdirilməsi. Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçki fondları üzrə xüsusi seçki hesabları" mövzusunda məruzə etdi. R.İbrahimov bildirdi ki, Seçki Məcəlləsinin 29-cu maddəsinə əsasən seçkilərin, referendumların keçirilməsi birbaşa dövlət tərəfindən maliyyələşdirilir. MSK üzvünün sözlərinə görə, Seçki Məcəlləsinin müvafiq maddəsinə edilmiş dəyişikliyə əsasən namizədlərə təşviqat və təbliğat üçün ayrılmış vəsait ləğv olunub. Bu, namizədlərin bərabər şəraitdə mübarizə aparmasına imkan yaradacaq.
R.İbrahimov qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçki fondları üzrə xüsusi seçki hesablarının Azərbaycan Beynəlxalq Bankının rayon filiallarında açılmasını da söylədi: "Əgər müvafiq rayonda belə bir hesab yoxdursa, hesabın başqa bankda açılmasına baxıla bilər".
R.İbrahimov bildirdi ki, namizədlərin seçki fondunun yuxarı həddi artırılıb: "Hər bir namizəd üçün bu məbləğ 500 min manat həddində nəzərdə tutulub. Lakin həmin vəsait namizədin öz şəxsi vəsaiti hesabına formalaşa bilər. Eyni zamanda, siyasi partiyalar və seçki blokları namizədə 150 min manatdan çox olmayaraq maliyyə vəsaiti ayıra bilər. Hər bir vətəndaş namizədin hesabına 3 min manatdan çox olmayaraq, hüquqi şəxslər isə 50 min manatdan çox olmamaqla maliyyə vəsaiti köçürə bilər".
Qeyd edək ki, avqustun 23-də başlanmış kurslar avqustun 26-dək davam edəcək. Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim ediləcək. Layihənin növbəti mərhələsi olaraq sentyabrın 1-dən 3-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.