PDF Oxu

Əsas

  • 8

Azərbaycanın hərbi qüdrəti Ermənistanı ciddi narahat edir

Azərbaycanın hərbi qüdrəti Ermənistanı ciddi narahat edir
Tarixən Ermənistan qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edib.  Bəzən bunu xalqlara qarşı soyqırım siyasəti həyata keçirməklə reallaşdırmağa çalışıb. Bu məkrli niyyətin baş tutmasında bəzi dövlətlər, xüsusilə də, Rusiya başlıca rol oynayır.  Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın torpaqlarının işğal edilməsində Rusiyanın Ermənistana göstərdiyi hərbi-siyasi dəstəyi misal olaraq göstərmək olar.
  Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olmasına baxmayaraq, işğalçı dövlətə bu gün də hərbi dəstəyini əsirgəmir. Bir müddət əvvəl Ermənistana bir milyard dollarlıq hərbi silah-sursat verən Rusiya, daha sonra beş yüz milyon dollar dəyrində hərbi texnika ilə yardım göstərib. Ötən həftə isə, Rusiya  işğalçı dövlət olan  Ermənistanla Gümrü hərbi bazalarında daha 49 il qalmaq barədə müqavilə imzalayıb. Müqaviləyə əsasən, Rusiya işğalçı dövlətə hərbi dəstəyini gücləndirəcək və Ermənistanın bütün sərhədləri daxilində onun təhlükəsizliyini qoruyacaq.
Millət vəkili Gültəkin Hacıbəyli "Səs" qəzetinə müsahibəsində bildirdi ki,  ATƏT-in Minsk Qrupunun üzvü olan Rusiyanın işğalçı dövlətlə hərbi ittifaqı möhkəmləndirməsi Moskvanın məkrli planlarından əl çəkmədiyini göstərir: "Azərbaycan Rusiya ilə yaxın qonşuluq əlaqələrinə hörmətlə yanaşıb. Təəssüf ki, Rusiyanın Ermənistanla hərbi müqavilə imzalaması Azərbaycan- Rusiya münasibətlərinə ciddi maneçilik törədir və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəfsiz, obyektiv bir vasitəçi kimi missiyasına kölgə salır". G.Hacıbəylinin sözlərinə görə, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi beynəlxalq hüquq tərəfindən birmənalı olaraq, tanınır və BMT-nin dörd qətnaməsi ilə öz təsdiqini tapır. Beynəlxalq hüquq normalarına görə, Ermənistan işğalçı, Azərbaycan isə işğala məruz qalmış dövlətdir. İşğalçı dövlətə dəstək vermək, onu silahlandırmaq, xüsusi texnika ilə təhciz etmək, təhlükəsizlik məsələlərində fəal rol oynamaq, əslində, işğalçı dövləti dəstəkləmək deməkdir. Bu addım Rusiyanın Minsk Qrupunun həmsədri kimi nüfuzuna çox ciddi bir zərbə vurur. Çünki demokratiya yolunda addımlarını atan,sülhpərvər missiyalı Azərbaycan dövlətinə qarşı bu cür davranış Rusiyaya yaraşmaz. Bu cür  addımlar beynəlxalq aləmdə Rusiyanı ifşa edir.
G.Hacıbəyli onu da qeyd etdi ki, Rusiya Ermənistanın Cənubi Qafqazda mövcudluğuna təminatçı olub və bu dövləti sıfırdan başlayaraq yaradan dövlətdir. Ermənistan iqtisadiyyatının tam yarısı Rusiyadan asılıdır.
Millət vəkili vurğuladı ki, Ermənistana başqa dövlətlər də pərdəarxası havadarlıq, himayədarlıq edir. Ermənistan bu hərəkətləri həmin o qüvvələrin diqtəsi ilə yerinə yetirir. Əgər Ermənistan hakimiyyəti  bilsə ki, onların bu təcavüzkarlığını, zorakılığını, işğalçılıq siyasətini müdafiə edən hər hansı güclü bir qüvvə mövcud deyil və Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə başlayanda, ona heç kim dəstək  olmayacaq, yəqin ki, cəsarəti çatıb  belə bir alçaq hərəkət etməz. Ermənistan hakimiyyəti çox yaxşı bilir ki, Azərbaycan ordusu qarşısında Ermənistan ordusu çox cılız və aciz durumdadır.
"Serj Sarkisyan hakimiyyəti danışıqların sürətləndiyi məqamda Dağlıq Qarabağın müstəqil dövlət olacağını qeyd edir. Bunu Ermənistanın sülh proseslərini əngəlləməsi kimi dəyərləndirmək olarmı" sualına cavab olaraq, G.Hacıbəyli danışıqlar prosesinin iki tərəfi var.Tərəflərdən biri Azərbaycan, digəri isə, Ermənistandır. Azərbaycan işğala məruz qalmış, Ermənistan isə, işğalçı dövlətdir.  Aydındır ki, bu danışıqların nəticəsinə görə, ən çox məsuliyyət daşıyan tərəf Ermənistandır. Çünki danışıqlar prosesinin nəticələrinə görə, real təklif məhz Ermənistan tərəfindən gəlməlidir. Ermənistan ilk növbədə öz qoşunlarını işğal etdiyi ərazilərdən geri çəkməlidir. Faktiki olaraq, bu gün danışıqlar prosesinin taleyi Ermənistanın beynəlxalq hüquq prinsiplərinə nə dərəcədə konstruktiv yanaşıb-yanaşmamasından asılıdır. Ermənistan tərəfindən müəyyən ittihamlar səslənirsə, bu, o deməkdir ki, Ermənistan işğal etdiyi ərazilərdən çəkilmək fikrində deyil. Ermənistan təkbaşına müharibə apara bilməz. Ola bilsin ki, Ermənistan müəyyən daxili və xarici səbəblərdən siyasi iradə nümayiş etdirə bilmir. Bütün bunlara baxmayaraq, Ermənistan işğal etdiyi ərazilərdən çəkilmək fikrində deyil. Bu bir daha sübut edir ki, bizim danışıqlar prosesi adlandırdığımız danışıqlar imitasiyasıdır. Amma reallıqda hələ ki, heç bir nəticə yoxdur və buna görə də məsuliyyət, sözsüz ki, Rusiyanın daxil olduğu ATƏT-in Minsk Qrupunun həmsədrlərinin üzərinə düşür.
Millət vəkili bildirdi ki, Azərbaycan xalqı heç zaman öz ərazilərinin itkisi ilə barışmayacaq. Beynəlxalq təşkilatlar üzərinə götürdüyü sülh missiyasını həyata keçirməkdə qərarlı deyillərsə, sözsüz ki, Azərbaycan xalqının ərazilərini öz gücü, Silahlı Qüvvələrinin imkanları ilə azad etməkdən başqa seçim imkanı qalmır.

Digər xəbərlər