PDF Oxu

Əsas

  • 13

"Rusiya Ermənistana himayədarlıq etməklə Dağlıq Qarabağ probleminin həllinə mane olur"

"Rusiya Ermənistana himayədarlıq etməklə Dağlıq Qarabağ probleminin həllinə mane olur"
"Ermənilərin Milli Qəhrəman Mübariz İbrahimovun cəsədini qaytarmaması beynəlxalq konvensiyaların kobud şəkildə pozulmasıdır". SİA-ya açıqlamasında bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Milli Qəhrəman Mübariz İbrahimovun cəsədinin Ermənistan tərəfindən qaytarılmamasına və bu məsələdə beynəlxalq təşkilatların susmasına münasibət bildirərkən deyib.
Millət vəkili, hətta İkinci Dünya Müharibəsində bu kimi halların az-az rast gəlindiyini bildirib: "Bu hadisə erməni tərəfinin vəhşiliyini aydın şəkildə bir daha göstərdi. Hərbi əsirlərin, itkin düşmüş şəxslərin, həlak olmuş insanların qaytarılması ilə bağlı beynəlxalq normalar, konvensiyalar var. Hələ Birinci Dünya Müharibəsindən əvvəl dövlətlər bununla bağlı müəyyən razılaşmalar əldə etmişdi. Ermənistan atəşkəsi pozaraq Azərbaycan əsgərini qətlə yetirir və onun cəsədini qaytarmırsa, bu bütün beynəlxalq hüquq normalarının pozulması deməkdir, müharibə qanunlarının pozulması deməkdir. Bu ermənilərin bədxahlığını, erməni simasının nə qədər alçaq olduğunu göstərir. Bütün millət alçaq ola bilməz, milləti alçaldan şəxslər ola bilər və həmin şəxslər bu gün Ermənistan rəhbərliyindədir".
Azərbaycan tərəfinin M.İbrahimovun cəsədinin qaytarılması ilə bağlı atdığı və atacağı addımlara gəlincə, millət vəkili ATƏT-də bu məsələnin qaldırıldığını və qurumun Minsk Qrupuna müraciətin edildiyini bildirib. M.Qurbanlı Mübariz İbrahimova Prezident İlham Əliyev tərəfindən Milli Qəhrəman adının verilməsinin də mühüm əhəmiyyət daşıdığını qeyd edib: "Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatı Milli Qəhrəmanımızın ailəsinə baş çəkib. Təşkilatın təşəbbüsü ilə orada tədbirlər keçirilib. Yeni Azərbaycan Partiyası Milli Qəhrəmanın adının daha yüksək səviyyədə təbliği üçün işlər görüb. Eyni zamanda şəhidimizin cəsədinin qaytarılması istiqamətində hökümət tərəfindən bir sıra addımlar atılıb. ATƏT-in toplantısında qurumdakı nümayəndə heyətimiz bununla bağlı məsələ qaldırıb. ATƏT-in Minsk Qrupuna müraciətlər edilib. Yeni Azərbaycan Partiyası da bu kimi müraciətlərdə iştirak edib. Bu hadisəyə beynəlxalq təşkilatların münasibəti isə təəssüf doğuran haldır. Çünki bu təşkilatlar təcavüzkara, beynəlxalq prinsip və normaları pozan tərəfə təzyiq göstərməlidir. Biz isə bunu hələlik müşahidə etmirik. Güman edirəm ki, Azərbaycanın göstərdiyi cəhdlər öz nəticəsini verəcək".
Rusiyanın Ermənistanla hərbi əməkdaşlığının gücləndirilməsi bütövlükdə region üçün əlverişsiz bir addım olduğunu deyən YAP İcra katibinin müavini bunun Rusiya-Türkiyə münasibətlərinə də xələl gətirən addım olduğunu qey edib. Azərbaycan tərəfindən də Rusiyanın bu addımlarından narahatlıq ifadə olunduğunu dilə gətirən M.Qurbanlı Ermənistanın birtərəfli qaydada silahlandırılmasının bölgədə sülhə xidmət etməyəcəyini vurğulayıb: "Ermənistanı hansısa xarici təcavüzdən qorumaq adı altında bu ölkənin yeni silahlarla silahlandırılması əlbəttə ki, yolverilməzdir. Rusiya ilə də geniş əlaqələrə malikik, strateji əməkdaşlığımız var. Amma təəssüf edirik ki, Rusiya Ermənistana himayədarlıq etməklə, təcavüzkarı şirnikləndirməklə Dağlıq Qarabağ probleminin həllinə mane olur. Təcavüzkarı şirnikləndirmək isə böyük faciələrə səbəb ola bilər".
Millət vəkili Ermənistanın tikmək istədiyi yeni atom elektrik stansiyasının da bölgədə ekoloji vəziyyyətə mənfi təsir edəcəyini bildirib: "Yeni atom elektrik stansiyasını tikmək üçün ilk olaraq Beynəlxalq Atom Enerjisi Təşkilatının razılığı alınmalıdır. Ermənistan seysmik zonada yerləşir. Bu ölkədə olan hazırkı atom stansiyası da çox təhlükəlidir. Yeni bir stansiyasının tikintisi də təhlükədən xəbər verir. Stansiyada istifadə olunacaq su Araz çayına axıdılacaqsa, biz buna qarşı çıxacayıq, etiraz edəcəyik. Azərbaycan Təbii Sərvətlər və Ekologiya Nazirliyi də bununla bağlı müəyyən addımlar atacaq. Stansiyanın tikintisi ilə bağlı söhbətlər gedir, tikintinin başlayıb-başlamayacağı isə dəqiq bilinmir".

Digər xəbərlər