Son illər mətbuatda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması ilə bağlı işlərin aparıldığı barədə fikirlər səsləndirilir. Azərbaycan hökuməti ÜTT-yə üzvlüklə bağlı təkliflərini hazırlayıb. Bu təkliflər ABŞ, Avropa Birliyi, Yaponiya və Cənubi Koreya tərəfindən ÜTT-yə təqdim olunub.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan tərəfi bu təkliflərə baxıb və yeni təkliflər ikitərəfli əsasda həmin ölkələrə təqdim olunacaq: "Avropa Birliyinin verdiyi suallara da cavablar hazırlanıb. Bu cavablar bir daha nəzərdən keçirilir və yaxın zamanlarda ÜTT-nin katibliyinə təqdim olunacaq".
M.Məmmədquliyev onu da söyləyib ki, qanunvericiliyin ÜTT-nin qanunvericiliyinə, sazişlərinə uyğunlaşdırılması istiqamətində də işlər aparılır. Onun fikrincə, Azərbaycan ÜTT-yə inkişaf etməkdə olan ölkə statusunda daxil olmalıdır: "Biz israr edirik ki, Azərbaycan inkişaf etməkdə olan ölkədir və bu statusla da təşkilata üzv qəbul olunmalıdır".
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə isə Azərbaycanın ÜTT-yə üzv qəbul olunmasına hazırlıq prosesində tələskənliyə yol verməməyi bildirdi. Hazırda bununla bağlı tərəflər arasında çətin danışıqların aparıldığını söyləyən komitə sədrinin sözlərinə görə, üzvlük prosesində əsas məsələ təşkilata hansı mərhələdə və hansı şərtlərlə daxil olmaqdır: "Moldova və Qırğızıstanın təcrübəsi göstərir ki, ÜTT-yə tələsik üzv olmaq ölkənin milli iqtisadiyyatına ciddi zərbə vurur. Biz çalışmalıyıq ki, bütün istiqamətlərdə iqtisadiyyatın rəqabətə davamlılığını artıraq. Bunu dövlət başçısı da dəfələrlə vurğulayıb".
Z.Səmədzadə qeyd edib ki, Azərbaycanda hələ az sayda dünya bazarında rəqabət aparmaq iqtidarında olan məhsul istehsal edilir: "Bu istiqamətdə biznesmenlərin sosial məsuliyyəti artırılmalı, əməyin təkmilləşdirilməsi prosesi sürətləndirilməlidir. ÜTT-yə qəbul ölkəmiz üçün çox vacib məsələdir. Azərbaycanın dünya miqyasında tanınmasını və nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunmasını xarici siyasətimizin əsas prioritetlərindən hesab edən Prezident İlham Əliyev, digər qurumlar kimi, ÜTT-yə üzv olmağımızda da maraqlıdır".
Məsələ ilə bağlı münasibət bildirən millət vəkili Vahid Əhmədov beynəlxalq təşkilat haqqında məlumat verərək, bildirdi ki, nüfuzlu təşkilat olan Ümumdünya Ticarət Təşkilatı dünyada ticarət əməliyyatlarının birgə prinsiplər üzərində həyata keçirilməsini təmin edən qurumdur: "Azərbaycanın bu təşkilata daxil olması prosesi 10 ildən artıqdır ki, davam edir. Bunun da, səbəbləri var - ÜTT-yə daxil olmaq bütün ölkələr üçün standart vəziyyət və ya yaxşı perspektiv vəd etməyə də bilər. Bu səbəbdən ekspertlər bu təşkilata bir sıra şərtlər daxilində üzv olmağın zəruruliyini qeyd edirlər".
Nəzərə çatdıraq ki, Azərbaycan ÜTT ilə ikitərəfli və çoxtərəfli danışıqlara məhz bu təşkilata üzv olmaq üçün müraciət etdiyi vaxtdan, 1997-ci ildən baslayıb. Məlumat üçün bildirək ki, MDB ölkələrindən Qırğızıstan, Gürcüstan, Moldova və Ermənistan artıq ÜTT-nin üzvüdürlər.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov Azərbaycanın üzvülüklə bağlı ÜTT-yə 13 ildir müraciət etdiyini söyləyir: "Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvülükdə yubanmaqda maraqlıdır və bu hiss edilir. Çünki qonşu dövlətlər Birləşmiş Ştatlarla və Avropa Birliyi ilə razılıq əldə edib. Deməli, Azərbaycanda da təşkilata üzvülük prioritet məsələ olsa, adıçəkilən ölkələrlə razılıq əldə edə bilər".
Onun sözlərinə görə, ÜTT-yə üzvlüyün yubanması yalnız obyektiv səbəblərlə - Azərbaycanın statusunun inkişaf etmiş və ya inkişaf etməkdə olması, aqrar sektorla bağlı yaşıl və ya sarı zənbil üzrə danışıqların davam etdirməsi ilə bağlı deyil: "Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı siyasi qərar olsa da, son proseslər bəzi qurumların bu üzvülüyün ziyanları ilə bağlı müəyyən fikir formalaşdırmağa çalışdığını göstərir. Təşkilata üzvlüyün yubanması həmin dairələrdə süni şəkildə formalaşdırılan fikirlə bağlıdır. Lakin bu, doğru deyil. Ümumdünya Ticarət Təşkilatına üzvlüyün müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Belə ki, ilkin mərhələdə yerli sahibkarlar daha ciddi rəqabətlə üz-üzə gələcəklər. Nəzərə almaq lazımdır ki, bunun özü də aparılan danışıqlardan asılıdır. Çünki bütün hallarda təşkilata üzv olan ölkələrə güzəşt müddəti verilir".