Parlament seçkiləri: ənənə və müasirlik Azərbaycanda qarşıdan gələn parlament seçkiləri də ədalətli keçiriləcək
Azərbaycnda 1995-ci ildən başlayaraq keçirilmiş parlament seçkilərinin əvvəlki seçkilərlə müqayisədə, beynəlxalq standartlara çatdırılması istiqmətində dövlət tərəfindən kompleks tədbirlər davam etdirilir. Ölkədə seçkilərdən-seçkilərə vətəndaşların siyasi şüuru, seçki mədəniyyətinin daha da artırılması, bu sahədə ardıcıl olaraq, pozitiv məqamları özündə əks etdirir. 1997-ci ildən başlayaraq, müasir beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyinin təsis edilməsi məqsədilə Azərbaycan rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq hökumət ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə yaxından əməkdaşlıq edərək azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi məqsədilə lazım olan tədbirləri reallaşdırıb.
Avropa Şurasının tamhüquqlu üzvü olduqdan sonra ölkəmiz bu əməkdaşlığı daha da genişləndirib. Avropa Şurasının Venesiya Komissiyası ilə birgə əməkdaşlıq nəticəsində seçki qanunvericiliyi daha da təkmilləşdirilərək, bütün beynəlxalq standartlara cavab verə bilən Seçki Məcəlləsi qəbul edilib. Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun yekun rəyində Seçki Məcəlləsinin seçkilərin beynəlxalq meyarlara və ən yaxşı təcrübələrə uyğun olduğu bildirilib.
Ölkədə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinə təminat verən Azərbaycan dövləti parlament mandatı uğrunda seçki marafonuna qoşulacaq namizədlərin sağlam seçki rəqabəti aparmaq üçün seçki praktikasının təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılıb. Hələ 2005-ci ilin noyabrında parlament seçkilərinin keçirilməsi zamanı baş verə biləcək nöqsanlar və qanun pozuntularının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 11 may 2005-ci il tarixli sərəncamı ilə mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin, həmçinin, digər dövlət məmurlarının seçki prosesinə qanunazidd müdaxiləsi qadağan edilib. Parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi, seçkilərə kənar müdaxilələrin qarşısının alınması məqsədilə ölkə Prezidentinin "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 25 oktyabr 2005-ci il tarixli sərəncamı da seçkilərin mütəşəkkil və yüksək səviyyədə keçirilməsinin təmin edilməsinə yönəldilmiş mühüm sənəd kimi xarakterizə edilir. Sərəncamda bu sahədə siyasi qüvvələrlə və beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlığı, seçkilərdən sonra siyasi mənsubiyyətinə görə vətəndaşların təqib olunmasının yolverilməzliyi, bu cür neqativ hallar aşkar edildikdə, onlara qarşı qanunvericiliyə uyğun ciddi mübarizə aparılması qeyd olunur. Parlament mandatı uğrunda seçki marafonunda namizədlərin, televiziya və KİV vasitəsilə bərabər əsaslarla təbliğ olunması, "exit-poll" keçirilməsi üçün lazımi şərait yaradılması, həmin proseslərin gedişinə qanunazidd müdaxilənin qarşısının alınması, seçkilər ərəfəsində vətəndaşların toplaşmaq azadlığının, seçki kampaniyası zamanı və bundan sonra ictimai sabitliyin təmin edilməsi tələb olunmuşdur.
Dövlət başçısının həmin seçki paraktikasına dair müvafiq sərəncamları istər Avropa Şurası və Venesiya Komissiyası, istərsə də, yüksək nüfuzlu digər beynəlxalq qurumlar, eləcə də, hüquq-müdafiə institutlarının təmsilçiləri tərəfindən yüksək dəyərləndirirlər. Seçkiyə hələ bir müddət qalmasına baxmayaraq, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq prosesdə iştirak etməyə qərar verən partiyaların bloku öz namizədlərinin adını açıqlayaraq, bu istiqamətdə iş aparır. Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri də nəzərə alınmaqla qəbul edilən Azərbaycanın seçki qanunvericiliyi ölkədə seçkilərin beynəlxalq meyarlara uyğun keçirilməsinə tam şərait yaradır. Azərbaycan hökumətinin seçkiləri azad, şəffaf və demokratik keçirmək niyyətini bir daha sübut edir. 07 noyabr 2010-cı ilə təyin edilmiş Azərbaycan Respublikasının dördüncü çağırış Milli Məclisinə keçirilən seçkilərin də qanunvericiliyin tələb etdiyi səviyyədə keçirilməsi respublikamızın siyasi həyatının önəmli hadisəsi olacaq. Ölkə Konstitusiyanın bütün tələblərini əldə rəhbər tutan Azərbaycan iqtidarı xalqın iradəsini ümumi, bərabər və birbaşa seçki hüququ əsasında müdafiə etməklə, gizli və şəxsi səsvermə yolu ilə azad, şəffaf seçkilərin keçirilməsində maraqlı tərəf kimi çıxış edir. Təsadüfi deyil ki, cari ilin aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda "Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarının qəbulu zamanı bildirmişdir ki, Azərbaycan ilə Avropa təsisatları arasında əlaqələr daha da yaxınlaşır, Azərbaycan Avropa institutları ilə müxtəlif sahələrdə uzun müddətdir ki, yaxından əməkdaşlıq edir. Ölkə başçısı görüşdə Azərbaycanda növbəti seçkilərin də tam azad, şəffaf, demokratik şəraitdə keçirilməsinə hökumətin hər cür şərait yaradacağını vurğulayıb. Verdiyi vədlərə sədaqət nümayiş etdirən Prezident İlham Əliyevin demokratik ideya və prinsiplərinin ölkədə bərqərar olması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında iyulun 12-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının açılışı da xüsusi qeyd edilməlidir. Binanın açılışında iştirak edən Prezident İlham Əliyev qeyd etmişdir ki, son illər ərzində Mərkəzi Seçki Komissiyası öz işində böyük nailiyyətlər qazanıb. Komissiyanın çox vacib funksiyalarına toxunan dövlət başçısı Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə olduğunu və ən qabaqcıl təcrübəni öyrənilməsinin Azərbaycanda tətbiqini də qeyd edib: "Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulubdur. Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər. Azərbaycanda qarşıdan gələn parlament seçkiləri də ədalətli keçiriləcək, xalqın iradəsi tam şəkildə öz əksini tapacaq və beləliklə, Azərbaycanda demokratiyanın inkişafı prosesində yeni önəmli addım atılacaqdır".
Qarşıdan gələn parlament seçkilərinin demokratik, ədalətli və şəffaf keçirilməsi üçün bütün şərait yaradılması və ən layiqli namizədlərin ölkə parlamentində təmsil olunmasına əsaslı zəmin yaradacaq. Ölkə Konstitusiyasının 1-ci maddəsinə əsasən, Azərbaycanda dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Xalqın sərbəst və müstəqil şəkildə müqəddəratını həll etmək səlahiyyəti onun suveren hüququdur. Əsas Qanunun 2-ci maddəsinin II bəndinə əsasən, Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi bərabər seçki hüququ əsasında sərbəst və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir. Konstitusiyanın 4-cü maddəsində göstərilir ki, xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq və xalqın adından müraciət etmək hüququ yoxdur.