Azərbaycan həqiqətləri dünyada layiqincə təbliğ olunur
Bu gün Azərbaycan dövləti müxtəlif beynəlxalq təşkilatlarla genişmiqyaslı əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurmuşdur. Müasir dünyanın tələblərindən olan bu siyasətin qurulması ölkəmizin inkişafı və beynəlxalq aləmə inteqrasiyası mənasında mühüm əhəmiyyət daşıyır. Belə ki, dövlət siyasətinin aparılması və onun beynəlxalq aləmdə tanıdılması, eləcə də, bəzi problemlərimizin həllində beynəlxalq təşkilatların dəstəyindən yararlanmaq, onların tərkibində mühüm rol oynamaq ölkəmizin bir dövlət olaraq beynəlxalq aləmdə nüfuzunu qaldırmağa yönəlmiş siyasətin bir hissəsidir. Bu gün BMT, ATƏT, AŞ, MDB, GUAM, İKT və s. kimi təşkilatlarda Azərbaycanın layiqincə təmsil olunması xarici siyasətimizin qarşısında duran prioritet məsələdir.
Xüsusilə, İslam Konfransı Təşkilatı ilə Azərbaycan arasında münasibətləri vurğulamaq lazımdır ki, bu münasibətlərin də son dövrlərdə yüksələn bir xətlə inkişaf etdiyini görürük. Bu münasibətlərin də inkişafında İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla xanım Əliyevanın fəaliyyətini xüsusi qiymətləndirmək lazımdır. Leyla Əliyeva qurumda fəaliyyətə başladığı ilk dövrlərdən təşkilatda Azərbaycanın dövlət maraqlarını müdafiə edən və ölkəmizin haqq işini dəstəkləməyə yönəlmiş fəaliyyətilə bir çox uğurlara əl atmış və demək olar ki, qarşıya qoyulan missiyanın layiqincə yerinə yetirilməsində mühüm bir mərhələ qət etmişdir. Qeyd etdiyimiz yüksək fəaliyyəti İKT-nin Azərbaycanla bağlı apardığı siyasətində və qəbul olunan qətnamələrdə də görmək olar. Cari ilin fevral ayında Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı İKT Parlament İttifaqı tərəfindən qətnamə qəbul olunmuşdur ki, onun da qüvvəyə minməsinə 51 ölkənin parlament nümayəndələri səs vermişdir.
Təşəbbüskarının Leyla Əliyeva olduğu "Xocalıya ədalət" kampaniyası çərçivəsində qəbul olunan qətnamə Xocalı faciəsini "erməni silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı kütləvi soyqırımı" və "insanlığa qarşı cinayət" kimi qiymətləndirmişdir. Bu qətnamə ilə Parlament İttifaqına daxil olan ölkələrdə "Xocalıya ədalət" kampaniyasının beynəlxalq səviyyədə tanınmasına və dəstəklənməsinə çağırış da elan olunub. Bu məsələ qətnamənin ayrıca bir bəndini əhatə edir. Qeyd etmək lazımdır ki, bu sənəd Xocalı faciəsini ilk dəfə beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi qiymətləndirən sənəddir. Bu mənada, Leyla xanım Əliyevanın rolunu bir daha qeyd etmək yerinə düşərdi. 2008-ci il may ayının 8-dən etibarən "Xocalıya ədalət" kampaniyasına start verən L.Əliyeva müasir dünyanın ən dəhşətli faciəsi-soyqırımı sayılan Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılmasında bir sıra mühüm addımlar atmışdır. Dialoq və əməkdaşlıq məqsədilə yaradılan bu kampaniya fəaliyyət göstərdiyi dövrdə bir sıra ölkələrdə tədbirlər keçirməklə Xocalı soyqırımının tanıdılması sahəsində böyük irəliləyişlər əldə etmişdir. Artıq bu kampaniya sayəsində Xocalı barədə məlumatı belə olmayan insanlar 1992-ci il 26 fevral soyqırımı barəsində bütün təfsilatları bilirlər. Bu isə Ermənistanın apardığı antiazərbaycan təbliğatına vurulan böyük bir zərbədir.
Azərbaycan xalqı Xocalı qurbanlarının xatirəsini daim yad edir və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün dövlətimiz bütün imkanlardan geniş istifadə edir. XX əsrin sonunda Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı olan Xocalı faciəsi tariximizin ən acı səhifəsi kimi gənclərimizin vətənpərvərlik tərbiyəsində mühüm rol oynamalıdır. Gənclər tarixdən nəticə çıxarmalı, gələcəkdə bu kimi faciələrin bir daha baş verməməsi üçün daha mübariz olmalıdırlar. Xocalı faciəsinin və bütövlükdə ermənilərin Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin konkret tarixi faktlarla gənclərimizin diqqətinə çatdırılması hər bir dövlət orqanının ümdə borcu və vəzifəsi olmalıdır.
Məhz "Xocalıya ədalət" kampaniyası çərçivəsində aparılan məqsədyönlü siyasət nəticəsində bütün bunlara nail olunmuşdur. Kampaniyanın reallaşdırdığı daha bir irimiqyaslı layihə isə bu il Xocalı soyqırımının ildönümü ərəfəsində bununla bağlı rep mahnının yazılması və klipin çəkilməsi oldu. Layihəyə dünya miqyaslı musiqiçilərin qoşulması onun yüksək keyfiyyətlə hzırlanmasına səbəb oldu. Bununla yanaşı, klip dünya miqyasında yayımlanaraq Xocalı həqiqətlərini çatdırmaqla məşğul olur. Təbliğatın çox mühüm bir hissəsini əhatə edən bu layihə böyük uğura imza atdı.
Əlbəttə, ayrı-ayrılıqda kampaniyanın başlanmasından bu günə kimi keçirilən tədbirləri nəzərə alsaq, onların yüksək əhəmiyyətindən danışmaq olar. Lakin əldə olunan nailiyyətlər içərisində İKT Parlament İttifaqının qəbul etdiyi qətnaməni xüsusilə vurğulamaq lazımdır. Çünki bu qətnamənin qəbul olunması Xocalı faciəsinin təkcə təşkilat səviyyəsində deyil, burada təmsil olunan dövlətlər səviyyəsində tanınmasını şərtləndirmiş olur. Bu isə ümumilikdə çox əhəmiyyətli bir hadisə kimi qeyd olunmalıdır. Leyla xanım Əliyevanın bu sahədə göstərdiyi fəaliyyət təkcə islam ölkələrini deyil, eyni zamanda, Qərb ölkələrinin diqqətinə çatdırılmasında yüksək əhəmiyyət kəsb edir. Ümumilikdə Leyla xanımın Heydər Əliyev Fondunun Rusiya təmsilçisi və Rusiyada Azərbaycan Gəncləri Təşkilatının rəhbəri kimi gördüyü işlər əvəzsizdir və yalnız Azərbaycanın maraqlarını təmin etməyi öz qarşısına məqsəd qoymuşdur. Bu ilin fevral ayında, həmçinin, Rusiyada Pompeyevin "Qarabağ gündəliyi" adlı kitabı nəşr olunmuşdur ki, bu kitabın da nəşri və təqdimatı məhz Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmişdir. Rusiya ictimaiyyətində Qarabağ münaqişəsi haqqında obyektiv bir fikir yaradacaq bu kitabın təqdimatı da Azərbaycanın haqq işinin tanıdılmasında mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardımçı olan nümayəndəlik Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında bir vasitəçi rolunu oynayır. Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü bu il dünyanın 100-dən artıq nöqtəsində qeyd olundu. Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun nümayəndəliyi tərəfindən silsilə olaraq təbliğat materialları əsasında bir sıra şəhərlərdə keçirildi. "Xocalı soyqırımı" filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər və müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar nümayiş olundu. "Qarabağ həqiqətləri" bukleti də bu sırada önəmlidir. Buklet Qarabağın tarixi, münaqişənin başlanması, Xocalı soyqırımı, erməni təcavüzünün nəticələri, erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti haqqında ətraflı informasiya almağa imkan verir. Dünya ictimaiyyətinə Xocalı soyqırımı haqqında obyektiv və dürüst informasiya çatdırmağa, ictimai rəyi formalaşdırmağa yönələn belə tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də, xarici kütləvi informasiya vasitələrinin əməkdaşları dəvət olunurlar.
Bütövlükdə yuxarıda sadalanan amilləri nəzərə alaraq, demək olar ki, istər Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, istər İKGF Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru kimi, istərsə də, "Xocalıya ədalət" kampaniyasının təşəbbüskarı kimi çıxış edən Leyla xanım Əliyeva daim öz fəaliyyətində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılımasını prioritet məsələ kimi önə çəkmiş və bu sahədə gördüyü işlərlə əvəzsiz nailiyyətlərə müvəffəq olmuşdur.