PDF Oxu

Əsas

  • 10

Azərbaycan -Türkiyə biznes forumu keçirilib

Azərbaycan -Türkiyə biznes forumu keçirilib
Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyə Xarici Ticarət Müstəşarlığının təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Tədbirdə Azərbaycan və Türkiyə tərəfdən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, ticarət, turizm, qida sənayesi, maliyyə, neft və qaz, tikinti, sənaye və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın iş adamı iştirak edib.
Tədbirdə çıxışına ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamı ilə başlayan iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, ölkədə əlverişli biznes və investisiya mühitinin yaradıldığını, ixrac imkanlarının genişləndiyini bildirib.
Nazir qeyd edib ki, Türkiyə və Azərbaycan arasında siyasi, mədəni, iqtisadi və digər sahələrdə əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Xüsusilə də, son illərdə reallaşdırılan regional əhəmiyyətli layihələr nəticəsində ölkələr daha da yaxınlaşıb.
"Müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 80 mlrd. dollar investisiya yatırılıb ki, bunun da yarısını xarici investisiyalar təşkil edir. Azərbaycan iqtisadiyyatı bu gün Cənubi Qafqaz iqtisadiyyatının 75%-ni təşkil edir", - deyən Ş.Mustafayev Türkiyə şirkətlərinin Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynadığını vurğulayıb. Nazir ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına münbit zəmin yarandığını da qeyd edib.
Türkiyə Respublikasının Xarici Ticarət üzrə dövlət naziri Zəfər Cağlayan Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün real imkanların olduğunu, əməkdaşlığın inkişafında biznes forumların, işgüzar görüşlərin əhəmiyyətini vurğulayıb.
Dağlıq Qarabağ probleminə xüsusi toxunan dövlət naziri "Türkiyə işğal olunmuş torpaqların Azərbaycana qaytarılması və Qarabağ probleminin tezliklə həllini istəyir. Bu, bütün Türkiyənin istəyidir",- deyə bəyan edib.
Dövlət naziri birgə fəaliyyətin müsbət nəticələr verəcəyini söyləyib. Türk şirkətlərinin gəmi inşaatı, kənd təsərrüfatı, inşaat və s. sahələrdə həyata keçirilən layihələrdə iştirakını mümkün sayıb. "Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsini 2,2 milyarddan 5 milyard dollaradək çatdırmaq üçün biz heç bir səyimizi əsirgəməməliyik"- deyə o bildirib.
Tədbirdə AZPROMO-nun prezidenti Adil Məmmədov, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev, Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Orxan Novruzov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkiyənin İxracatçılar Məclisinin direktorunun müavini Bülent Aymen və Azərbaycan-Türkiyə İşgüzar Şurasının rəhbəri Cengiz Gül çıxış edərək iki ölkə sahibkarları arasında əlaqələr barədə məlumat vermiş, işgüzar əməkdaşlığın daha da genişlənməsində özəl bölmənin xüsusi əhəmiyyətini qeyd ediblər.
Tədbirdə, həmçinin, Azərbaycan haqqında film nümayiş olunmuş, yerli şirkətlər tərəfindən Azərbaycanda potensial investisiya layihələrinin təqdimatı keçirilmişdir.

Digər xəbərlər