ABŞ Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatları dəstəkləyir
Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin elan olunmasının 234-cü ildönümü münasibətilə dünən bu ölkənin Bakıdakı səfirliyi rəsmi qəbul təşkil edib. Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Stirlinq qəbulda çıxış edərək bildirmişdir ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında çoxşaxəli və strateji tərəfdaşlıq əlaqələri mövcuddur. ABŞ kimi, Azərbaycan da azadlığa doğru seçim etmişdir və biz inanırıq ki, bu seçim Azərbaycan xalqı üçün müstəqil, sülh və tərəqqi dolu gələcəyi təmin edəcəkdir.
Diplomat deyib ki, Birləşmiş Ştatlar Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatları dəstəkləyir. Təhlükəsizliyin təmin olunmasında, müstəqilliyin möhkəmlənməsində, iqtisadiyyatın inkişafında ABŞ dostu və strateji tərəfdaşı olan Azərbaycana dəstəyini davam etdirəcək. Adam Stirlinq ABŞ dövlət katibi Hillari Klintonun bu yaxınlarda Azərbaycana səfərini xatırladaraq, səfərin ikitərəfli əlaqələrin genişlənməsinə böyük töhfə olduğuna əminliyini vurğulayıb. Diplomat qlobal təhlükəsizliyin təmin olunması sahəsində və terrorizmə qarşı mübarizədə Azərbaycanın rolunu yüksək qiymətləndirib. Maliyyə naziri Samir Şərifov rəsmi qəbulun iştirakçılarını Azərbaycan hökuməti adından təbrik edib, Amerika xalqına sülh və firavanlıq arzulayıb. Samir Şərifov qeyd edib ki, Azərbaycan-ABŞ münasibətləri enerji, təhlükəsizlik və humanitar sahələrdə strateji xarakter alıb. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycan-ABŞ əlaqələrinin daha da genişlənməsinə, demokratiyanın inkişafına və terrorçuluğa qarşı mübarizədə səylərin artırılmasına böyük töhfələr verib. Nazir bildirib ki, ölkələrimiz arasında bu günədək 68 sənəd imzalanıb. Bu sənədlər münasibətlərimizin daha da dərinləşdirilməsi üçün hüquqi baza yaradıb. Azərbaycan hökuməti son dövrlər ikitərəfli əlaqələrdə intensivləşməni və dialoqu çox yüksək qiymətləndirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan S.Şərifov, ölkəmizin 20 faiz torpağının hələ də işğal altında qaldığını xatırladıb, ABŞ-ın, ümumiyyətlə beynəlxalq birliyin münaqişənin həllində səylərini artırmağının zəruriliyini vurğulayıb. Rəsmi qəbulda Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov və Novruz Məmmədov, nazirlər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.