Milli Məclis növbəti mətbuat konfransını keçirdi
Dünən Milli Məclisin 2010-cu ilin yaz və növbədənkənar sessiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirildi. Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu tədbiri açıq elan etdi və hər iki sessiya müddətində parlamentlə sıx əlaqə saxladıqlarına, keçirilən tədbirləri əhatəli və obyektiv işıqlandırdıqlarına görə media nümayəndələrinə təşəkkürünü bildirdi.
Milli Məclis sədrinin müavini Bahar Muradova əvvəlcə Azərbaycan mətbuatının 135 illik yubileyi münasibəti ilə Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan söz açdı və media təmsilçilərini peşə bayramları münasibəti ilə təbrik etdi, onlara uğurlar arzuladı. Sonra vitse-spiker 2010-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin fəaliyyəti barədə ətraflı məlumat verdi. B.Muradova onu da vurğuladı ki, sessiyalar dövründə, ümumilikdə, parlamentin 14 iclası keçirilmiş, 120 qanun və qərar qəbul olunub. Bu sənədlər ölkədə həyata keçirilən demokratik, hüquqi, iqtisadi və sosial islahatların qanunvericilik bazasının daha da möhkəmləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edir. Bu dövrdə parlamentdə 34 beynəlxalq müqavilə və konvensiya ratifikasiya olunmuşdur. Qeyd olundu ki, ötən dövrdə Milli Məclis ölkədə demokratiyanın daha da dərinləşməsinə xidmət edən əsas qanuna - Konstitusiyaya uyğun olaraq nəzərdə tutulmuş qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirmişdir. Parlament öz fəaliyyətini əsası ulu öndər tərəfindən qoyulmuş prinsiplər əsasında quraraq ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyatın müxtəlif sahələrində aparılan islahatların hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində əməli addımlar atmış, öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişdir.
B.Muradova onu da söylədi ki, hakimiyyətin mühüm qollarından biri kimi parlament ölkə həyatında baş verən ictimai-siyasi proseslərdə fəal iştirak etmiş, regionda və dünya miqyasında Azərbaycanın milli maraqları ilə bağlı hadisələrə münasibət bildirmişdir. Azərbaycan ictimaiyyətində dərin narahatlıq doğuran ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı"na dair qəbul etdiyi qərarla əlaqədar Milli Məclis Konqresə müraciət edərək, erməni lobbisinin maraqlarına xidmət edən bu addımı Cənubi Qafqazda yeni problemlərə yol aça biləcək hal kimi dəyərləndirmişdir. Məlum olduğu kimi, sonrakı mərhələdə bu proses dayandırılmışdır: "Milli Məclis üzvləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına ciddi-cəhdlə çalışmış, Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" kampaniyasında fəal iştirak etmiş, faciənin 18-ci ildönümü münasibəti ilə təşkil olunmuş tədbirlərə qatılmaq üçün Rusiyada, Almaniyada, Fransada, Belarusda, Polşada, Çexiyada və dünyanın digər ölkələrində səfərlərdə olmuş, müxtəlif tədbirlərə qatılmışlar".
Daha sonra B.Muradova yaz və növbədənkənar sessiyalar müddətində qəbul edilən, hüquqi, sosial, aqrar, iqtisadi və digər sahələri əhatə edən sənədlərdən geniş söhbət açdı: "Bu dövrdə Milli Məclisdə qəbul olunan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında", "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanunlarının, "Seçki Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" sənədin qəbulunun əhəmiyyətini diqqətə çatdırdı. O, "Məişət zorakılığının qarşısının alınması haqqında", "Fərdi məlumatlar haqqında" qanunların qəbulu və Avropa Şurasının "İnsan alverinə qarşı mübarizə haqqında" Konvensiyasına qoşulmanın insan hüquqlarının qorunması sahəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Qeyd olundu ki, bu sənədlər hazırlanarkən aparıcı dünya ölkələrinin təcrübəsi, milli şərait nəzərə alınmış, bu sahənin mütəxəssisləri, ekspertlər və hüquqşünaslarla fikir mübadiləsi aparılmışdır".
Milli Məclis sədrinin müavini bildirdi ki, bu dövrdə parlamentdə ölkənin İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) illik məruzəsi dinlənilmiş və ombudsman yenidən seçilmiş, Zakir Qaralovun Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq verilmiş, Konstitusiya Məhkəməsi hakimlərinin, Ali Məhkəmə hakimlərinin, Naxçıvan MR Ali Məhkəməsi hakimlərinin, Apelyasiya Məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qərarlar qəbul edilmişdir".
B.Muradova müdafiə sahəsində qəbul edilən sənədlərdən söz açdı. Qeyd etdi ki, cəmiyyətdə səbirsizliklə gözlənilən müstəqil Azərbaycanın Hərbi Doktrinası parlamentdə keçirilən müzakirələrdən sonra Milli Məclisin qərarı ilə təsdiq olundu. Bu sahəyə aid digər mühüm əhəmiyyətli sənədlər - "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlara iştirakı haqqında", "Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında" sənədlərin qəbulu olunduğunu vurğuladı. Vitse-spiker bu dövrdə bir sıra rayonların inzibati ərazi bölgüsündə və adında dəyişiklik olunduğu, Xaçmaz, Qax və Zaqatala rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edildiyi, Dəvəçi rayonunun Şabran, Bakı şəhərinin Əzizbəyov rayonunun Xəzər rayonu adlandırılması haqqında qanunların qəbul edildiyi media təmsilçilərinin nəzərinə çatdırdı.
Mətbuat konfransında o da diqqətə çatdırıldı ki, ötən dövrdə parlamentin diqqət mərkəzində olan sənədlərdən biri də ölkənin əsas maliyyə sənədi - büdcə ilə bağlı "2009-cu il dövlət büdcəsinin icrası haqqında", "2010-cu il dövlət büdcəsi haqqında", "2010-cu il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik edilməsi barədə" qanunların qəbulu olmuşdur. Eyni zamanda, bu dövrdə Nazirlər Kabinetinin 2009-cu ildə fəaliyyəti haqqında hesabatı barədə, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin təyin edilməsi, Hesablama Palatasının hesabatı haqqında qərarlar da qəbul olunmuşdur. Bununla yanaşı, iqtisadi münasibətləri tənzimləmək, bu sahənin hüquqi bazasını təkmilləşdirmək məqsədi ilə parlamentdə "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında" və "Su təchizatı və tullantı suları haqında" qanunlara əlavələr edilməsi barədə, Mülki Məcəlləyə dəyişiklik və əlavələr edilməsi barədə, "Dövlət vergi orqanlarına xidmət haqqında" Əsasnaməyə əlavə edilməsi haqqında, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" mühüm əhəmiyyətli qanun qəbul edilmişdir. Əhalinin sağlamlığının qorunması, əmək şəraitinin yaxşılaşdırılması və sosial məsələlər də parlamentin diqqət mərkəzində olmuşdur. Uzun müddət davam edən monitorinqin nəticəsi olaraq Əmək Məcəlləsinə və Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri parlamentdə müzakirə olunaraq qəbul olunmuşdur. Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər və əlavələr bilavasitə işçi və işəgötürən arasında yaranan əmək münasibətlərinin daha səmərəli tənzimlənməsinə, işçilərin hüquqlarının qorunmasına xidmət edir: "Bu dövrdə "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında"; "Gənclər siyasəti haqqında"; "Sosial sığorta haqında"; "Uşaq hüquqları haqqında"; "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında"; "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında"; "Əmək pensiyaları haqqında" qanunlara əlavə və dəyişikliklər edilmişdir. Bu dövrdə Mili Məclisdə, həmçinin, bir sıra beynəlxalq əhəmiyyətli sənədlər - sazişlər, konvensiyalar, müqavilələr və protokollar təsdiq edilmişdir. Onlardan Azərbaycan Respublikası Prezidentinin və Sloveniya Respublikası Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında, İslam Konfransı Təşkilatının Nizamnaməsinin təsdiq edilməsi haqqında, Azərbaycan Respublikası Hökuməti və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyi (TürkPA Katibliyi) arasında yerləşmə haqqında" Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası və Səudiyyə İnkişaf Fondu arasında Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə" Kredit Sazişinin təsdiq edilməsi haqqında, "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında" Müqavilənin təsdiq edilməsi barədə, "Olimpiya simvolunun qorunması haqqında" Nayrobi Müqaviləsinə qoşulmaq barədə sənədləri göstərmək olar".
B.Muradova yaz və növbədənkənar sessiya dövründə parlamentə 2691 təklif, ərizə və şikayət daxil olduğunu, Milli Məclisdə 2861 vətəndaşın qəbul edildiyini də mətbuat nümayəndələrinin nəzərinə çatdırdı. Qeyd olundu ki, parlamentdə vətəndaşların bütün yazılı və şifahi müraciətlərinə diqqətlə yanaşılmış, qaldırılan məsələlərin həlli üçün mövcud olan imkanlardan səmərəli istifadə edilməsi üçün səylər artırılmışdır.
Sonra vitse-spiker yaz və növbədənkənar sessiyalarda parlamentin beynəlxalq əlaqələrinin inkişafı istiqamətində atılan əməli addımlardan, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyətlərinin, eləcə də, millət vəkillərinin xarici ölkələrə səfərlərindən, beynəlxalq təşkilatların işində iştirakından, Milli Məclisdə keçirilən xarici ölkələrin və beynəlxalq təşkilatların təmsilçiləri ilə görüşlərdən, parlamentdə müxtəlif mövzularda keçirilən "dəyirmi masa", dinləmə və seminarlardan söhbət açdı. Bildirdi ki, ötən dövrdə parlamentdə müxtəlif mövzularda dəyirmi masalar və seminarlar təşkil olunmuş, ölkə ictimaiyyətini maraqlandıran məsələlər ətrafında diskussiyalar aparılmışdır. Hər zaman olduğu kimi, parlamentdə keçirilən qanun layihələri, onların əhatə etdiyi sahələr, eləcə də, bir sıra ictimai-siyasi əhəmiyyətə malik məsələlərə dair müxtəlif müzakirələr və dinləmələr uğurlu olmuşdur. Keçirilən bütün tədbirlərin mətbuata açıq və şəffaf olduğunu bildirən B.Muradova bəzi məsələlərin ictimai müzakirəsinin keçirilməsində mətbuatın köməyinə görə Milli Məclisin işini işıqlandıran jurnalistlərə bir daha parlament rəhbərliyi adından təşəkkür etdi.
Mətbuat konfransında çıxış edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev "Eks prezidentlərin statusu haqqında" qanun layihəsi ilə bağlı məlumat verdi: "Eks prezidentlərin statusu haqqında" qanun layihəsi Prezident Administrasiyasındadır. Hazırda bu sənəd üzərində aparılan iş yekunlaşmaq üzrədir". Onun sözlərinə görə, sənəd Milli Məclisə daxil olandan sonra müzakirəyə çıxarılacaq. S.Mirzəyev qanun layihələri səsə qoyulan zaman parlamentin əməkdaşlarının deputatların əvəzinə səs verməsi ilə bağlı məsələyə də aydınlıq gətirib: "Mən aparatın əməkdaşlarına bunu qadağan etmişəm. Əgər belə hal varsa, ölçü götürə bilərik".