PDF Oxu

Əsas

  • 11

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülür

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülür

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar hökumət komissiyasının yaradılması ilə bağlı sərəncam imzalayıb. Hökumət komissiyası əhaliyə dəyən ziyanın aradan qaldırılması, mövcud problemlərin yoluna qoyulması və üzləşilən digər çətinliklərin həll olunmasında nə kimi köməkliklər göstərə biləcək? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərmizə müraciət etdik.

Aydın Mirzəzadə,
millət vəkili:

- Ən əsası, təbii fəlakətlə bağlı dövlət informasiyanı cəmiyyətdən gizlətmədi. Həm dövlət, həm kütləvi informasiya vasitələri ilə hər bir kəs orada nə baş verdiyini, hansı yollarla bu fəlakətin qarşısının alındığını və ümumiyyətlə, dövlətin baş vermiş təbii fəlakətlə bağlı nə kimi tədbirlər gördüyü ilə cəmiyyət məlumatlandırıldı. Prezidentin iki dəfə bununla bağlı müşavirə keçirməsi, bir dəfə isə fəlakət zonasına gedib hadisəylə yerində tanış olması diqqətəlayiq bir hadisədir. Operativ şəkildə bu fəlakətin qarşısının alınması profilaktik tədbirlər görülməsi üçün dövlət səviyyəsində komissiya yaradıldı. Mətbuatımızın bu fəlakətlə bağlı verdiyi xəbərlərə görə, burada, ilk növbədə, fəlakətin həcmi müəyyənləşdirilir, yəni həm bölgələrdə yaranan problemlərin qarşısının alınması, həm də sonradan baş verən təbii fəlakət nəticəsində insanlara dəyən ziyanın ödənməsi üçün, dövlətimiz konkret işlər görmək fikrindədir. İkincisi isə, gələcəkdə əgər bu cür fəlakət baş verərsə, onun qarşısını almaq üçün müvafiq addımlar atılması nəzərdə tutulub. Qeyd edim ki, bu günlər də parlamentdə Prezidentin təqdimatı ilə 2010-ci il üçün dövlət büdcəsinə yenidən baxılmasının, müzakirəsi keçirildi və təsdiqləndi. Builki büdcə ötənilkinə nisbətən milyard yarım manatdan daha artıq oldu. Bunun dörd yüz milyon manata qədəri ancaq baş vermiş fəlakətin qarşısının alınması və ilkin addımların atılmasına yönəldilmiş oldu. Yəni, göründüyü kimi, dövlət nəinki operativ komissiya yaratdı, eyni zamanda, bu istiqamətdə işlər görməyə başlayır. Hesab edirəm ki, tədricən biz bu istiqamətdə görülən işlərin nəticələrini görəcəyik və eyni zamanda, görülən işlərlə bağlı tam məlumatlı olacağıq.

Elman Nəsirov,
politoloq:

- Hər zaman təbii fəlakətlər baş verə bilər. Yəni, bundan heç bir dövlət sığortalanmayıb və dünyanın siyasi xəritəsinə nəzər yetirsək, görərik ki, əksər ölkələrdə də təbii fəlakətlər, daşqınlar baş verir. Azərbaycanda Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə bağlı olaraq, ölkə Prezidenti İlham Əliyev hadisə yerində müşavirə keçirib və bu barədə lazımi tapşırıqlarını verib. Təbii fəlakətin tamamilə aradan qaldırılması üçün hökumət komissiyası yaradıldı və komissiya bu məsələ ilə bağlı öz fəaliyyətinə başlayıb. Hesab edirik ki, belə hallardan heç bir dövlət sığortalanmayıb və istisna deyildir ki, gələcəkdə də buna oxşar hadisələr baş verə bilər. Bildiyiniz kimi, iyun ayının 18-i Milli Məclisdə Azərbaycanın dövlət büdcəsinə yenidən baxıldı və baş verən hadisələr və su basmış ərazilərlə bağlı əlavə vəsait də ayrıldı. Bir sözlə, hesab edirik ki, bununla bağlı lazımi mexanizm yaradılıb.

Digər xəbərlər