PDF Oxu

Əsas

  • 16

Milli Məclis 2010-cu il dövlət büdcəsinə dəyişiklik etdi

Milli Məclis 2010-cu il dövlət büdcəsinə dəyişiklik etdi

Dünən Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirildi. İclasda öncə, parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov üçüncü oxunuşda müzakirəyə çıxarılan "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu layihəsi barədə məlumat verdi.
Müzakirələrdə çıxış edən millət vəkilləri bu qanun layihəsinin son dərəcə vacib sənəd olduğunu vurğuladılar. Qanun layihəsi millət vəkillərinin səs çoxluğu ilə təsdiqləndi.
Gündəlikdə duran ikinci məsələ - "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklərin edilməsi barədə layihə müzakirəyə çıxarıldı.
Milli Məclisin sədri Oqtay Əsədov 2009-cu ildə dünyadakı maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlılığını qoruyub saxlaya bildiyini söylədi. Azərbaycan ÜDM-in artım tempinə görə, MDB-də lider dövlət olub. Ölkənin strateji valyuta ehtiyatlarının həcmi 19 milyard dollara çatıb. 2010-cu ilin dövlət büdcəsi layihəsində mövcud reallıqlar nəzərə alınaraq hazırlanıb. Büdcə sosialyönümlü, investisiya tutumlu və müdafiə xarakterlidir.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə hökumətin gələn ilin göstəricilərinə kifayət qədər təmkinlə yanaşdığını bildirdi. Komitə sədri bildirdi ki, hökumət 2010-cu ilin dövlət büdcəsini hazırlayarkən daha asan yol seçərək neftin qiymətini daha yuxarı götürüb rəqəmləri şişirdə bilərdi. Amma haqlı olaraq buna gedilməyib. Əksinə, hökumət büdcə xərclərinin strukturunun təkmilləşdirilməsinə çalışıb. İnvestisiya tutumlu bəzi layihələrin icrası növbəti illərə təxirə salınıb. Z.Səmədzadə onu da vurğuladı ki, büdcədəki azalma iqtisadiyyatın inkişafı üçün əngələ çevrilməyəcək. Əksinə, ölkədəki iqtisadi artım gələn il də davam edəcək.
Komitə sədri büdcə gəlirlərinin formalaşdırılmasında Dövlət Gömrük Komitəsinin öhdəliklərinin 200 milyon manat azaldılaraq 1,3 milyarddan 1,1 milyarda endirilməsinin də obyektiv qərar olduğunu bildirdi. Onun sözlərinə görə, bunu mövcud reallıqlar diktə edir. Belə ki, dünyadakı böhranla əlaqədar ölkənin ticarət dövriyyəsinin həcmi azalıb. İlin 9 ayı ərzində Azərbaycan dünyanın 132 ölkəsi ilə 14 milyard 365 milyon dollarlıq ticarət əməliyyatları aparıb. Bu, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 67,5 faiz azdır. Bu səbəbdən də ilin 9 ayında Dövlət Gömrük Komitəsi büdcə öhdəliklərini təxminən 91 faiz icra edib.
Z.Səmədzadə gələn il təhsil xərclərinin 15,6 faiz azaldılmasının da hökumət tərəfindən izah olunduğunu bildirdi. Onun sözlərinə görə, hökumət bu sektorda ştat vahidlərinin azaldılmasını planlaşdırır. Ümumi azalmaya baxmayaraq, gələn il texniki peşə təhsilinin maliyyələşdirilməsi xərcləri artırılacaq. Komitə sədri bunu müsbət amil kimi vurğuladı. Onun sözlərinə görə, gələn ilin büdcəsində orta məktəblərdəki 1 şagirdin təhsili üçün 500 manat, ali təhsil alan tələbələrin 1 nəfərinin təhsili üçün isə 1250 manat ayrılıb.
Komitə sədri Z.Səmədzadə gələn il üçün proqnozlaşdırılan 3 faizlik inflyasiyanın real olduğunu bildirdi. Onun sözlərinə görə, bu rəqəmlə bağlı mübahisə etmək olar. Amma reallıq budur ki, inflyasiyanın cilovlanması üçün həyata keçirilən dövlət tənzimləməsi öz müsbət effektini verməkdədir. Artıq hökumət inflyasiyanı idarə edə bilir. Bununla belə, komitə sədri bildirdi ki, yüksək inkişaf olan yerdə inflyasiya da qaçılmazdır. Onun sözlərinə görə, Azərbaycan istər-istəməz inkişaf inflyasiyasını qəbul etməlidir.
Z.Səmədzadə büdcədə xarici borclarla bağlı müəyyənləşdirilən siyasətin də doğru olduğunu bildirdi. Onun sözlərinə görə, dünyada ən az xarici borcu olan ölkələrdən biri də Azərbaycandır. Belə ki, bu il 7 milyard 397 milyon manatlıq xarici borc müqaviləsi imzalanıb ki, bunun da cəmi 3,3 milyardından istifadə olunub. Beləliklə, bu il Azərbaycanın xarici borcu ÜDM-in cəmi 8,7 faizini təşkil edib. Estoniyada bu rəqəm 108 faiz, Rusiyada 34 faiz, Latviyada 130 faiz təşkil edib. Komitə sədri bildirdi ki, sevindirici haldır ki, xaricdən alınan borcların əksəriyyəti qeyri-neft sektoruna yönəldilib.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov 2010-cu ilin büdcə göstəriciləri barədə məlumat verdi. O, qeyd etdi ki, 2010-cu ildə dövlət büdcəsinin gəlirləri 10 milyard 15 milyon manat, xərcləri 11 milyard 264 milyon manat proqnozlaşdırılır. Gələn ilin büdcə gəlirləri 2009-cu ilə nisbətən 8,8 faiz az olacaq. Xərclər isə 2009-cu ilin proqnozuna nisbətən 16,8 faiz az proqnozlaşdırılır. Nazir dedi ki, 2010-cu il dövlət büdcəsinin kəsiri 1 milyard 249 milyon manat nəzərdə tutulur. Bu, ÜDM-in 3,9 faizi həcmindədir. Kəsirin maliyyələşdirilməsi üçün xarici və daxili borclanmadan, özəlləşdirmədən gələn gəlirlərdən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar hesabına həyata keçiriləcək. S.Şərifov bildirdi ki, büdcə layihəsi qlobal maliyyə böhranının mənfi təsirləri nəzərə alınaraq hazırlanıb. Layihə tərtib olunarkən ölkənin əsas makroiqtisadi göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyəti, daxili və xarici amillər, o cümlədən, böhranın 2009-cu ildə Azərbaycan iqtisadiyyatına təsiri qiymətləndirilib.
Nazir çıxışı zamanı onu da söylədi ki, gələn il dünyanın böhrandan çıxmağa başlayacağı, neft və qazın qiymətinin ədalətli həddə çatacağı və bunların Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcəyi proqnozlaşdırılır. Büdcə layihəsi indiyədək əldə olunmuş iqtisadi nailiyyətlərin böhran şəraitində qorunmasına, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin artırılmasına, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə və ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlib. Layihədə xərclərin 58,6 faizi cari, 38,9 faizi əsaslı, 2,5 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək. 2010-cu ilin dövlət büdcəsindən məqsədli dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı üçün büdcənin 39,4 faizi həcmində - 4 milyard 436 milyon manat vəsait ayrılacaq. Gələn il yeni yaradılan Prezident yanında Elmin İnkişafı Fonduna 7 milyon manat, məktəblərin İKT ilə təminatı üçün 16,4 milyon manat, ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması üçün 8 milyon manat vəsait nəzərdə tutulur.
S.Şərifov qeyd etdi ki, gələn il ünvanlı sosial yardımların və digər sosial xarakterli addımların maliyyələşdirilməsi üçün 364 milyon manat vəsait ayrılacaq. Onun sözlərinə görə, gələn il ölkənin hərbi potensialının gücləndirilməsi prioritet istiqamətlərdən olacaq. Ordunun maddi-texniki bazasının yaxşılaşdırılması siyasətinin davamı olaraq 2010-cu ildə müdafiə xərcləri dövlət büdcəsi xərclərinin 10,7 faizi həcmində olacaq. Yəni gələn il müdafiə xərcləri bu ilə nisbətən 0,7 faiz artırılacaq. Gələn il yolların yenidən qurulması və təmiri məqsədilə büdcədən 352 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Ayrılmış vəsaitin 148 milyon manatı rayon və şəhərlərdəki yolların təmiri və tikintisinə yönəldiləcək.
S.Şərifov, həmçinin, onu da vurğuladı ki, xərclərin artırılmasına bir sıra amillər əsas verir. Kür və Araz çaylarının yaratdığı sel fəlakətinin fəsadlarının aradan qaldırılması və gələcəkdə analoji halların baş verməməsi üçün tədbirlərin maliyyələşdirilməsinə 300 mln. manat ayrılır: "Müdafiə xərclərinə 400 mln. manat əlavə ediləcək. Bu, geosiyasi vəziyyət nəzərə alınaraq ölkənin müdafiə potensialının yüksəldilməsi məqsədi daşıyır. Naxçıvanda bir sıra infrastruktur layihələrinin həyata keçirilməsinə 17 mln. manat, yol layihələrinin başa çatdırılması, Bakı şəhərində tarixi əhəmiyyətli binaların bərpası, rayonlarda su və kanaliza siyasistemlərinin yaxşılaşdırılmasına 129 mln. manat, elmə 3 mln. manat, səhiyyəyə 10 mln. manat ayrılır. Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsinin dotasiyası 2,7 mln. manat artırılacaq. Dövlət büdcəsinin kəsiri ÜDM-in 2,3%-ni təşkil edəcək".
Daha sonra çıxış edən millət vəkilləri büdcəyə dəyişikliklərlə bağlı fikrlərini bildirdilər.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Azərbaycanın düzgün pul krediti və vergi siyasətinin həyata keçirilməsinin böyük uğurların əldə edilməsinə gətirib çıxardığını söylədi: "Baş verən proseslər göstərdi ki, Azərbaycanın dövlət büdcəsi heç də neftin qiymətindən asılı deyil.

Neftin qiymətinin artması və azalması Azərbaycan büdcəsinə, iqtisadiyyatına həlledici təsir göstərmir. Çünki Azərbaycanda həyata keçirilən siyasət nəticəsində qeyri-neft bölməsinin inkişafı nəticə etibarı ilə vergi daxilolmaları üçün əlverişli şərait yaratmışdır".
2010-cu il dövlət büdcəsi ilə bağlı bəzi məqamlara toxunan M.Qurbanlı onu da vurğuladı ki, cari ilin dövlət büdcəsində büdcə kəsiri 2,3 faiz civarında proqnozlaşdırılıb: "Bu rəqəmin özü Azərbaycan büdcəsinin, iqtisadiyyatının nə qədər yüksək səviyyədə olduğunu göstərir.
Eyni zamanda, büdcəyə növbəti əlavə və dəyişikliklərin edilməsindən sonra daxil olacaq vəsaitin bölüşdürülməsi zamanı da sosial proqramların qorunub saxlanılması istiqamətində ciddi, əhəmiyyətli addımlar atılıbdır. Burada iki mühüm istiqamət üzrə büdcəyə daxil olan vəsaitin sərf olunması nəzərdə tutulubdur ki, bu da təqdirəlayiqdir: müdafiə xərclərinin artırılması və təbii fəlakətlə bağlı yaranmış problemlərin həllinə ayrılmış vəsaitin ayrılmasıdır".
M.Qurbanlı neftin qiymətinə edilən düzəlişin də məntiqə uyğun olduğunu vurğuladı. Onun sözlərinə görə, neftin qiymətinin də, praktiki olaraq, aşağı enməyəcəyi gözlənilir: "Bütövlükdə, bu dəyişikliklər büdcə ilə qəbul etdiyimiz qanunlara uyğundur".
Müdafiə xərclərinin artırılmasının doğru addım olduğunu deyən millət vəkili Zahid Oruc hərbçilərin, zabit və gizir heyəti, onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində daha geniş tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğuladı.
Deputat Cəmil Həsənli isə əhalinin sovet dövründə banklara qoyduğu əmanətlərin qaytarılmasına şərait yarandığını qeyd etdi. C.Həsənli bildirdi ki, artıq bunun üçün əlverişli mühit yaranıb və dövlətin bu vəsaiti qaytarmaq imkanı var.
Daha sonra qanun layihəsi səs çoxluğu ilə təsdiq olundu.

Seçki Məcəlləsinə dəyişikliklər edildi

Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı layihəni parlament üzvlərinə Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov təqdim etdi. Ə.Hüseynov bildirdi ki, Seçki Məcəlləsinə, əsasən iki dəyişikliyin edilməsi təklif olunur. Bunlardan biri seçki müddətinin 75 gündən 60 günə qədər endirilməsi, ikinci təklif isə seçkidə namizədlərə dövlət tərəfindən vəsait ayrılmasının məcəllədən çıxarılması ilə bağlıdır. Məcəllənin 8.1-ci maddəsində seçki müddətinin azaldılması ilə bağlı edilən təklif paralel olaraq digər maddələrdə də dəyişiklik zərurəti yaradır. Belə ki, seçki müddəti 75 gündən 60 günə qədər azaldıldığından, təbliğat müddəti də 28 gündən 23 günədək azaldılır. Təkliflərdə deyilir: "Seçki dairələri seçkilərin (referendum) keçirilməsindən bilavasitə əvvəl yaradılarsa, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri seçkilər (referendum) gününə ən azı 55 gün qalmış təsdiq edilməli və seçki (referendum) gününə ən azı 50 gün qalmış dərc edilməlidir.
YAP İcra katibi, millət vəkili Əli Əhmədov bu dəyişikliklərin seçkilərin təkmilləşdirilməsi, səmərəliliyin artırılması, beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət etdiyini söylədi. Ə.Əhmədov onu da vurğuladı ki, artıq Azərbaycanda bir neçə ildir ki, seçki praktikası və qanunvericiliyi təkmilləşdirilir. Burada məqsəd seçki praktikasını inkişaf etdirmək və dünya təcrübəsinə uyğunlaşdırmaqdır. Seçki Məcəlləsinin tənzimlədiyi iki məsələ ilə əlaqədar təkliflər irəli sürülüb: "Birinci təklif seçki kampaniyası üçün ayrılan vaxt müddətinin 75 gündən 60 günə endirilməsi ilə əlaqədardır. Təklif olunan ikinci dəyişiklik isə seçki kampaniyasına qoşulan namizədlərə Mərkəzi Seçki Komissiyası tərəfindən verilən vəsaitlərin ləğv edilməsi ilə bağlıdır. Bir daha qeyd etmək istəyirəm ki, bu təkliflərin arxasında duran məqsəd və niyyət Azərbaycanda seçki praktikasını təkmilləşdirməkdir. Hesab edirik ki, Azərbaycanda seçki praktikası və seçki kampaniyasını həyata keçirən müvafiq seçki administrasiyası kifayət qədər böyük təcrübə toplayıb, səriştəsi əhəmiyyətli dərəcədə yüksəlibdir və bu mənada seçki kampaniyasını yüksək keyfiyyətlə və qanunvericilikdə nəzərdə tutulan bütün müddəaların nəzərə alınması şərtilə həyata keçirmək iqtidarına malikdir. Dünya praktikasının öyrənilməsi onu göstərir ki, seçki kampaniyasının müddətləri kifayət qədər ölçülüb biçilmiş və bütövlükdə seçki kampaniyasının səmərəli şəkildə həyata keçirilməsini təmin edən bir vaxt çərçivəsinə yerləşdirilib. Biz dünya praktikasını öyrənərkən belə bir reallıq ortaya çıxdı ki, Azərbaycandan həm ərazisi, həm də əhalisi çox olan ölkələrin özündə belə seçki kampaniyalarının keçirilməsi üçün ayrılan vaxt müddəti 60 gün çərçivəsindədir və ya daha azdır. Hesab etdik ki, seçkilərin keçirilməsi üçün 2 ay zaman müddətinin ayrılması heç bir halda onun demokratik mahiyyətinə xələl gətirmir və gətirə bilməz. 60 gün demokratiya prinsipləri də daxil olmaqla bütün seçki prinsip və normalarına tam riayət edilməsi üçün yetərlidir. Bu fikri beynəlxalq praktika təsdiq edir. Müxalifət və beynəlxalq təşkilatlar da daxil olmaqla heç kim səsvermənin nəticələrinin az vaxt içərisində elan olunmasına qarşı çıxmır, onu qeyri-demokratik hal saymır. Heç bir prosedur pozuntularına yol vermədən və seçki imkanlarını məhdudlaşdırmadan, dünya praktikasına istinad edərək, vaxt amilindən səmərəli istifadə etmək təklifinə qarşı çıxmaq, düşünürəm ki, səmərəsizdir".
Ə.Əhmədov onu da əlavə edərək vurğuladı ki, düzgün seçim etmək üçün uzun fikirləşməyə ehtiyac yoxdur.
Vitse-spiker Bahar Muradova isə dəyişikliklərin əleyhinə olan deputatlara Danimarka təcrübəsini misal göstərdi. Vitse-spiker bildirdi ki, bu ölkədə seçki müddəti 2 həftədir və heç kim düşünmür ki, bu müddət azdır. B.Muradova müxalifət deputatlarının dəyişikliklərlə bağlı fikrlərini də əsassız saydı.
Qanun layihəsi 103 səs lehinə, 3 səs əleyhinə olmaqla qəbul edildi.
"Konstitusiya Məhkəməsi haqqında" Qanununa əlavələr edilməsi barədə qanun layihəsi qəbul olundu
Gündəlikdə duran növbəti - "Konstitusiya Məhkəməsi haqqında" Qanununa əlavələr edilməsi barədə qanun layihəsi barədə məlumat verən parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov ötən il keçirilən referendumda Konstitusiyaya dəyişikliklərin edildiyini vurğuladı: "Konstitusiyada fəal hərbi əməliyyatlar zamanı parlamentin və prezidentin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması nəzərdə tutulur. Bu gün təqdim etdiyimiz Qanun layihəsində isə bununla bağlı qərarın Konstitusiya Məhkəməsi tərəfindən qəbul olunduğu əksini tapıb".
Ə.Hüseynov bildirdi ki, qanuna əlavə edilmiş 2 yeni maddə Konstitusiya Məhkəməsinə müharibə şəraitində parlamentin və prezidentin səlahiyyət müddətinin uzadılması ilə əlaqədar işlərin icraatını aparmaq səlahiyyəti verir. Digər maddəyə görə, Mərkəzi Seçki Komissiyası müharibə şəraitində fəal hərbi əməliyyatların aparılması zamanı parlament və prezident seçkilərinin keçirilməsini qeyri-mümkün hesab edərsə, Milli Məclisin və prezidentin səlahiyyət müddətinin hərbi əməliyyatların sonunadək uzadılması məqsədilə Konstitusiya Məhkəməsinə müraciət edir. Konstitusiya Məhkəməsi müraciətə ən geci 7 gün ərzində baxmağa başlamalı, parlamentin və prezidentin səlahiyyət müddətlərinin uzadılması və yaxud uzadılmaması ilə bağlı əsaslandırılmış qərar qəbul etməlidir. Qərar Konstitusiya Məhkəməsinin Plenumunda hakimlərin ən azı 6 səs çoxluğu ilə qəbul edilməli, qərarı Milli Məclisə və MSK-ya göndərməlidir.
Deputatların fikirləri dinlənildikdən sonra, əlavələr səsverməyə çıxarılaraq 102 səs lehinə, 2 səs əleyhinə olmaqla qəbul edildi.

Digər xəbərlər