Ailə-uşaq problemləri dövlətin əsas prioritetidir
Sabahımız olan uşaqlara qayğı və diqqət hər bir dövlətin siyasətində önəmli yer tutur. Çünki hər bir xalqın, millətin gələcəyi uşaqlardır. Azərbaycan dövləti də daim uşaqların sağlam böyüməsi, yaxşı oxuması və hərtərəfli inkişafının qayğısına qalır.
Bu mənada, ulu öndərimiz Heydər Əliyevin dünyanın gələcəyi olan uşaqların və gənclərimizin formalaşması sahəsində apardığı genişmiqyaslı işlər, demək olar ki, əvəzsizdir. Ümummilli liderimizin əsasını qoyduğu ənənələr isə bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2009-cu ilin uşaq ili elan olunması da Prezidentin bu istiqamətdə gördüyü işlərə sübutdur. Ölkə Prezidenti İlham Əliyev çıxışlarında ailə-uşaq problemlərinin Azərbaycan dövləti və cəmiyyəti üçün böyük əhəmiyyət daşıdığını önə çəkməklə, qeyd edir ki, ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar olunması üçün ailə dəyərləri daim yüksək tutulmalıdır. Bəs görəsən, ölkə parlamentariləri səslənən fikir və mülahizələr, qarşıya qoyulan vəzifələr, xüsusilə də, ailə-uşaq məsələləri barədə nə fikirdədirlər? Bununla bağlı, suallarımızı cavablandırmaq məqsədilə parlamentin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbliyə müraciət etdik:
- Əvvəla, regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramları sübut edir ki, Azərbaycan dünyada yaşanan böhrandan yayınan ölkələrdəndir. İkincisi, son illərin uğurlu nəticələri, bir daha göstərir ki, Azərbaycanın, bütün gərgin proseslərə baxmayaraq, sosial siyasətə ayırdığı vəsaitlər, bütövlükdə, sosial proqramlar qüvvədə qalır, onlar növbəti illərdə və mərhələlərdə də ardıcıl olaraq həyata keçiriləcək. Xüsusilə, ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən iclaslarda prezidentimizin təbirincə desək, sosial müdafiə, sosial məsələlərin həlli birbaşa ölkənin prioritet məsələlərindən və istiqamətlərindən olaraq qalmaqdadır. Hesab edirəm ki, bunlar da olduqca vacib və əhəmiyyətli məqamlardır. Yeri gəlmişkən, xatırlayırsınızsa, mən bir neçə dəfə bildirmişdim ki, sosial maraqların aqreqasiyası deyilən bir siyasi texnologiya var və bu sosial maraqların aqreqasiyası prinsipi ilə yeni-yeni işlər həyata keçirilməlidir. Özünüz də görürsünüz ki, artıq bu tezisin əsasında xeyli işlər görülüb və görülməkdədir. Məsələn, infrastrukturun möhkəmlənməsi, regionların inkişafı, sahibkarlığın, orta və xırda biznesin genişlənməsi, yeni-yeni iş yerlərinin açılması buna əyani sübutdur.
- Hadi müəllim, ailə məsələsində nikaha girənlərin sayı ilə bağlı ürəkaçan fikir söyləmək olarmı?
- Bilirsiniz, onu birmənalı şəkildə qeyd etmək olar ki, bu gün Azərbaycanda dərk edib, nikaha girənlərin sayı çoxluq təşkil etməkdədir. Yəni, qeyri-ciddi, nikaha girənlərin sayı günü-gündən azalmaqdadır. Bu gün Azərbaycanda nikaha girənlərin son bir il, il yarımın göstəricilərinə əsasən, nikaha girənlərin sayı haradasa 83 min nəfər olub - orta yaş həddi kişilər üçün təxminən 27,4, qadınlar üçün isə 23,3 yaş təşkil edib.
Bu, onu göstərir ki, artıq ailənin məsuliyyəti, onun nə demək olduğu nikaha girənlərimiz, ailə quranlarımız tərəfindən daha dərindən dərk olunur. Bu, eyni zamanda, ondan xəbər verir ki, nikah, ailə çox məsuliyyətli məsələdir və ailənin sosial müdafiəsi yenə də gücləndirilməlidir. Bundan başqa, bir məqama da diqqət çəkmək istərdim. Son statistikaya əsasən, nikaha girənlərin 83 minindən təxminən 5 mini 18 yaşa qədər olan gənclərimiz, qızlarımızdır. Bu, əlbəttə, ilk baxışdan o qədər də təəccüblü gəlmir. Daha doğrusu, bu göstərici, bu rəqəm böyük görünmür. Amma bununla belə, bunun özü çox düşündürücü bir məsələdir. Biz fikirləşirik ki, bununla bağlı yenidən Ailə Məcəlləsinə qayıtmaq və ona müəyyən düzəlişlər etmək vaxtıdır. Yəni, nikaha girən qızlar üçün erkən nikah yaş həddini 18 yaşa qaldırmağı nəzərdə tuturuq. Onu da məlumat üçün qeyd edim ki, bu gün nikaha girənlər arasında 18-24 yaş həddində olanlar əsas təşkil edir. Onların sayı təxminən 52 mindir. Bundan başqa, 24-35 yaş arasında nikaha girənlərin sayı isə təxminən 20 mindir.
- Məqamı düşmüşkən, övladlığa götürmə ilə də bağlı məsələ ətrafında fikirlər, mövqelər birmənalı deyil. Siz bir komitə sədri olaraq, bu haqda nə fikirdəsiniz?
- Dünya təcrübəsi göstərir ki, ictimai tərbiyə ailə tərbiyəsini əvəz edə bilməz. Çünki ailədə böyüyən uşaq daha təminatlı, cəmiyyət üçün daha xeyirli olur. Bu yerdə millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanımın ailə-uşaq problemlərinin həlli istiqamətində həyata keçirdiyi işləri, onun Azərbaycan qadınlarının sonuncu qurultayındakı çıxışını, xüsusilə, qeyd etmək istərdim. Bundan başqa, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu istiqamətdəki işlərini, fəaliyyətini vurğulamaq istərdim. Bir sözlə, onu diqqətə çatdırmaq istərdim ki, bu gün Azərbaycan dövlətinin əsas prioritetlərindən biri ailə institutunun tam bərqərar olunması, ailə-uşaq problemlərinin həllini tapmasıdır.