Mətbuat Şurasında görüş keçirilib
Dünən Mətbuat Şurasında (MŞ) Azərbaycanda səfərdə olan Avrasiya Qəzetəçilər Dərnəyi (AQD) idarə heyətinin üzvləri ilə görüş keçirilib. MŞ sədri Əflatun Amaşov qonaqlara şuranın fəaliyyəti barədə məlumat vermiş, türkdilli xalqlar arasındakı əlaqələrin inkişafı baxımından Azərbaycan və Türkiyə mətbuatının gördükləri işlərdən və qarşıda duran vəzifələrdən söhbət açıb. Bakıda hər iki ölkə jurnalistlərinin iştirakı ilə iki konfransın keçirilməsinin də bu məqsədə xidmət etdiyini vurğulayan MŞ-nin sədri, Türkiyədə də belə tədbirin reallaşmasının nəzərdə tutulduğunu bildirib. AQD sədrinin müavini Osman Savaş bildirib ki, görüşlərdə məqsəd başlanılmış prosesin dərinləşdirilməsi və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etməkdir. Qonaq KİV-lər arasındakı əməkdaşlığın daha geniş səviyyəyə çatdırılmasının əhəmiyyətini vurğulayıb. Görüşdə AQD-nin malik olduğu resurslar, hər iki qurum arasında niyyət protokolunun imzalanması, strateji planın müəyyənləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib. AQD sədrinin müavini Ə.Amaşova Türkiyə-Azərbaycan KİV-ləri arasındakı əlaqələrin inkişafındakı xidmətlərinə görə qurumun təşəkkürnaməsini təqdim edib.