Sel sularının yaratmış olduğu problemlər aradan qaldırılır
Kür və Araz çaylarında suyun səviyyəsinin qalxması ilə əlaqədar olaraq, sahilyanı rayonlarda yaranan daşqın problemi aradan qaldırılmaqdadır. Dövlətimiz tərəfindən sel sularının yaratmış olduğu problemlərin qarşısını almaq üçün bütün zəruri addımların atılması və adekvat işlərin görülməsi nəticəsində daşqından əziyyət çəkən vətəndaşlar üçün bütün köməkliklərin göstərilməsi diqqət və qayğının bariz nümunəsidir.
Cənab Prezident İlham Əliyevin Sədrliyi ilə selin baş verdiyi ərazilərdə müşavirənin keçirilməsi və ən zəruri tapşırıq və göstərişlərin verilməsi Azərbaycan dövlətinin bütün hallarda öz vətəndaşının yanında olduğunu təsdiqləmiş oldu. Çünki dövlət başçısı sel sularının yaratmış olduğu problemlərin qısa bir zaman ərzində aradan qaldırılması və daşqından əziyyət çəkən vətəndaşlarımız üçün hər bir köməkliyin göstərilməsi üçün vermiş olduğu tapşırıqlar bu gün yüksək səviyyədə yerinə yetirilməkdədir. Onların yataq, yemək, səhiyyə və təhsil məsələlərində heç bir problemləri mövcud deyil. Çünki aidiyyatı orqanlar tərəfindən sel sularından əziyyət çəkən bütün vətəndaşlar üçün səhiyyə məntəqələri yaradılmış və mütəmadi olaraq, müayinələr aparılmaqdadır. Bununla yanaşı, daşqın nəticəsində evlərindən köçürülmüş əhalinin gündə üç dəfə isti yeməklə təmin edilməsi, onların yataq şəraitinin və digər zəruri ehtiyaclarının ödənilməsi məqsədilə yaradılmış olan işçi qrupu bütün qarşıya çıxan vacib addımları atmaqdadır.
İmişlidə sel yaratdığı problemlərin aradan qaldırılması üçün zəruri işlər görülür
Yeni Azərbaycan Partiyasının İmişli rayon ətşkilatının sədri Səfa Ağayevin verdiyi məlumata görə, hazırda rayonun kür çayı sahilində yerləşən bütün kəndlərində bəndbərkidmə işləri həyata keçirilməkdədir. Eyni zamanda, rayonun Allahmədədli, Perişli, Məmmədli, Əlyetməzlər kəndlərində də əhalinin köçürülməsi işləri həyata keçirilmiş və sahil zolaqlarında bəndbərkidmə işlərinin aparıldığını diqqətə çatdıran S.Ağayev dövlətimiz tərəfindən daşqından əziyyət çəkən əhali üçün ən zəruri addımların atıldığını da vurğuladı. "Kür və Araz çaylarında suyun səviyyəsi durmadan artmaqdadır. Buna baxmayaraq, dövlətin bütün güc strukturları və aidiyyatı qurumlar hadisə bölgəsində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Daşqın bölgəsində Fövqəladə Hallar Nazirliyinin, Müdafiə Nazirliyinin, Sərhəd Qoşunlarının şəxsi heyəti yerli əhali ilə birlikdə bəndbərkidmə işlərində yaxından iştirak edir. Eyni zamanda, selin yaratmış olduğu problemlərin də aradan qaldırılması üçün zəruri işlər görülməkdədir" deyən S.Ağayev daşqının yaratmış olduğu problemlərin yaxın zamanlarda tamamilə aradan qaldırılacağına da əminliyini ifadə etdi.
Saatlı rayonundakı Sarısu gölünün ətrafındakı digər qoruyucu bəndlərin də bərkidilməsi istiqamətində ciddi işlər görülür
YAP Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev rayonun Kür və Araz çayları sahilində yerləşən kənd və qəsəbələrində sel daşqını ilə əlaqədar olaraq əhalinin köçürülmə proseslərinin həyata keçirildiyini bildirdi. Qeyd etdi ki, dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunan sel daşqınlarından əziyyət çəkən əhali üçün bütün zəruri işlər görülüb. "Saatlı rayonunun Novruzlu, Dəlilər, Nərimanov, Musalı, Hacıqasımlı, Kamallı, Nahallı kəndlərində bəndbərkitmə işləri görülməkdədir. Rayonun sel daşqınlarından əziyyət çəkən bütün kənd və qəsəbələrində zəruri işlər görülür və vətəndaşların vacib ehtiyaclarının ödənilməsi üçün dövlətimiz tərəfindən ən prinsipial addımlar atılmaqdadır. Çadır şəhərciklərində sel daşqınları nəticəsində köçürülmüş vətəndaşlar üçün isti yemək, yataq, geyim ləvazimatları il əvə digər zəruri ehtiyacların ödənilməsi də həyata keçirilir. Saatlı rayonunun daşqından əziyyət çəkən sakinlərinin tibbi təminatı onların təhsil məsələlərində də vacib işlər görülməkdədir" deyən L.Şıxəliyev az bir zaman çərçivəsində Kür və Araz çaylarının yaratmış olduğu sel təhlükəsinin tamamilə aradan qalxacağına və ev-eşiyindən köçürülmüş rayon sakinlərinin öz yerlərinə qaytarılacağının da dilə gətirdi. L.Şıxəliyev onu da qeyd etdi ki, Azərbaycan özünün malik olduğu bütün imkanlardan istifadə edərək qarşıya çıxan bütün problemlərin həllinə nail olacaq. Amma bu işlrə kölgə salmağa çalışan şəxslərin ancaq düşmən dəirmanına su tökdüyünü bildirən təşkilat sədri müxalifət nümayəndələrini su basmış rayonlarda dövlətimizin öz vətəndaşları üçün gördüyü işlərə baxmayğa dəvət etdi. "Müxalifət mətbuatında Saatlı rayonunda kəndlərin su basması haqqında məlumatlarla bağlı böhtanlı yazılar əsassızdır. Çünki Saatlı rayonundakı Sarısu gölü ətrafında gərginlik olsa da, yaxınlıqdakı kəndlərdən su altında qalanı yoxdur. Nərimankənd, Dəlilər kəndlərinin sakinləri də bu yalan məlumatdan hiddətləniblər. Onu da deyək ki, kəndin ətrafındakı bənd əvvəlki vəziyyətindədir. Gölün ətrafındakı digər qoruyucu bəndlərin də yarılmaması istiqamətində ciddi işlər görülür. İnanırıq ki, yaxınlıqdakı Dəllər, Mərzli, Musalı, Kamallı və başqa kəndlər də görülən tədbirlər nəticəsində bu kəndlərin heç birində subasma qeydə alınmayacaq".
Sabirabadda qəzalı bəndlərdə təhlükəsizlik işləri davam etdirilir
Kür çayında suyun səviyyəsinin qalxması ilə əlaqədar olaraq, bölgənin müəyyən yaşayış ərazilərində problemlər yaranıb. "Artıq bu sahədə zəruri işlər görülür, problemlər aradan qaldırılır" deyən YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev əsas qəzalı olan bəndlərdə təhlükəsizlik işlərinin əsas hissəsinin başa çatdığını bildirib. Qeyd edib ki, iki istiqamətdə üz-üzə atılan bəndlərdə bərkidilmə işləri yekunlaşıb və onlar birləşdirilərək qapadılıb. "Amma bundan sonra orada olan sızmaların qarşısını almaq və hündürləmə işlərini başa çatdırmaq lazımdır. Bu bəndin gələcəkdə filtrasiya sularından qurtarması üçün əlavə işlər görülməlidir. Ona görə suyun səviyyəsi aşağı düşməlidir ki, orada əlavə işlər görülə bilsin. Rayonun Kür sahilində olan kəndlərində görülən işlər hadisə olan gündən bu günə qədər davam etdirilir, amma çayın səviyyəsi 1,5 metr qalxdığından, suyun qarşısını almaq mümkün olmadı və su daşdı." - deyən N.Quliyev daşqından əziyyət çəkən əhalinin həç bir probleminin olmadığını və onların hər bir zəruri şəraitlə təmin edildiklərini bildirib.
Şirvan rayonunda daşqınların qarşısı alınır, bəndbərkitmə işləri gücləndirilir
YAP Şirvan rayon təşkilatının sədri Əbülhəsən İbrahimovun "Səs" qəzetinə verdiyi məlumatda, rayonun sel təhlükəsi ilə üzləşə biləcək bütün kəndlərindən əhalinin köçürüldüyünü bildirib. Qeyd edib ki, Şirvan rayonunun Ulacalı, Mürsəlli, Qaragünə, Azad kənd, Çağırğan, Xankeçən, Poladtoğay, Ələmbəyli, Balahəşimxanlı kəndlərində bəndbərkitmə işləri görülməkdədir. Ə.İbrahimov bildirib ki, yaradılmış çadır düşərgələrində əhalinin bütün ehtiyacları ödənilməkdədir. "206 çadırdan ibarət olan düşərgədə artıq 1500-1600 nəfər Şirvan rayonunun müxtəlif kəndlərindən köçürülmüş əhali yerləşdirilib. Bundan əlavə, çadır düşərgələrində yaradılmış tibb məntəqələrində əhalinin sağlamlığının qayğısına qalınır" deyən Ə.İbrahimov dövlətimizin yaranmış olan problemlə əlaqədar olaraq bütün imkanları səfərbər etdiyini də diqqətə çatdırdı.