Artur Rasizadə Pakistanın müdafiə katibi Səyid Əthar Əli ilə görüşüb
Dünən Baş nazir Artur Rasizadə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının müdafiə katibi Səyid Əthar Əlinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Baş nazir A.Rasizadə Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələrin çox yüksək səviyyədə olduğunu, belə qarşılıqlı səfərlərin əməkdaşlığın möhkəmləndirilməsi, əlaqələrin daha da genişləndirilməsi işinə xidmət etdiyini vurğulayıb. Ölkələrimizin təmsil olunduqları beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini daim dəstəklədiklərini deyən Baş nazir, dost və qardaş Pakistanın Azərbaycanın əzəli torpaqlarının 20 faizini işğal etmiş təcavüzkar Ermənistanla indiyədək heç bir sahədə əlaqə qurmamasını məmnunluqla diqqətə çatdırıb. Pakistanın bu istiqamətdə tutduğu mövqe və ölkəmizin haqq işini dəstəkləməsi yüksək qiymətləndirilib. Azərbaycanın Pakistanla müdafiə sahəsində də əməkdaşlıqda maraqlı olduğu nəzərə çarpdırılıb.
Pakistanın müdafiə katibi Səyid Əthar Əli ölkəsinin Azərbaycan ilə müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sənaye sahəsində əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləyib, əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib. Qonaq təcavüzkar Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini qəbuledilməz fakt adlandırmış, Pakistanın daim Azərbaycanın yanında olduğunu və bundan sonra da olacağını vurğulayıb. Bildirib ki, iqtisadi və müdafiə sahələrində əməkdaşlığımız hər iki ölkənin daha da güclənməsinə, qüdrətinin artmasına xidmət edəcək. Səyid Əthar Əli Kəşmir məsələsi ilə bağlı Azərbaycanın Pakistanın mövqeyini dəstəklədiyinə, eləcə də bu ölkədə baş verən fəlakət və daşqınlar zamanı Azərbaycanın göstərdiyi yardıma görə dərin təşəkkürünü bildirib.