PDF Oxu

Əsas

  • 11

“Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət" mövzusunda elmi-nəzəri konfrans keçirilib

“Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət" mövzusunda elmi-nəzəri konfrans keçirilib
Dünən Milli Televiziya və Radio Şurası (MTRŞ) "Elektron media: dövlət tənzimlənməsi və ictimai nəzarət" mövzusunda elmi-nəzəri konfrans keçirib. Sia-nın xəbərinə görə, konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, MTRŞ sədri Nuşirəvan Məhərrəmli, Milli Məclis üzvləri, jurnalist birlikləri və QHT-lərin, ölkədə fəaliyyət göstərən teleradio yayımçılarının rəhbərləri və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, heç kimin icazəsini almadan bütün ailələrin qapısını açaraq onların həyatına daxil olan televiziya institutu, ideoloji vasitə, milli-mənəvi dəyərlərin daşıyıcı olan cəmiyyət həyatının aparıcı bir vasitəsidir.
Onun sözlərinə görə, əgər gələcək nəsilləri sağlam, milli mənəvi dəyərlərlə zəngin görmək istəyiriksə, Azərbaycan mentalitetindən dönmədən inkişaf etdirərək cəmiyyətimizin ayrılmaz bir hissəsinə çevirmək, ictimai davranış normalarını getdikcə yüksəltmək, cəmiyyətimizi dünyanın qabaqcıl cəmiyyətlərindən birinə çevirmək istəyiriksə, teleradio fəaliyyətinə mütəmadi diqqət ayırmalı, efirə cəmiyyətin ən nümunəvi insanlarını gətirərək onların nümunəsində Azərbaycan cəmiyyətini tərbiyə etməliyik.
Ə.Həsənov vurğulayıb ki, Milli Televiziya və Radio Şurası çalışsa da, bazar iqtisadiyyatında hər zaman televiziyaların maddi ehtiyacları ilə cəmiyyətin ictimai tələbləri arasında məqamlar üst-üstə düşmür.
"Çox zaman telekanallar maddi amillərə söykənərək efirə yaxşıların yaxşısını deyil, digərlərini çıxarırlar. Tamaşaçı televiziyada eyni xanəndəni, jurnalisti, eyni insanları görürsə, müvafiq olaraq onlardan da nümunə gətirir. Bəs onlar ən yaxşı nümunədirmi? Təhlil göstərir ki, nümunə deyil. Cəmiyyətə nümunə ola biləcək insanlar bəzən efirin arxasında qalır, efirə çıxanlar isə cəmiyyətə yaxşı əxlaq norması göstərə bilməyən insanlar çıxarılır. Müasir dövrdə televiziyalara birbaşa təsir etmək də mümkün deyil, amma televiziya sahəsi lisenziyalaşdırılan sahədir. Dövlətin əlində yeganə mexanizm var, lisenziya fəaliyyətinin tələblərindən çıxış edərək televiziya kanallarının fəaliyyətinə, proqram tərtibatına MTRŞ-nın səlahiyyətləri çərçivəsində bu tipli müzakirə, konfrans, seminarlar səviyyəsində müdaxilə edə və onların daha doğru yolda getməsini müəyyən edə bilərik", - deyə o əlavə edib.
Daha sonra çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli qeyd edib ki, müasir dövrdə media xüsusi bir fəaliyyət sahəsinə çevrilib. Onun fikrincə, bunun fəaliyyətindən cəmiyyətin digər fəaliyyət sahələrinin inkişafı bu və ya digər dərəcədə asılıdır.
Hazırda ölkədə 8 ümumrespublika televiziya kanalı, 14 regional kanal, 1 peyk yayımçısı, 13 radio yayımçısı, 13 kabel operatoru və 1 ixtisaslaşmış kanalının fəaliyyət göstərdiyini deyən N.Məhərrəmli gələcəkdə zərurət olduğu hallarda ümumrespublika yayımçılarının sayının artırılacağını deyib. O bildirib ki, MTRŞ yaranandan sonra ölkədə 3 ümumrespublika yayımçısı fəaliyyətə başlayıb.
"Hazırda teleradio sahəsində mövcud vəziyyət ictimaiyyəti çox narahat edir. Ötən Bu problem ötən ilin oktyabr ayından geniş şəkildə müzakirə olunur. MTRŞ teleradio sahəsindəki problemləri inzibati yollarla həll etmək məqsədini qarşısına qoymayıb. MTRŞ yarandığı ilk gündən məqsəd qoyub ki, inzibati yollarla deyil, qarşılıqlı anlaşma şəraitində problemləri həll etsin", - deyə o əlavə edib.
MTRŞ sədri vurğulayıb ki, hazırda ən narahat edən məsələ verilişlərin keyfiyyətidir. Onun sözlərinə görə, ötən il aparılan danışıqlardan sonra bu vəziyyət yaxşılığa doğru hiss olunurdusa, 2010-cu ilin fevral, mart, aprel aylarında aparılan monitorinq göstərdi ki, şou xarakterli verilişlərin artma tendensiyası var: "Son zaman qalmaqallardan bəhs edən verilişlərin sayı artmaqdadır. Verilişlərdə daha çox qalmaqallar, ailə-məişət söhbətləri, bayağı, süni, şit danışıqlar üstünlük təşkil edir. Aparıcıların səhnə, efir, geyim mədəniyyəti çox aşağıdır. Bundan əlavə istərdik ki, televiziyalarda 50 faizdən çox yerli istehsallı filmlər, kliplər nümayiş olunsun. MTRŞ reklam bazarına bilavasitə təsir edə bilmir, ancaq mədəniyyət kanalının yaradılması digər kanalların reklam bazarına təsir edə bilər".
Tədbirin davamında qonaqlar mövzu ətrafında öz fikirlərini bölüşüb və müzakirələri davam etdiriblər.

Digər xəbərlər