PDF Oxu

Əsas

  • 15

"Səs" qəzeti KIVDF-nin keçirdiyi müsabiqədə qalib gəldiyi layihənin icrasına başladı

"Səs" qəzeti KIVDF-nin keçirdiyi müsabiqədə qalib gəldiyi layihənin icrasına başladı
Məlum olduğu kimi, "Səs" qəzeti Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə (KİV) Dövlət Dəstəyi Fondunun keçirdiyi növbəti müsabiqədə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi sahəsində dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında effektiv əməkdaşlığın qurulmasına informasiya dəstəyi" layihəsi üzrə qalib elan olunub. Dünən layihənin icrasına başlanması ilə bağlı geniş tədbir keçirilib. Tədbirdə çıxış edən layihənin rəhbəri, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev layihənin məqsəd və məramını açıqlayıb, onun həyata keçirilməsi istiqamətində atılacaq addımlardan söhbət açıb. Diqqətə çatdırıb ki, Azərbaycan dövləti hər zaman insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi yönündə əməli addımlar atıb: "Ölkə Konstitusiyasının 48-ci maddəsinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə həsr olunması, respublikamızın Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə qoşulması, İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsman İnstitutunun fəaliyyətə başlaması, yerli özünüidarəetmə orqanlarına seçkilərin keçirilməsi ölkəmizdə insan hüquqlarına fundamental münasibəti ifadə edir". Layihənin rəhbəri onu da bildirdi ki, bu sahədəki vəziyyətin təhlili və aparılan araşdırmalar Azərbaycanda insan hüquqlarının müdafiəsi istiqamətində KİV-də görülən işlər qənaətbəxş deyil: "Bu sahədə çalışan vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti mətbuatda yetərincə işıqlandırılmır, dövlət orqanlarının fəaliyyətinə dair məlumatlar cəmiyyətə lazımi səviyyədə çatdırılmır. Mövcud nöqsan və çatışmazlıqlar obyektiv şəkildə qələmə alınmır, insan hüquqları sahəsində aparılan maarifləndirmə KİV-in imkanlarından effektiv şəkildə istifadə olunmur. İnsan hüquqları müdafiəçiləri ilə jurnalistlər arasında işgüzar əməkdaşlıq olduqca aşağı səviyyədədir və s. Ona görə də "Səs" qəzetinin icrasına başladığı layihənin əhəmiyyəti böyükdür". B.Quliyev layihənin icrasında əsas məqsədin insan hüquqlarının qorunması sahəsində vəziyyətin KİV-də işıqlandırılmasını təmin etmək, mətbuatın imkanlarından istifadə etməklə dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları və insan hüquqları müdafiəçiləri arasında səmərəli əməkdaşlığın qurulmasına kömək etmək olduğunu söylədi. Layihə rəhbərinin fikrincə, layihənin icrası zamanı effektiv monitorinqini aparmaq üçün paytaxtda və regionlarda bu sahədəki real durumun KİV-də işıqlandırılması təmin ediləcək və bu mövzu ətrafında yazılar yazan mətbuat işçilərinin peşəkarlığının artırılmasına dəstək olunacaq. Layihənin icrası zamanı bir sıra tədbirin həyata keçirilməsi nəzərdə tutulur. Millət vəkillərinin, elmi işçilərin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə Bakı, Gəncə, Quba və Lənkəran şəhərlərində dəyirmi masalar təşkil olunacaq.

Digər xəbərlər