PDF Oxu

Əsas

  • 18

Xalqlara yalan danışmaqla tarix yazılmaz

Xalqlara yalan danışmaqla tarix yazılmaz

Ənənəvi olaraq "Səs" qəzetinin redaksiyasında keçirilən dəyirmi masanın budəfəki mövzusu qondarma "erməni soyqırımı"na həsr olunmuşdur. Aparıcı mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən növbəti dəyirmi masada yalan və böhtanlar üzərində formalaşmış erməni xəstəliyinin bütün dünyanın baş bəlasına çevrildiyi qeyd olunmuşdur. Nəzərə almaq lazımdır ki, reallıqları nəzərə alaraq "Səs" qəzeti mütəmadi olaraq qondarma erməni yalanları - "soyqırım" fırıldaqlarının əsil mahiyyətini aşkara çıxararaq bir daha cəmiyyətə, eləcə də internet vasitəsi ilə bütün dünyaya çatdırır. Bütün erməni yalanlarını aşkara çıxardıb, əsil faktları göstərmək üçün budəfəki dəyirmi masamıza Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalını dəvət etmişik. Millət vəkili fərdi qaydada erməni yalanları barədə faktlar və sənədlərdən danışdı və  mətbuat nümayəndələrinin suallarını cavablandıraraq, "qondarma erməni soyqırımı"nın, sadəcə olaraq, xülyadan ibarət olduğunu diqqətə çatdırdı.
"Səs" qəzetini əməkdaşı:
- Fəzail müəllim, istərdik ki, tarixə bir daha nəzər salaraq ermənilərin uydurmalarına və qondarma "erməni soyqırımı" yalanları barəsində məlumat verəsiniz?
   
 ERMƏNİLƏR RUSLARLA BƏRABƏR TÜRKİYƏNİN ŞƏRQ VİLAYƏTLƏRİNDƏ QƏTLLƏR VƏ QİYAMLAR TÖRƏDİRDİLƏR
 
 Fəzail Ağamalı:
  - 1914-1918-ci illərdə dünyanın inkişaf etmiş kapitalist dövlətləri dünyanın yenidən bölüşdürülməsi üçün hərbi ittifaqlar yaratmağa başladılar. Bu hərbi ittifaqlardan biri də "Üçlər" ittifaqı idi. Bu ittifaqa Almaniya, İtaliya, Avstriya-Macarıstan, Bolqarıstan və Türkiyə daxil idi. Sonra İtaliya bu ittifaqdan çıxaraq müharibəyə qoşulmadı. İkinci hərbi ittifaq isə "Antanta" idi. Buraya da İngiltərə, Fransa və Rusiya daxil idi. Dünyanın bölüşüdürülməsi uğrunda bu iki hərbi ittifaq arasında ziddiyyət kəskinləşirdi. Nəhayət, bu ziddiyyətlər özünün məntiqi sonluğu olan 1914-cü il, Birinci Dünya müharibəsi ilə nəticələndi. Birinci Dünya müharibəsində Türkiyə Almaniya və Avstriya-Macarıstanla müttəfiq olaraq bu müharibəyə qoşulmuşdu. Onun əks-cəbhəsində duran əsas dövlətlər Rusiya, İngiltərə və Fransa idi. Bu, hər üç ölkənin başlıca məqsədi İstanbulu və onun vasitəsilə bütün körfəzləri ələ keçirməklə, isti okeana çıxmaq idi. Qara və Mərmərə dənizlərindən Bosfor və Dardanel boğazlarına, Aralıq dənizindən isə okeanlara çıxış əldə etməklə, dünya ölkələri özünün qlobal məqsədlərinə çatmaqda çox ciddi imkanlar əldə edib. Ona görə də, Türkiyə bu müharibədə hər üç ölkənin başlıca hədəfinə çevrilmişdi. Bu hədəfə çatmaq üçün Rusiyanın atdığı addımlar, xüsusilə, fərqlənirdi. Rusiya Pyotrun vəsiyyətlərinə söykənərək, həm İstanbulu zəbt çalışır, həm də Anadolunun şərq vilayətlərini ələ keçirməyə cəhdlər göstərirdi. Hər bir dövlət çalışırdı ki, müharibə etdiyi dövlətin daxilində özünə dayaqlar tapsın və bunun vasitəsilə mərkəzi hakimiyyəti zəiflətmək üçün orada süni problemlər yaratsın. Beləliklə, özünün işğalçı niyyətlərinə nail olsun. Bu, dünya müharibələri tarixində qəbul olunmuş bir universal metoddur. Rusiya bu metoddan istifadə edərək, erməniləri öz tərəfinə çəkdi.
 1890-cı ildə yaranmış olan "Daşnaksütyun" partiyasının başlıca məramı dənizdən-dənizə "böyük Ermənistan" dövlətini yaratmaqdan ibarət idi. Yəni, Qara dənizdən Xəzər dənizinə qədər, eyni zamanda, Türkiyənin böyük bir ərazisini zəbt etməklə bu məqsədinə çatmağı qarşısına əsas vəzifə kimi qoymuşdu. Bundan istifadə edən ruslar Anadolunun şərq vilayətlərində yaşayan, lakin əhalinin cüzi hissəsini təşkil edən ermənilər içərisində iş apardılar. Bundan şirniklənən ermənilər ruslarla bərabər Türkiyənin şərq vilayətlərində qətllər və qiyamlar törətməyə başladılar. Bunu törədənlər, əsasən, "Daşnaksütyun" partiyasının orada yerləşən komitələri idi. Vəziyyətin son dərəcə mürəkkəb olduğunu görən Türkiyə hakimiyyəti tərəfindən 1915-ci ilin aprel ayının 24-də 4325 nəfər komitə üzvü haqqında xüsusi cinayət işi qaldırdı və onların həbsinə fərman verildi. Bu da vəziyyətin mürəkkəbliyini aradan qaldırmadı. Həmin vaxt Türkiyədə 1 milyon 300 minə qədər erməni yaşayırdı. 1914-cu il may ayının 27-də daxili işlər naziri Tələt Paşa onların Mesopotamiya - indiki İraq, Suriya və Livanın ərazisinə köçürülməsi haqqında xüsusi sərəncam verdi. Diqqətə çatdırım ki, həmin yerlər vaxtilə Türkiyə imperiyasının ərazisində yerləşirdi. İstər türk, istərsə də, Avropa tarixçiləri bildirirlər ki, bu köçürülmə, əslində, qiyamın qarşısını almaq üçün həyata keçirilib. Eyni zamanda, burada başlıca məqsəd Rusiyanın dayaqlarını zəiflətməyə yönəlmişdi. Bunun üçün xüsusi komissiya yaradıldı. Ermənilərə bütün əmlaklarını daşımaq imkanları yaradıldı, həmçinin onların təhlükəsizliyi üçün bütün mümkün tədbirlər görüldü. Lakin həmin dövrdə Türkiyənin müharibə apardığını nəzərə alsaq, onların təhlükəsizliyi üçün tədbirlər tam olaraq yerinə yetirilmədi. Bununla da köçürülmə zamanı xəstəliklərdən, bu və ya digər səbəblərdən həyatını itirənlər oldu. O cümlədən, ermənilər kürd qaçaqlarının hücumlarına məruz qaldılar. "Daşnaksütyun" partiyasının erməni köçünün qarşısını almaq üçün ermənilərə qarşı törətdiyi terror və qətllər səbəbindən də, 300 minədək erməni həlak oldu. Əslində, bu soyqırımı deyil, köçürülmə prosesində verilmiş itki idi. Bu itki də köçürülmə prosesi üçün adi bir haldır. Yəni, həmin dövrdə Türkiyənin hakimiyyət orqanları ermənilərə qarşı xüsusi soyqırımı həyata keçirmək haqqında heç bir rəsmi tapşırıq, sərəncam və ya fərman verməyib. Əksinə, ermənilərin qorunması və türk cəbhəsində Rusiyanın dayaq dəstəsi kimi fəaliyyət göstərməsinin qarşısını almaq üçün çox sivil qaydada köçürmə apardı.
 
 ABŞ VƏ AVROPA ÖLKƏLƏRİ XRİSTİAN TƏƏSSÜBKEŞLİYİNƏ SÖYKƏNƏRƏK ERMƏNİLƏRİ MÜDAFİƏ ETMƏKDƏ VƏ TARİXİ HƏQİQƏTLƏRİ UNUTMAQDA DAVAM EDİRLƏR

1915-ci ilin aprel ayının 24-də 4325 nəfər erməninin həbsi ilə bağlı verilmiş fərman, sonradan qondarma "erməni soyqırımı" kimi qələmə verildi. İlkin dövrlərdə, bu rəqəm 500 min göstərilirdi. Ermənilər buna heç bir reaksiyanın olmadığını görəndə, onu 1-1,5, daha sonra isə 2-2,5 milyona çatdırdılar. Halbuki rəsmi statistikaya görə, 1915-ci ildə Türkiyənin ərazisində 1 milyon 300 min erməni yaşayırdı. İstanbulda, eləcə də, digər ölkələrin qərb sərhədlərində və mərkəzində yaşayan ermənilərin burnu belə qanamayıb. Faktlar göstərdi ki, həmin vaxt "Daşnaksütyun" partiyasının Türkiyədə yerləşmiş komitələri vasitəsilə qoca, uşaq, qadın da daxil olmaqla, 100 minlərlə türk kütləvi şəkildə güllələnərək, qətlə yetirilib. Bu cür kütləvi qəbiristanlıqlar sonradan aşkar olunub ki, onlar da hazırda Türkiyə arxivlərində saxlanılır. 1965-ci ildə, qondarma soyqırımı məsələsi ortaya gəldikdən sonra "Daşnaksütyun" partiyasının "ASALA" deyilən təşkilatı meydana gəldi. Bu təşkilatın tərcüməsi ermənilərin azadlığı uğrunda gizli ordu deməkdir. Həmin təşkilat yarandıqdan sonra türk diplomatlarına və türk vətəndaşlarına qarşı kütləvi qətllər törətməyə başladılar. Eyni zamanda, bu terror nəticəsində Azərbaycan türkləri də erməni terroruna məruz qalıblar. Həm metro stansiyaları, həm də ayrı-ayrı ərazilərdə çoxsaylı terror hadisələri törədildi. 1988-ci ildə ermənilərin azərbaycanlılara qarşı başlamış olduğu ərazi iddialarının gedişində torpaqlarımızın 20 faizi işğal olundu. Bununla yanaşı, tarixdə öz vəhşiliyi və amansızlığı ilə seçilən Xocalı soyqırımı törədildi.
 Çox təəssüf edirəm ki, 1992-ci ildə ermənilər tərəfindən xocalılara qarşı həyata keçirilən soyqırımı siyasəti bu gün dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatlarının diqqətindən kənarda qalıb. Bunun əvəzində isə, ayrı-ayrı dövlətlər özünün dövlət maraqlarını təmin etmək üçün Türkiyəyə təzyiqlər edirlər. Həmin dövlətlər və beynəlxalq təşkilatlar dünyadakı erməni lobbisinin diqtəsi ilə hərəkət edirmiş kimi rəftar edirlər və öz parlamentlərində qondarma erməni soyqırımını müzakirəyə çıxarırlar. Artıq dünyanın 40-dan çox ölkəsində bu qondarma soyqırımı qəbul olunub. Lakin bu gün fakt ondan ibarətdir ki, ABŞ və Avropa ölkələri xristian təəssübkeşliyinə söykənərək, erməniləri müdafiə etməkdə və tarixi həqiqətləri unutmaqda davam edirlər.
 
 "Səs" qəzetinin əməkdaşı:
  - Dünyanın əksər ölkələrinin politoloqları da qeyd edirlər ki, doğrudan da, qondarma erməni soyqırımı faktı yalandır. Ermənilərin iddialarının əsassız olduğu etiraf olunsa da, nədənsə, dünya birliyi bu yalanı yüksək kürsülərdən qeyd etmirlər. Sizcə, bunun səbəbini nə ilə izah etmək olar?
 
 ERMƏNİLƏR HƏDSİZ DƏRƏCƏDƏ MİLLƏTÇİDİRLƏR, LAKİN ONLARDA DÖVLƏTÇİLİK PSİXOLOGİYASI YOXDUR
 
  Fəzail Ağamalı:
  - Bunun əsas səbəbi xristian təəssübkeşliyidir. Ermənilər dünyanın bütün ölkələrinə geniş şəkildə yayılıblar. Bu gün Ermənistanda ermənilərə qarşı hər hansı bir soyqırımı siyasəti həyata keçirilmir. Ancaq rəsmi statistikaya görə, 3 milyon erməninin yalnız 1 milyonu Ermənistanda qalıb. Təqribən bir il bundan əvvəl, Azərbaycanın millət vəkili Musa Urud mənim doğulduğum Sisyan rayonuna səfər etmişdi. Bu səfərlə bağlı xüsusi bir kitab da nəşr olunub. Onun verdiyi konkret məlumatlara görə, həmin bölgədə çox az sayda erməni yaşayır. Erməni kəndləri tamamilə boşdur. Vaxtilə azərbaycanlıların yaşadıqları kəndlərdə tək-tük erməni yaşayır. Eyni zamanda, biz Gürcüstan vasitəsilə bir nəfər ermənini Sisyana göndərmişdik. Həmin şəxs oranın video lentini bizə təqdim etdi. Görüntülərdən də aydın olduğu kimi, ən səfalı kəndlərdə belə cəmi 3 ailə yaşayırdı. Bəs görəsən, ermənilər nə üçün Ermənistanı tərk edirlər? Bu hal, sadəcə olaraq, ermənilərin milli mentalitetindən, milli xüsusiyyətlərindən doğan bir ənənədir. Onlar hədsiz dərəcədə millətçidirlər, lakin onlarda dövlətçilik psixologiyası yoxdur. Ermənilərin öz vahid dövlətlərini quraraq, onu inkişaf etdirmək ənənələri mövcud deyil. Ona görə də, vaxtilə bütün dünyaya səpələnmiş ermənilərin yalnız bir ideologiyası var - bu da dənizdən-dənizə "böyük Ermənistan" dövləti yaratmaqdır. Bu ideologiya ətrafında bütün erməniləri birləşdirirlər və onun da aparıcı qüvvəsi "Daşnaksütyun" partiyasıdır. Bunlarla yanaşı, əlbəttə, ayrı-ayrı xarici dövlətlərin Türkiyəyə və Azərbaycana qarşı maraqları var. Bu gün Qərb Qafqazda möhkəmlənməyə, Rusiya isə onu əldən verməməyə çalışır. Bu cür geopolitik mübarizə prosesində ermənilər də öz çirkin məqsədləri uğrunda mübarizə aparırlar.
(Ardı var)

Digər xəbərlər