İnsan hüquq və azadlıqlarının tam bərqərar olduğu ölkəmizdə az təminatlı ailələrə, valideyn himayəsindən məhrum olmuş uşaqlara, kimsəsizlərə daima diqqət və qayğı göstərilir. Dövlətimiz humanizm, insanlara yüksək mədəni davranış nümayiş etdirərək, daima bu qəbilədən olan vətəndaşlarımızın yanındadır. Heydər Əliyev Fondunun prezidenti YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən ölkəmizin bütün bölgələrində uşaq və körpələr evlərinə göstərilən diqqət, internat və ponsionatların tikilib istifadəyə verilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara, kimsəsizlərə göstərilən diqqətin bariz nümunəsidir.
"Səs" qəzeti olaraq ənənəmizə sadiq qalaraq bu dəfə Bakıda fəaliyyət göstərən bir neçə internat evinə baş çəkdik və oranın sakinləri ilə həm söhbət olduq.
Sabunçu rayonu Pirşağı qəsəbəsində fəaliyyət göstərən Yel Xəstəlikli Uşaqlar üçün Sanatoriya Tipli 10 saylı İnternat Məktəbində olduğumuz müddət uşaqların dərs vaxtına düşmüşdü. İnternat məktəbinin sinif otaqlarında dərslərin yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılıb. Burada uşaqlar gün ərzində dərslərlə yanaşı, idman, musiqi və digər peşə sahibləri ilə məşğul olurlar. İnternatın direktoru Dilarə Həsənova burada 583 uşağın olduğunu bildirdi. Qeyd etdi ki, internatda hər bir şagirdin yüksək təhsil və tədrislə məşğul olması üçün bütün ləvazimatlar, zəruri avadanlıqlar mövcuddur. "İnternatımızda uşaqlar təhsil almaqla yanaşı, ildə iki dəfə müayinə və müalicə kurslarından da keçirlər. Məktəbdə olan 583 uşaqdan 89-u tək valideynini, 8 uşaq hər iki valideynini, eyni zamanda, valideyni həbsdə olan və uğursuz ailələrin uşaqları da var" - deyən D.Həsənova internata uşaqların həkim komissiyasının rəyi əsasında 6 yaşından qəbul elildiyini də bildirdi. İnternatda olan uşaqların 6-16 yaş həddində olduğunu və 1-c sinifdən 9-cu sinifə qədər təhsil aldığını bildirən direktor buranı bitirdikdən sonra uşaqların digər adi orta məktəblərə təhsillərini davam etdirmək üçün göndərildiklərini də söylədi. Bildirdi ki, keçən il internat məktəbini bitirən 59 şagirddən 29-u peşə ixtisas məktəblərinə, 12-i nəfəri digər adi orta məktəblərin 10-cü siniflərinə, 9 nəfər uşaq isə orta ixtisas məktəblərinə daxil olub. Hələlik, internatda olan uşaqlardan heç birinin valideyninin öz uşağından imtina halının olmadığını bildirən D.Həsənova uşaqların bu məktəbdə ildə iki dəfə profilaktik müalicə və müayinədən keçirildiyini də söylədi. Uşaqların internata qəbulu və ondan sonra onlarda baş verən ciddi fəsadlarla bağlı bütün tibbi imkanlardan istifadə edərək müalicələrinin təşkil edildiyini söyləyən internatın direktoru, eyni zamanda, bu il 47 şagirdin internat məktəbini bitirəcəyini də vurğuladı. "İnternatı bitirən hər bir şagird şəhadətnamə aldıqdan sonra digər adi orta məktəblərə göndərilir. Onlar öz təhsillərini istədikləri və valideynlərinin arzusuna uyğun tədris müəssisələrində davam etdirirlər. Məktəbdə uşaqlar gündə 4 dəfə normal qida ilə təmin edilir və onların yataq və üst-başları tam təmiz formada saxlanılır. Bunun üçün internatda 72 nəfər pedaqoji heyət, tibb məntəqəsi, 2 həkim, 7 tibb bacısı fəaliyyət göstərir" - deyən D.Həsənova 2005-ci ildə internatın Avropa Birliyinin təşəbbüsü əsasında təmir edildiyini də bildirdi.
D.Əliyeva dövlətimiz tərəfindən burada təhsil alan və müalicə olunan uşaqlara hər zaman köməklik göstərildiyini, Heydər Əliyev Fondunun xətti ilə internat məktəbinə göstərilən qayğının yüksək səviyyədə olduğunu bildirdi. Qeyd etdi ki, Yeni Azərbaycan Partiyası tərəfindən məktəbə diqqət həmişə yüksək olub və bu gün də bu davam etdirilir. Xüsusən də, YAP Sabunçu rayon təşkilatının internat evinə davamlı şəkildə göstərmiş olduğu qayğının diqqətə layiq olduğunu bildirən D.Əliyeva ölkəmizdə humanizm prinsiplərinin ən yüksək səviyyədə təmin edildiyini də vurğuladı. YAP Sabunçu rayon təşkilatının baş təlimatsıçı Rəşad Abbasəliyev də, rayon təşkilat sədri Mehriban Abasquliyeva tərəfindən internat və uşaq evlərinə göstərilən diqqətin bu gün də davam etdiyini bildirdi.
İnternatda uşaqlarla görüşüb onların dərsləri, yemək, yatacaq və istirahətləri ilə də maraqlandıq. Bizimlə söhbətində internat sakinləri burada yaradılan şəraitdən, onlara göstərilən diqqət və qayğıdan, müəllimlərin onlarla öz doğmaları kimi davrandıqlarını bildirdilər. İnternatda oğlan uşaqlarının daha çox idmanla, qızların isə daha çox tikiş işləri, rəsmlə daha məşğul olmağa üstünlük verdiklərini də müşahidə etmək olur.
10 saylı internat məktəbinin 4-cü sinif şagirdi Ceyhun Hüseynov 12 yaşının olduğunu və dərslərində fərqləndiyini bildirdi. Söylədi ki, məktəbdə idman və bilik yarışları tez-tez keçirilir və o da, bu yarışlarda fəal iştirak edir.
6-ci sinif şagirdi olan Ümid Nəsibov da 10 saylı internatda mövcud şəraitdən razılığını bildirdi. Qeyd etdi ki, 11 yaşının olmasına baxmayaraq, burada o, artıq ingilis dilini öyrənir və həvəslə futbol oynayır.
13 yaşlı Rüfət Cəfərzadə də, 10 saylı internatın 7-ci sinifində təhsil aldığını dərslərini normal oxuduğunu və gələcəkdə tanınmış idmançı olmaq arzusunda olduğunu bildirdi.
9-cu sinifdə təhsil alan Vüqar Rəhimov 10 saylı internatda təhsil almasından məmnun olduğunu söylədi. Qeyd etdi ki, artıq onun 15 yaşı var və o, bu il internatı bitirib təhsilini davam etdirmək üçün başqa məktəbə göndəriləcək. Hərbçi olmaq arzusunda olan Vüqar dərslərini yaxşı oxuduğunu və gələcəkdə komandir işləmək istəyində olduğunu da söylədi.
10 saylı internatın 3-cü sinif şagirdi, 9 yaşı olan Məhəmməd Məmmədov rəssam olmaq arzusunda olduğunu və mütəmadi olaraq müəyyən rəsmlər çəkdiyini bildirdi.
3-cü sinif şagirdi Nərminə İsmayılova da bizimlə söhbətindən çox sevinirdi, 10 saylı internatda yaxşı oxuyanlar sırasında olan Nərminə müəllim olmaq istəyini də bildirdi.
10 saylı internatın 3-cü sinifində təhsil alan Əli Qarayev, Cəmil Əlizadə, Yasəmən Bağırova da 9 yaşlarının olmasına rəğmən dərslərində fərqləndiklərini və məktəb yoldaşları ilə davamlı şəkildə dərslərlə bağlı qarşılıqlı dialoqlar yaratdıqlarını bildirdilər.
Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Yetim və Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün 1 saylı Xüsusi Ümumtəhsil İnternat Məktəbində olduğumuz müddət uşaqlar artıq dərsələrini qurtarmış və dərs geyimlərini dəyişmişdilər. İnternatın direktoru Vüqar Əliyev burada 143 uşağın olduğunu bildirdi. Onlardan 18 nəfər uşağın hər iki valideynini itirdiyini, qalanlarının isə uğursuz ailələrin övladları olduğunu dedi. V.Əliyev internatda 6 yaşdan 18 yaşa qədər uşaqların təhsil və tərbiyə olunduğunu və burada respublikamızın bütün bölgələrindən uşaqların olduğunu bildirdi.
Direktor internatda 143 nəfər uşaqla 32 nəfər pedaqoji kadrın, 6 nəfər rəhbər işçinin çalışdığını söylədi. Eyni zamanda, məktəbdə 47 nəfər texniki işçinin olduğunu da qeyd edən V.Əliyev internatın 1963-cü ildə tikildiyini və 2004-2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə təmir olunduğunu bildirdi. "İnternatda uşaqlar gündə 4 dəfə olmaqla səhər, ikinci səhər, nahar və şam yeməkləri ilə təmin olunurlar. Uşaqların asudə vaxtlarının təşkili üçün futbol meydançası, idman zalı, rəsm və musiqi dərnəkləri də fəaliyyət göstərir. Bundan əlavə burada uşaqlar üçün doğma münasibətin olması bütün zərurətlərdən üstündür. Çünki onlar öz valideynləri tərəfindən imtina edilərək, dövlətin himayəsinə sığınıblar. Dövlətimiz tərəfindən isə bütün hallarda bu qismə aid olan uşaqlar və körpələr üçün ən zəruri addımlar atılıb. Onların sağlamlığının təmin edilməsi, savadlı kadrlar kimi cəmiyyətə adaptasiya olunması üçün vacib işlər görülüb" - deyən V.Əliyev bu internatda 18 yaşına çatmış hər bir gəncin qeydiyyatda olduğu rayonlara göndərilərək, onlar üçün gərəkli addımlar atıldığını söylədi. Eyni zamanda, internatı bitirmiş uşaqların texniki peşə məktəblərinə göndərilməsi də, mümkün olur deyən direktor məktəbdə bütün fənlərin tədris edildiyini söylədi. Bu internatda artıq birinci sinifə gedən şagirdlərə kompüter və ingilis dili proqramının tədris edildiyini söyləyən V.Əliyev internat məktəbinə Ermənistanın təcavüzkar siyasəti nəticəsində öz yurd-yuvalarından didərgin düşmüş və işğal altında olan rayonların ailələrindən uşaqların təhvil verilmədiyini də fakt kimi vurğuladı.
Həmsöhbət oluğumuz 1 saylı internat məktəbinin şagirdləri arasında Tehran Abdullayev 9-cu sinifdə oxuduğunu və 17 yaşının olduğunu dedi. Bildirdi ki, dərslərində əlaçıdır, amma gələcək planları barədə hələ düşünməyib.
Aşpaz olmaq arzusunda olan Elçin Osmanov da 9-cu sinifdə oxuduğunu və 16 yaşının olduğunu söylədi. "Mən əlaçıyam. Çünki əlaçının qohumuyam. Dadlı yemək bişirmək üçün böyük həvəsim var. Düşünürəm ki, "pover"lik edib yaxşı pul qazanacam"- deyən E.Osmanov yaxşı maşın sürmək istəyinin olduğunu da bildirdi.
Sakit-sakit dayanıb ətrafındakılara diqqətlə baxan Cənnət Abbayevanın isə danışmaqdan xoşu gəlmir. Suallarımıza başını aşağı salaraq cavab verən Cənnət 5-ci sinifdə oxuduğunu, 14 yaşının olduğunu dedi. "Gələcək barəsində hələ heç nə düşünməmişəm. Dərsələrimi çalışıram yaxşı oxuyum. İnşallah, hər şey yaxşı olar" -deyən C.Abbayeva üç rəfiqəsindən birinin artıq internatı bitirərək, buradan getdiyini bildirdi.
Həkim olmaq arzusu olan 17 yaşlı Azadə Ələsgərova 9-cu sinifdə oxuduğunu və dərslərində fərqləndiyini bildirdi. "İstəyirəm ki, tibb bacısı olum. İlk maaşımla özümə qəşəng paltar alacam. Gözəl paltarlar geyinmək üçün böyük həvəsim var" - deyən A.Ələsgərova çoxlu kitab oxuduğunu söylədi.
"Təhminə və Zaur" filminə bir neçə dəfə baxdığını deyən Təhminə Həsənova 15 yaşının olduğunu və 5-ci sinifdə oxuduğunu dedi. "Saç ustası olmaq istəyirəm. İlk qazancımda özümə yaraşan paltar alacam" - deyən T.Həsənova rəfiqələri ilə söhbətləşməkdən xoşu gəldiyini söylədi.
Əminə Həsənova 14 yaşının olduğunu və internatın 5-ci sinifində oxuduğunu dedi. Qeyd etdi ki, xarici dillərlə çox maraqlanır. Çünki ingilis dili müəllimi olmaq arzusunun olduğunu deyən Əminə kitab oxumağı sevdiyini bildirdi.
Jurnalist və televiziya aparıcısı olmaq arzusunda olan 8-ci sinif şagirdi Vətən İlyasova 15 yaşının olduğunu və internatdakı məktəbi bitirən kimi jurnalistika ilə məşğul olduğunu qeyd etdi.
6-cı sinif şagirdi Zəhra Nəbiyeva da saç ustası olmaq istəyir. "Hələlik, 15 yaşım var, həyatım qabaqdadır. Saç düzəltməklə çoxlu pul qazanmaq istəyirəm. Pulum çox olsa, özümə maşın alacam" -deyən Z.Nəbiyeva maraqlı filmlərə baxmağı xoşladığını vurğulayıb.
Müəllim olmaq istəyində olan 6-ci sinif şagirdi Nərmin İlyasova 12 yaşının olduğu dedi. Bildirdi ki, müəllim olub uşaqlara dərs keçmək onun ən böyük arzsudur. "İstəyirəm ki, arzuma çatım. Bunun üçün dərslərimi yaxşı oxuyuram. Boş vaxtlarımda isə rəsm çəkməklə məşğul oluram" - deyən N.İlyasova tarixi abidələrin rəsmlərini çəkməyi xoşladığını söylədi.
Akifə Talıbova da jurnalist olmaq istəyir. İnternatın 6-cı sinifində oxuyan 12 yaşı olan Akifə maraqlı kitabları oxumağı sevdiyini dedi.