"Şərəf" ordeninin ilk mükafatçıları
Dünən Muzey Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyev cənablarının 2009-2010-cu illərdə mədəniyyət və incəsənət sahəsində çalışan şəxslərə verilən fəxri ad və mükafatların təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq, Azərbaycan mədəniyyətinə dövlət tərəfindən göstərilən qayğını vurğulayıb, son illərdə bu sahədə olan nailiyyətlərdə dövlətin dəstəyi olduğunu bildirdi. Uzun illər milli mədəniyyətimizin keşiyində duran və onun inkişafına, bütövlükdə, gücünü həsr edən simalar hər zaman üzərlərinə düşən vəzifədə məsuliyyət hissini dərk etmiş, layiqli şəkildə təmsilçiyə çevrilmişlər: "Bu simalar olmasaydı, bizim Azərbaycan mədəniyyəti yüksək səviyyədə təbliğ edilməz və dünyada zəngin və inkişafda olan bir nümunə kimi diqqəti cəlb etməzdi. Fərəh hissi keçiririk ki, Azərbaycan mədəniyyətinin bu cür nümayəndələri ilə bir dövrdə yaşayırıq. Bu fədakar insanların əməyinin qiymətləndirilməsi dövlətin diqqətindədir. Elə bir mədəniyyət xadimi olmayıb ki, ümumilli lider Heydər Əliyev onun fəaliyyəti ilə tanış olmasın və onu əməyini layiqli şəkildə qiymətləndirməsin. Müasir dövrümüzdə İlham Əliyev cənabları tərəfindən bu siyasət aparılır və Heydər Əliyev ənənələri davam etdirilir."
Sənət yolunu ləyaqətlə yaşamış, muğam, ifaçılıq, xoreoqrafiya sənətinin görkəmli nümayəndələri, eləcə də, qələm sahiblərinin Prezidentin Sərancamı ilə fəxri ad və mükafatlara layiq görüldüyünü bildirən Ə.Qarayev təqdimatdan əvvəl İlham Əliyev cənablarının onlara ünvanladığı təbriki və xoş sözləri çatdırdı.
Nazir tərəfindən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri nəzərə alınaraq, "Şərəf" nişanına layiq görülmüş şəxslərə mükaftlar təqdim olundu.
"Şərəf" ordeninə layiq görülən Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatı, mədəniyyəti, poeziyasına, onun tanınmış simalarına Heydər Əliyev tərəfindən göstərilən diqqəti xatırladıb, Onun dəsti-xəttinin İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini söylədi. O, ömrünün 50 yaşında "Şöhrət", 55 yaşında xalq şairi, 60-da isə "Şərəf" ordeni ilə təltif olunmasını dövlət tərəfindən sənətinə verilən qiymət kimi dəyərləndirdi. O, bu diqqətə və münasibətə görə Azərbaycan Prezidenti İlham Əliyev cənablarına dərin təşəkkürünü bildirdi. Nazir Zəlimxan Yaquba TÜRKSOY Mədəniyyət Əlaqələri adından ünvanlanmış təbriki də çatdırdı. "Şərəf" ordeninin növbəti təqdimatçısı Azərbaycan Xalq artisti Fidan Qasımova bu mükafata görə səmimi fikirlərini ifadə etdi. 1997-ci ildə Heydər Əliyev tərəfindən "Şöhrət" ordeninə, bu gün isə İlham Əliyev cənabları tərəfindən "Şərəf" ordeninə layiq görülməsindən qürur duyduğunu bildirərək, Prezidentə minnətdarlığını ifadə etdi. Respublikanın Xalq artisti Canəli Əkbərov ömrünün 50 ilini Azərbaycan muğam sənətinə həsr edən bir xanəndə olaraq ömrünün 70-ci baharında sənətinə verilən bu qiymətə, "Şərəf" ordeninə layiq görüldüyünə görə, ilk olaraq, möhtərəm Prezidentə təşəkkürünü ünvanladı. O, qeyd etdi ki, dünyada analoqu olmayan bir haldır ki, dövlət tərəfindən mədəniyyətə, incəsənətə bu şəkildə diqqət ayrılır. C.Əkbərov Beynəlxalq Muğam Mərkəzinin inşası və dünya muğamşünaslarının Azərbaycana cəlb olunmasını milli mədəniyyətimizin uğuru kimi qiymətləndirdi. Son illərdə Azərbaycan muğamına dövlət, eləcə də, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən diqqətin artırıldığını da bir daha xatırlatdı. Nazir yeni təsis olunmuş "Şöhrət" ordenini sahiblərinə təqdim etdikdən sonra bu orden ilə təltif olunmuş sənətkarlara Azərbaycan Xalq artisti Murad Yegizarova, Ağaxan Abdullayevə, Əməkdar müəllim adı verilmiş İsakadze Allaya, "Tərəqqi" medalı verilmiş Nəzifə Əliyevaya, Züleyxa Nəcəfzadəyə Prezidentin Sərəncamı əsasında verilmiş mükafatları təqdim edib, uğurlar arzuladı.
İlk dəfə "Şərəf" ordeni vermək şərəfi ona nəsib olduğundan, bundan məmnun olduğunu bildirən nazir, Azərbaycan mədəniyyətinin daha da inkişaf etdirilməsi istiqamətində böyük işlərin görüləcəyini də diqqətə çatdırdı. Dövlət Proqramına əsasən, musiqi kollektivlərinin fəaliyyətinin artırılması, muzeylərin təkmilləşdirilməsi, tarixi abidələrin qorunması istiqamətində işlərin görüldüyü nəzərə çatdırıldı.