PDF Oxu

Əsas

  • 15

"Bakı Metropoliteninin 3-cü xətti istifadəyə veriləcək"

"Bakı Metropoliteninin 3-cü xətti istifadəyə veriləcək"

Dünən Yeni Azərbaycan Partiyasının qərargahında, partiyanın təşkilatçılığı ilə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov mətbuat konfransı keçirdi. T.Əhmədov metropolitendə mühafizə tədbirlərinin yaxşılaşdırılması, yeni tikilən stansiyalar, son zamanlar yaranan elektrik kəsilmələri ilə bağlı məsələlərə aydınlıq gətirib. Metropolitenin rəisi görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi.
Öncə metroda gediş haqqından bəhs edən T.Əhmədov qeyd etdi ki, 17 ildir ölkəmizdə bu qiymət 5 qəpik olub. "Bu, dünyanın heç bir ölkəsində olmayan taarif qiyməti idi. Bugünkü qiymət də heç bir ölkədə yoxdur. Hər rübdə Bakı Metropoliteni Tarif Şurasına gediş haqqı ilə bağlı rəqəm açıqlayır. Artıq rübün sonudur. Aprelin 10-a qədər bir daha qiymətlər hesablanıb Tarif Şurasına təqdim olunacaq. Söhbət bu gün dünya miqyasındakı qiymətdən gedir. Qiymət artımı ilə bağlı Tarif Şurası hansı addımı atarsa, Bakı Metropoliteni də onu icra edir.
Məlum olduğu kimi, Prezident İlham Əliyev "Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalamışdı. Sərəncamda da qeyd olunduğu kimi, ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan nəqliyyat infrastrukturunun ardıcıl inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilmiş, bir sıra islahatlar aparılmışdır. O cümlədən, Bakı şəhərində yeni prospektlər salınmış, mövcud avtomobil yolları genişləndirilmiş, müasir yol qovşaqları, piyadalar üçün keçidlər tikilərək istifadəyə verilmişdir.
Qeyd edilənlərlə yanaşı, əhalisi çox və sıx olan ölkə paytaxtında ekoloji cəhətdən təmiz olan metro nəqliyyatı sərnişinlərin sürətli, rahat və təhlükəsiz daşınmasında müstəsna rol oynayır".
T.Əhmədov metroda təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, Azərbaycan müharibə vəziyyətində olan dövlətdir. Demək olar ki, 1993-cü ildən Bakı Metropoliteni güclü iş rejimində işləyir.
Bu günlərdə Moskva metropolitenində baş verən hadisəyə diqqəti yönəldən T.Əhmədov qeyd etdi ki, metronun bütün stansiyalarında, vaqonlarda kameraların quraşdırılmasına baxmayaraq, iki stansiyada partlayış oldu. "Bu gün metropolitendə çıxış yolu ondan ibarətdir ki, az sərnişin olan stansiyalarda bir, güclü stansiyalarda isə iki girişdən istifadə edilir. Sərnişinlər dedektr aparatı ilə yoxlanılır. Əlbəttə, bu da vəziyyətdən çıxış yolu deyil. Dedektrlə 600-650 min sərnişini yoxlamaq qeyri- mümkündür. Bu gün daha çox əlində çanta olan qadınlar, eyni zamanda, böyük bağlamalarla keçən sərnişinlər yoxlanılır. Təhlükəsizliyin təminatından başqa alternativ yol yoxdur. Dünya praktikasında elə bir aparat yoxdur ki, sərnişin metroya daxil olana qədər onun nə apardağını müəyyən etsin. Azərbaycan dövləti vətəndaşların təhlükəsizliyinin təminatına xüsusi diqqət göstərir, bu istiqamətdə zəruri addımlar atır".
T.Əhmədov bu günlərdə metroda elektrik enerjisi ilə bağlı yaranan problemə də aydınlıq gətirdi. Qeyd etdi ki, baş verən hadisə qısa qapanma ilə bağlıdır. "Bunu gündəlik həyatımızda da müşahidə edirik. Amma Bakı Metropoliteninin fəaliyyəti dövründə, ilk dəfədir ki, 825 voltluq kabel qısa qapanma verir. Sözsüz ki, gələcəkdə bu hadisənin yenidən baş verməyəcəyini heç kəs proqnoz verə bilməz. Amma bunun qarşısını almaq bizim vəzifəmizdir. Bu hadisə baş verməməliydi. Baş veribsə, Bakı Metropoliteni öz günahını bilməlidir".
T.Əhmədovun sözlərinə görə, Bakı Metropoliteninin davamlı fəaliyyətinin təmin edilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni vaqonların alınması və tikinti-quraşdırma işlərinin genişləndirilməsi daim dövlətin diqqət mərkəzində saxlanılır: "Göstərilən tədbirlər nəticəsində tikintisi bir neçə il davam etdirilən yeni- "Nəsimi" stansiyası, "Azadlıq prospekti" stansiyası inşa olunub sərnişinlərin istifadəsinə verilib.
Müasir şəhərsalmanın xüsusiyyətləri, metro nəqliyyatından istifadə edən sərnişinlərin sayının günbəgün artması yeraltı nəqliyyat üçün uzunmüddətli perspektiv planlaşdırmanı tələb edir".
Bakı Metropoliteninin inkişaf perspekivləri barədə T.Əhmədov bildirdi ki, bu mövzunun əhatə dairəsi çox genişdir. Bakı Metropoliteninin ictimai nəqliyyatda oynadığı əvəzsiz rolunu və müasir infrastrukturun inkişaf tempini nəzərə alaraq, Bakı şəhərində sərnişin nəqliyyatı sistemini təkmilləşdirmək və nəqliyyatın hərəkətinin gərginliyini azaltmaq məqsədi ilə "Bakı Metropoliteninin 20 illik inkişafının Dövlət Proqramı"nın layihəsi hazırlanıb. Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib təsdiqləndikdən sonra bu barədə ətraflı məlumat veriləcək.
Onun sözlərinə görə, mövcud beynəlxalq təcrübədən istifadə edilməklə Bakı Metropoliteninin yeni baş sxeminin tərtibinin təmin edilməsi, hazırda istismarda olan metro şəbəkəsinin texniki vəziyyətinin təhlil və müayinəsi əsasında şəbəkənin təkmilləşdirilməsinə, təhlükəsizliyinin artırılmasına, zəruri hesab edilən yenidənqurma və bərpa işlərinin aparılmasına, Bakı Metropoliteninin maddi-texniki təchizatının yaxşılaşdırılmasına dair təkliflər layihədə öz əksini tapıb.
Mətbuat konfransında o da bildirildi ki, dərin özüllü stansiyaların ikinci çıxışı olmalıdır. Bu, dünya praktikasında var. "Elmlər Akademiyası"nın çıxışı birbaşa Bakı Dövlət Universitetinin qarşısında, "Nizami" stansiyasının çıxışı Dövlət Dram Teatrının, "Sahil" stansiyasının çıxışı Nəsimi heykəlinin qarşısında, "İçərişəhər"in çıxışı isə Milli Parkdadır. "İçərişəhər"in Milli Parka çıxışının layihəsi çoxdan hazırlanıb. Orda düzünə eskalatorun yerləşdirilməsi nəzərdə tutulur. Nəzərdə tutulan stansiylarda işlər gedir. Bu layihə Dünya Bankı tərəfindən yüksək dəyərləndirilib.
Metropolitenin rəisi stansiyaların sayının artırılması ilə bağlı fikirlərini də açıqladı. Bildirdi ki, hazırda üç stansiyada tikinti işləri gedir. Bu il onların istifadəyə verilməsi nəzərdə tutulmur. "Əcəmi 2", "Avtovağzal" və "Azadlıq prospekti" stansiyasının davamında işlər aparılır. "Hər üç stansiyada paralel iş gedir. "Əcəmi 2" və "Avtovağzal" stansiyaları metropolitendə artıq üçüncü xətt olacaq. Üçüncü xətt o biri stansiyalardan və tunellərdən fərqli olaraq tunelin diametri 5,8 metr, stansiyanın uzunluğu isə 7 vaqonludur. O xətt tamamilə müasir standartlara uyğun olacaq. Bu günə qədər tikilən stansiyaların hamısı sovet sistemində tikilən stansiya olub. Ona görə də, müəyyən çatışmazlıqlar mövcuddur. Əlillərin gediş-gəlişi üçün lazım olan şərait yaradılır. Bir sözlə, üçüncü xətdə dünya praktikası tətbiq olunur".
T.Əhmədov yeni stansiyaların adlarının şərti olduğunu vurğuladı. Bildirdi ki, dövlət başçısının sərəncamına əsasən, stansiyaların adları təsdiqlənir. Bakı Metropoliteninin rəisi dövlət investisiyaları barədə də məlumat verdi: "Dövlət investisiyaları var və davam edir. Bu vəsait normal qaydada verilir və stansiyaların tikintisi üçün kifayətdir".
Yeni qatarların alınması ilə bağlı da fikrini açıqlayan T.Əhmədov bildirdi ki, alternativ variantlar axtarılır. Bu istiqamətdə danışıqlar aparılır. Vaqonların böyük partiyalarla alınması nəzərdə tutulub. Bununla bağlı uzunmüddətli müqavilə imzalanıb.
Tunellərin qazılması üçün maşınların alınacağını bildirən Bakı Metropoliteninin rəisi bildirdi ki, ilin sonuna tunelqazan maşın alınacaq. Vəsait Metrotikinti Səhmdar Cəmiyyətinə ayrılıb. Danışıqlar aparılır, müqavilələr imzalanır. Maşının məhsuldarlığının yüksək olduğunu qeyd edən T.Əhmədov vurğuladı ki, gündəlik məhsuldarlığı 25 metrdir. Qurğu gətirildikdən sonra tunelqazma işi çox yüksək səviyyədə aparılacaq. Gələcəkdə bir ildə 4-6 stansiyanın tikilib istifadəyə veriləcəyinin şahidi olacağıq.
T.Əhmədov gün ərzində metrodan nə qədər sərnişinin istifadə etdiyini də bildirdi. Vurğuladı ki, 600-650 min sərnişin istifadə edir. Bakı Metropolitenində çalışan işçilərin əməkhaqları ilə bağlı jurnalistlərin sualına metropoliten rəisi, orta aylıq əmək haqqının 420 manat olduğunu qeyd edib.


Elçin Bayramlı
Yeni Azərbaycan Partiyası bu gün "Ekologiya ili"
çərçivəsində ağacəkmə
kampaniyası keçirəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin "Ekologiya ili" elan edilməsi ölkəmizdə ekoloji məsələlərin həllinə diqqəti daha da artırıb. Azərbaycanda istər Bakı və Bakıətrafı ərazilərdə, istərsə də bölgələrdə bu istiqamətdə həyata keçirilən təbbirlər ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilib. Bu gün "Ekologiya ili" çərçivəsində daha bir tədbirin keçirilməsi nəzərdə tutulub.
Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə növbəti ağacəkmə kampaniyası keçirəcək. SİA-ya partiyadan verilən məlumata görə, kampaniyada YAP-ın Bakı şəhər rayon təşkilatlarının üzvləri iştirak edəcək. Minlərlə növ ağacın Heydər Əliyev prospektinin hava limanı yolu hissəsində əkilməsi nəzərdə tutulub.

Baş Prokurorluq ali təhsil müəssisələrinin rəhbərliyini təhlükəsizliyi gücləndirməyə çağırıb

Azərbaycanın Baş Prokurorluğu ali təhsil müəssisələrinin rəhbərliyini təhlükəsizliyi təmin etməyə çağırıb. Trend-in məlumatına görə, təhsil naziri Misir Mərdanov cümə günü jurnalistlərə bildirib ki, Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqınla əlaqədar başlanmış cinayət işinin istintaqının nəticəsi barədə baş prokurorun müavini Rüstəm Usubovun imzası ilə nazirliyə məktub göndərilib. 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasına odlu silahla hücum edən Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri isə yaralayıb. Həmin cinayət işi üzrə 4 nəfər həbs olunub və barələrindəki cinayət işinin istintaqı yekunlaşdıraraq, baxılması üçün məhkəməyə göndərilib. Təhsil naziri jurnalistlərə bildirib ki, bu məktubdan sonra bütün təhsil müəssisələrinin rəhbərliyinə mühafizənin təmin olunması məsələsinə yenidən baxılması barədə tapşırıqlar verib. Məktubda ADNA-nın hadisə baş vermiş ikinci korpusunun mühafizəsinin təşkil olunmaması, korpusa daxil olan şəxslərin tələbə biletlərinin və xidməti vəsiqələrinin yoxlanılmaması səbəbindən cinayəti törətmiş şəxslər binada sərbəst gəzib və giriş-çıxışı öyrəniblər. İstintaqla müəyyən edilib ki, fövqəladə hallar zamanı istifadə olunmalı pilləkənlərin aşağı mərtəbələrdə dəmir barmaqlıqlarla bağlı olması səbəbindən tələbə və müəllimlər binanı tərk edə bilməyiblər.
Baş Prokurorluq bu halları nəzərə alaraq, təhsil müəssisələrinin mühafizəsinin təşkil olunması, qanunvericiliyə müvafiq olaraq həmin binalarda giriş-çıxış qaydalarının müəyyən edilməsi, fövqəladə hallar zamanı binanı tərk etmək üçün xəbərdaretmə qurğularının və digər mühafizə sistemlərinin quraşdırılmasını, binaların ehtiyat çıxışlarla təmin olunması barədə tövsiyələr verib.

Digər xəbərlər