PDF Oxu

Əsas

  • 13

"Qloballaşma: müsbət və mənfi cəhətlər"

"Qloballaşma: müsbət və mənfi cəhətlər"
Dünən, YAP Nərimanov rayon təşkilatının qərargahında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi YAP Qadınlar Şurası ilə birgə milli dəyərlərimizin gənc nəsil arasında təbliği və qorunub saxlanması məqsədi ilə "Qloballaşma: müsbət və mənfi cəhətlər" mövzusunda konfrans keçirildi.
Konfrans iştirakçıları ilk öncə məktəblilərin ifasında xalqımızın milli bayramı olan Novruz bayramına həsr edilmiş ədəbi-bədii kompozisiyalara tamaşa etdilər. Tədbiri giriş sözü ilə açan AQUPDK-nin sədri Hicran Hüseynova YAP Qadınlar Şurası ilə keçirilən bu konfransın mahiyyətindən bəhs etdi. Qeyd etdi ki, YAP bu gün xalqın ən böyük dəstək verdiyi siyasi bir təşkilatdır: "Eyni zamanda, nəzərə almaq lazımdır ki, YAP sıralarında olan qadınlar ictimai-siyasi proseslərdə daha aktiv mövqe nümayiş etdirir. Bu baxımdan da, cəmiyyətimizin inkişafında bu siyasi təşkilatla birgə olmaq hər birimiz üçün vacib şərtdir. Ona görə də, nəinki Azərbaycan cəmiyyətində, eyni zamanda, kənar cəmiyyətlərdə olan müsbət və qeyri-müsbət dəyişikliklər də bu və ya digər formada öz təsirini göstərir. Hal-hazırda dünyada gedən qloballaşma prosesi müxtəlif dövlətlərin birgə hərəkətini birləşdirərək cəmiyyətin irəliləməsində böyük rol oynayır. Bununla yanaşı, qloballaşma zamanı dövlətlər öz milli dəyərlərini qoruyub saxlamaqdan ötrü də müəyyən vasitələrdən və yollardan istifadə edir. Məhz qloballaşmanın müsbət və mənfi cəhətlərini, milli dəyərlərimizə təsirini, gənclərin vətənpərvərlik və milli ruhda tərbiyələnməsi, televiziya, internet və digər proseslərin uşaqların tərbiyəsində rolunu müəyyən dərəcədə çərçivə formasında qiymətləndirilməsi yaxş olmazdır". H.Hüseynova ölkəmizin beynəlxalq aləmə inteqirasiyası müstəvisində milli ruhun daha möhkəm qorunmasının vacibliyini vurğuladı.
AMEA-nın muxbir üzvü, millət vəkili Bəxtiyar Əliyev çıxışında bu cür mövzular ətrafında təşkil olunmuş konfransların böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Qeyd etdi ki, qloballaşan dünyada milli dəyərləri qoruyub saxlamaq çox çətindir. Çünki kənardan olan təsirlər istər-istəməz cəmiyyətin istiqamət xətti üzrə inkişafına təsirsiz ötüşmür. B.Əliyev cəmiyyəti bu cür qovğalardan qoruya biləcək üsul və mexanizmlərin işlək vəziyyətdə olmasının vacibliyini də bildirdi.
Milli Məclisin insan hüquqları komitəsinin Rəbiyyət Aslanova Novruz bayramı münasibəti ilə Azərbaycan xalqına təbriklərini çatdırdı. Bildirdi ki, elmi-nəzəri əhəmiyyəti böyük olan bu cür tədbirlərin milli-mənəvi dəyərlərimizin təbiliği baxımından vacibdir. Qloballaşan dünyada hər bir insanın müəyyən dərəcədə kənar təsirlərə məruz qalacağını nəzərə alaraq bütövlükdə cəmiyyəti bu cür hallara qarşı dözümlülük və hazırlığını təmin etməyin vacib olduğunu bildirən komitə sədri qloballaşmanın, bütövlükdə, bəşəriyyəti vahid bir mərkəzdə birləşdirdiyini də qeyd etdi.
Təhsil nazirinin müavini Elmar Qasımov, qloballaşmanın müsbət və mənfi cəhətləri olduğu kimi digər təsir imkanlarının da olduğunu bildirdi. Qeyd etdi ki, milli ruhumuzu daha yüksək tutmaqla, beynəlxalq arenaya inteqrasiya olunmaq daha vacib amildir. Bu baxımdan da, görülən hər bir işin başında birbaşa milli ruhun dayanmasının başlıca şərt olduğunu bildirən E.Qasımov hər bir millətin öz milliliyini qorumağının məhz bu prinsipdən keçdiyini də vurğulayıb.
Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov da qloballaşan dünyada cəmiyyətlərin inkişaf xəttinin bir çox hallarda yanlış istiqamətlərə yönəldiyini də bildirdi. Vurğuladı ki, bu gün Azərbaycan cəmiyyəti beynəlxalq cəmiyyətin vacib və ayrılmaz bir hissəsidir. "Bu baxımdan da, istənilən halda beynəlxalq cəmiyyətlərin bizim cəmiyyətə və bizim cəmiyyətin isə beynəlxalq cəmiyyətlərə təsiri qaçılmazdır" deyən akademik hər bir millətin öz milli ruhunu sahib olaraq yüksəlməsinin əsas amil olduğunu qeyd etdi.
Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Gülşən Paşayeva da konfransın əhəmiyyətini yüksək dəyərləndirdi. Bildirdi ki, burada səslənən fikirlər cəmiyyətlərin qarşılıqlı inteqrasiyasını və xalqların inkişaf istiqamətlərinin bir çox sahələrini əhatə etdi. Eyni zamanda, Azərbaycan cəmiyyətinin bu inkişaf mərhələsində olduğunu qeyd edən G.Paşayeva istənilən məqamda insanların kənar təsirlərə məruz qaldığını bildirdi.
Konfransda çıxış edən digər natiqlər də, cəmiyyətdə baş verənlərdən, milli-mənəvi dəyərlərə kənar qüvvələrin təsirindən bəhs etdilər.

Digər xəbərlər