Bakıda ilaxır çərşənbə geniş qeyd edilir
Bakı İlaxır çərşənbəni "Atəşgah məbədi"ndən od götürməklə qarşılayır. Ənənəyə sadiq olaraq bu dəfə də Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtda Novruz bayramının İlaxır çərşənbəsi ilə bağlı tədbirlərə dünən Aznetf meydanından start verilmişdir.
Novruzun əsas personajlarından ibarət böyük bir karvan "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğuna yola düşmüşdür. Üç dəvə, yeddi süvari və beş faytondan ibarət karvan Bakının əsas inzibati rayonlarının ərazisindən keçəcəkdir. Karvana Novruzun əsas qəhrəmanları sayılan Keçəl, Kosa və Bahar qız da qoşulmuşdur. Bu dəstə Atəşgahdan ulu Dədə Qorqudun elimizə-obamıza xeyir duasını alandan sonra oradakı əbədi məşəldən od götürüb geri dönəcəkdir. Həmin alovla Qız qalasındakı tonqallar yandırılacaqdır. Bununla da baharın qədəmlərinə mübarək deyiləcəkdir.