PDF Oxu

Əsas

  • 18

Masaru Savanişi-İmay: "Azərbaycan kimi sürətlə inkişaf edən ikinci bir ölkə tanımıram"

Masaru Savanişi-İmay: "Azərbaycan kimi sürətlə inkişaf edən ikinci bir ölkə tanımıram"
Mən artıq ikinci dəfədir ki, ölkənizə səfər edirəm və ötən müddət ərzində Bakının, ümumən Azərbaycanın müasirləşməsi istiqamətində görülən işlərə heyran qalmışam. Azərbaycan kimi sürətlə dəyişən və inkişaf edən ikinci bir ölkə tanımıram. Hətta böhranlı 2009-cu ildə də Azərbaycanda sənaye istehsalı, ümumi daxili məhsul sürətlə artmışdır, böyük infrastruktur layihələri uğurla həyata keçirilmişdir.
Bu sözləri Azərbaycan Dövlət Teleqraf Agentliyinin 90 illik yubiley tədbirlərində iştirak etmək üçün Bakıda səfərdə olan Yaponiyanın KYODO informasiya agentliyinin xarici əlaqələr departamentinin direktoru Masaru Savanişi-İmay AzərTAc-a müsahibəsində demişdir.
Savanişi-İmay bildirmişdir ki, Azərbaycanın dinamik inkişafı kimi, nüfuzu da gündən-günə artır. Əlbəttə ki, bu, ilk növbədə dövlət başçısının apardığı daxili və xarici siyasətin düzgün müəyyənləşdirilməsi ilə bağlıdır. Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin neft gəlirlərini regionlarda və Bakı kimi böyük şəhərlərdə sosialyönümlü layihələrə yönəltməsi qazanılan nailiyyətlərin əsasını təşkil edir. Azərbaycan dövlətinin başçısı ilə görüşləri dərin razılıq hissi ilə xatırladan yaponiyalı qonaq qeyd etmişdir ki, Prezident İlham Əliyevdə əsl liderə xas olan bütün yüksək keyfiyyətlər vardır. Prezident İlham Əliyevin 2008-ci il sentyabrın 2-də AzərTAc-ın ev sahibliyi ilə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin "Qloballaşan dünyada informasiya hamı üçün" mövzusunda Bakıda keçirilən 30-cu iclasının və milli agentliyinizin 90 illik yubiley tədbirlərinin iştirakçılarını qəbul etməsi dövlət başçısının informasiya sahəsinə verdiyi böyük önəmin göstəricisidir.
Azərbaycan Prezidenti ilə hər iki görüşün nümayəndə heyətlərinin üzvlərində unudulmaz təəssürat doğurduğunu dilə gətirən Savanişi-İmay bildirmişdir ki, İlham Əliyev yüksək intellektual potensiala və dünyagörüşünə malikdir. Prezident İlham Əliyevlə görüşdə dövlət başçısının "həqiqi məlumatın vaxtında verilməsi operativ qərarların qəbulu, proseslərin düzgün şərh edilməsi, ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında mühüm rol oynayır" fikrinin böyük məna kəsb etdiyini bildirən KYODO-nun departament direktoru vurğulamışdır ki, dövlətlərarası münasibətlərin inkişafında medianın, xüsusilə də milli xəbər agentliklərinin rolu və öhdəlikləri olduqca böyükdür. Ölkələrimiz arasındakı münasibətlərə toxunan Savanişi-İmay Yaponiya ilə Azərbaycanın əlaqələrinin bütün sahələrdə, xüsusi ilə də təhsil sahəsində sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. Yaponiya hökumətinin ayırdığı qrantlar hesabına Azərbaycanın regionlarında yeni məktəb binaları tikilmiş və təmir olunmuşdur. Savanişi-İmay demişdir: "Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə Yaponiyanın Azərbaycandakı keçmiş səfiri Toşiyuki Fucivaranın "Şöhrət" ordeni ilə təltif edilməsi ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğundan xəbər verir".
AzərTAc-ın son illərdə beynəlxalq səviyyədə əldə etdiyi uğurlardan danışan yaponiyalı qonaq demişdir ki, KYODO-nun da təmsil olunduğu OANA-nın və onun rəhbər orqanı İcraiyyə Komitəsi idarə heyətinin fəal üzvü kimi AzərTAc təşkilatın fəaliyyətinin genişlənməsində mühüm rol oynayır. AzərTAc həm də Avropa Xəbər Agentlikləri Alyansının üzvüdür. Bütün bunlar deməyə əsas verir ki, müstəqil Azərbaycan Respublikası artıq dünyada söz sahibidir.

Digər xəbərlər