Xəzər Dəniz Gəmiçiliyi 2009-cu ilin istehsalat maliyyə fəaliyyətini uğurla başa vurub
Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 2009-cu il ərzində istehsalat-maliyyə fəaliyyəti haqqında mətbuat konfransı keçirildi.
Ənənəvi olaraq keçirilən mətbuat konfransında ilk olaraq çıxış edən YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev YAP-ın İcra Katibliyinin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan xanımlarına təbriklərini çatdırdı. Mətbuat konfransında çıxış edən Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tövsiyələri və ölkəmizin sosial-iqtisadi inkişaf proqramının tələblərini əsas götürərək, Avrasiya nəqliyyat dəhlizinin fəaliyyətini genişləndirmək məqsədilə son illər Dövlət Xəzər Dəniz Gəmiçiliyinin maddi-texniki bazasını planlı şəkildə gücləndirməklə yanaşı, Xəzər hövzəsində işləyən şirkətlər arasında yük daşımaları sahəsində etibarlı tərəfdaş kimi tanındığını bildirdi. "Xəzər Dəniz Gəmiçiliyinin qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün 2009-cu il ərzində nəqliyyat gəmiləri ilə 13 milyon 197,7 min ton, o cümlədən, tankerlərlə 9 milyon 864,5 min ton, quru yük daşıyan gəmilərlə 1 milyon, 029,0 min ton və gəmi-bərələrlə 2 milyon 296, 2 min ton müxtəlif növ yüklər daşınmışdır. Ötən il ərzində TRASEKA nəqliyyat dəhlizi ilə 8 milyon 028,0 min ton yük daşınmışdır ki, bu dövlət 2008-ci illə müqayisədə 18 faiz artıq qiymətləndirilir. Hesabat dövrü ərzində yükdaşımalar bazarında kəskin rəqabət mövcud olsa da, Xəzər dəniz donanması daşınan yüklərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 1 milyon 2917 min ton və ya 10,9 faiz artım deməkdir" deyən A.Bəşirov ötən il qarşıya qoyulan bir sıra məqsədlərin yerinə yetirildiyini və nəzərdə tutulmuş işlərin yaxın zamanlarda yekunlaşacağını da qeyd etdi. Bildirdi ki, son vaxtlar dünya iqtisadiyyatında baş verən dəyişikliklər, heç şübhəsiz ki, dəniz yolları ilə yükdaşıma bazarlarının formalaşmasına da öz müvafiq təsirini göstərmişdir. A.Bəşirov, əsasən, quru yük donanmasında yükdaşımaların məhz dünyada baş verən iqtisadi dəyişikliklərlə bağlı tarif dərəcələrinin də aşağı düşdüyünü bildirdi. Gəmiçiliyin rəisi Qara və Aralıq dənizləri hövzələrində yükdaşımanın səviyyəsinin kəskin surətdə aşağı düşməsi səbəbindən bu hövzələrdə işləyən quru yük gəmilərinin Xəzər dənizinə gətirilməsi məcburiyyətini yaratdığını bildirdi. Söylədi ki, hazırda quru yük gəmilərinin böyük bir hissəsi Xəzər dənizinə gətirilmiş və dövlətimizin iqtisadiyyatı üçün mühüm rol oynayan yüklərin daşınması ilə məşğuldur. Bununla yanaşı, ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Türkiyəni Ukrayna ilə birləşdirən Zonquldaq-Skadovsk bərə xəttinin bütün maneələrə baxmayaraq, fəaliyyətini çox yüksək səviyyədə davam etdirdiyini bildirən A.Bəşirov Xəzər dəniz hövzəsində yükdaşıma bazarında neft və neft məhsullarının daşınmasında artımın da müşahidə olunduğunu bildirdi. Qeyd etdi ki, perspektivli yükdaşıma bazarının formalaşmasında başlıca amil kimi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğurla istifadə edilməsidir. Həmin kəmərin Qazaxıstan limanlarından daşınan xam neftin artım dinamikasının müşahidə olunduğunu bildirən gəmiçilik rəisi bütün bunlara baxmayaraq, şirkətlərlə yükdaşımanın həcminin artırılması istiqamətində də, mütəmadi olaraq, danışıqların aparıldığını bildirdi. "2009-cu il ərzində Xəzər hövzəsində sərnişin daşımalar istiqamətində də nəzərəçarpacaq rəqəmlər müşahidə edilmişdir. Belə ki, Xəzər hövzəsində 10,7 min nəfər sərnişin daşınmış və sərnişin dövriyyəsi 2,0 milyon nəfər təşkil etmişdir. XDG-də çalışan işçilərin orta aylıq əmək haqqına gəldikdə isə 320 manat, o cümlədən, üzücü heyətdə çalışanlar üçün 339 manat, bundan əlavə üzücü heyət üzvlərinin hər birinə aylıq ezamiyyət xərcləri əvəzi olaraq Xəzərdən kənar hövzələrdə işləyənlərə isə orta hesabla 661 ABŞ dolları Xəzər dənizində işləyənlərə isə 333 ABŞ dolları məbləğində məvacib ödənilir" deyən gəmiçilik rəisi Avrasiya nəqliyyat dəhlizi ilə yük axınının yaxın gələcəkdə artımını nəzərə alaraq gəmiçiliyin texniki potensialını güxləndirmək və yeni modernləşdirilmiş gəmilərin alınması məqsədi ilə 2007 və 2008-ci illərdə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu üçün Nazirlər Kabineti tərəfindən müvafiq vəsaitin də ayrıldığını bildirdi. Qeyd etdi ki, son üç ildə Rusiyanın "Krasnoye Sormovo" zavodunda hər biri 13470 ton dedveytə malik "Koroğlu", "Dədə Qorqud", "Zəngəzur", "Şuşa" və 12361 ton dedveytə malik "Cabbar Haşımov" tankerləri, habelə, Xorvatiyanın Ulyanik gəmi tərsanəsində inşa edilmiş yükgötürmə qabiliyyəti 52 vaqonu olan müasir gəmi bərələr "Akademik Zərifə Əliyeva" və "Qarabağ" gəmiləri alınmış və istismara verilmişdir.
Gəmiçilik rəisi onu da bildirdi ki, son 7 il ərzində Xəzər Dəniz Gəmiçiliyinə 14 ədəd yeni gəmi alınmışdır ki, onlardan da on ədədi tanker, 1 ədədi yük daşıyan gəmi, 1 ədəd sərnişin gəmisi, 2 ədəd müasir gəmi bərələridir. Bütün bunların alınmasına 202 milyon 395,6 min manat vəsait xərclənmişdir ki, onlardan da 107 milyon 830,3 min manatı gəmiçiliyin öz maliyyə imkanları hesabına qalan 94 milyon 565,3 min manat isə dövlət hesabından ödənildiyini bildirən A.Bəşirov keçən ilin əvvəllərində gəmiçiliyin tabeçiliyində olan təşkilatların işçi qüvvəsi və texniki imkanları hesabına Zığ quru yük liman məntəqəsinin tikintisinə başlanıldığını bildirdi. Söylədi ki, Zığ dəniz limanının tikintisinə Nazirlər Kabineti tərəfindən 26 milyon 586 min manat vəsait ayrılıb və hazırda tikinti işləri uğurla sona çatdırılmışdır. Bütün bunlar isə əhalinin rifahının yaxşılaşdırılması üzrə Dövlət Proqramının tərkib hissəsi kimi 400 nəfərə qədər yeni iş yerinin açılmasının olduğunu bildirən A.Bəşirov gəmiçilik idarəsi tərəfindən hər zaman olduğu kimi, qaçqın və məcburi köçkün, şəhid və əlil ailələrinə, mütəmadi olaraq, lazımi yardımlar göstərildiyini vurğuladı. A.Bəşirov, həmçinin, dənizçilərin sağlamlığının qorunması, onlara daha yüksək tibbi xidmətlərin göstərilməsi üçün gəmiçiliyin tabeçiliyində olan xəstəxana və poliklinikalarda Avropa standartlarına uyğun təmir və yenidənqurma işlərinin başa çatdığını və ən müasir tibbi avadanlıqların alındığını da bildirdi.