AMEA-da Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
Dünən AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri Xocalı faciəsinin 18-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbir başlamazdan öncə, soyqırımında həlak olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə 18 il öncə, fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri tərəfindən keçmiş SSRİ-nin Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alayının hərbi qulluqçularının və zirehli texnikasının köməyi ilə Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdikləri vəhşilikləri bir daha tədbir iştirakçılarının nəzərinə çatdırdı. O, 1992-ci ildə baş vermiş bu dəhşətli hadisənin Azərbaycan xalqının tarixində qara hərflərlə yazıldığını söylədi. "Xocalı faciəsi haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması üzrə müxtəlif ölkələrdə tədbirlər keçirilir. Təsadüfi deyil ki, bu gün dünyanın onlarla ölkəsində dövlətində Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilir".
Sonra AMEA Gənclərin İntellektual İnkişafı Mərkəzinin rəhbəri, İlqar Orucov çıxış edərək insanlığa, bəşəriyyətə qarşı törədilmiş Xocalı faciəsinin beynəlxalq aləmə çatdırılmasında gənclərin öhdəsinə vəzifələrin düşdüyünü qeyd etdi. O bildirdi ki, Xocalı soyqırımı barədə dünya ictimaiyyətinə dolğun məlumatların verilməsində Heydər Əliyev Fondunun, o cümlədən, fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti təqdirəlayiqdir. İ.Orucov Heydər Əliyev Fondunun Rusiya Federasiyası nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın rəhbərliyi ilə aparılan "Xocalıya ədalət" kampaniyasının beynəlxalq aləmdə böyük rezonans doğurduğunu xüsusi qeyd etdi: "Xocalı soyqırımına beynəlxalq aləmdə hüquqi-siyasi qiymət verilməlidir. Faciə qurbanları təkcə xocalıların deyil, bütün xalqımızın övladlarıdır və bu şəhəri az qala əliyalın qoruyan və şəhid olan insanlar isə əbədi hörmətə və ehtirama layiqdirlər".
Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, hüquq elmləri namizədi Bəhram Zahidov, fəlsəfə elmləri namizədləri Müstəqim Ağayev, Elsəvər Səmədov və Hüseyn İbrahimov erməni quldurlarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışdılar.
Sonda ingilis dilində Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirildi.