PDF Oxu

Əsas

  • 20

Milli Məclisin növbəti iclası keçirildi

Milli Məclisin növbəti iclası keçirildi
Dünən keçirilən Milli Məclisin iclası deputatların Xocalı soyqırımının qurbanlarının xatirəsinin yad edilməsi ilə başladı. Spiker Oqtay Əsədov yaxın günlərdə 20-ci əsrdə insanlığa qarşı törədilən ən dəhşətli faciənin - Xocalı faciəsinin 18-ci ildönümünün tamam olacağını söylədi.
O.Əsədov Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Soyqırımı qurbanları yad edildikdən sonra parlamentin plenar iclası öz işinə başladı.
Milli Məclisin gündəliyində olan məsələlərə keçməzdən öncə, cari məsələlər müzakirə olundu. Müzakirə zamanı deputatlar bir sıra təkliflər irəli sürdülər. Deputat Musa Quliyev 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə repressiya olunması ilə bağlı məsələnin Milli Məclisdə müzakirəsini təklif etdi. Onun sözlərinə görə, bu repressiya faktına görə Ermənistandan kompensasiya tələb olunmalıdır. Deputat Aynur Quliyeva Musa Quliyevin fikrini dəstəkləyərək, bildirdi ki, Milli Məclisdə bu məsələ ilə bağlı müzakirələr aparılması vacibdir. O, həmçinin, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində tədbirlərin intensivləşdirilməsini təklif etdi.
Millət vəkili Qüdrət Həsənquliyev spikerin başçılığı ilə İrandan səfərdən qayıdan nümayəndə heyətinin keçirdiyi görüşlər haqqında məlumat verilməsini təklif etdi. Millət vəkili İranda Azərbaycana qarşı aksiya keçirildiyini və təhqirlərə yol verildiyini söylədi: "Xocalı soyqırımın törədilməsində iştirak edən Ermənistan prezidentinin hansı haqla İranda əlini sıxırlar?"
Spiker Oqtay Əsədov deputatın sözlərinə cavab olaraq, onun çıxışında ehtiyatlı olmasını vurğuladı: "Mən çıxış etmişəm, edirəm də. Səfər haqqında da lazımi məlumat veriləcək. İran-Azərbaycan münasibətlərində fərqli yanaşmalar var. Bir var populist yanaşma, bir də var dövlətçilik yanaşması... Biz İranla münasibətlərimizi hər zaman yüksək səviyyədə qurmalıyıq. Əfsus ki, həm o, həm də bu tərəfin bu əlaqələrinə mane olanlar var".
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Türkiyənin Ermənistanla imzaladığı protokollarla bağlı qətiyyətli mövqe ortaya qoyduğunu söylədi. Onun sözlərinə görə, hazırda Türkiyəyə qarşı təzyiqlər artmaqdadır: "ABŞ Konqresində qondarma "erməni soyqırımı" layihəsi müzakirəyə çıxarılacaq. Bu, Azərbaycanın da maraqlarına ziddir. Azərbaycan parlamenti bu məsələnin yenidən gündəmə gətirilməsinə etiraz məktubu ünvanlamalıdır. Mümkün olsa, Azərbaycan parlamenti bununla bağlı ABŞ-a məxsusi deputat qrupu da göndərməlidir".
Millət vəkili Məlahət İbrahimqızı M.Qurbanlının təkliflərini dəstəklədiyini, ABŞ Konqresinə müraciət edilməsinin zəruriliyini vurğuladı. Millət vəkili, həmçinin, qızların təhsildən yayınması və erkən nikaha daxil olması ilə bağlı ciddi narahatlığa səbəb olan faktların mövcud olduğunu bildirdi: "Ailə Məcəlləsində qızların aşağı nikah yaşı 17 götürülür. Beynəlxalq sənədlərdə isə bu yaş həddi 18-dir. Azərbaycanda isə, istisna hal kimi, hətta 16 yaşa icazə verilir. Məncə, bu, yolverilməzdir".
Deputat Elman Məmmədov Xocalı soyqırımının tanıdılması istiqamətində Heydər Əliyev Fondunun çox uğurlu fəaliyyət göstərdiyini, bu işlərin gücləndirilməsinin vacibliyini qeyd etdi: "Türkiyə, birmənalı olaraq, bəyan etməlidir ki, ABŞ Konqresi qondarma soyqırımını müzakirəyə çıxaracaqsa, onlar da avtomatik Xocalı soyqırımını tanıyacaqlar".
Spiker Oqtay Əsədov da Xocalı soyqırımı haqqında danışdı. O, bu illər ərzində faciə ilə bağlı 75 müraciət, qətnamə və qərarın qəbul olunduğunu bildirdi: "Xocalı faciəsinə, ilk dəfə olaraq, İslam Konferansı Təşkilatı tərəfindən düzgün qiymət verildi, faciə ilk dəfə insanlığa qarşı cinayət kimi tanınıb. Biz işimizi bu sənədə uyğun qura bilərik".
Sonra İKT tərəfindən qəbul edilən sənəd haqqında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verdi. Onun sözlərinə görə, İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın bu istiqamətdə xidmətləri böyük olub: "İlk dəfədir, dünyanın 56 ölkəsini birləşdirilən beynəlxalq təşkilat Xocalı soyqırımına qətliam kimi qiymət verib və bu faciə insanlığa qarşı cinayət kimi tanınıb. Bu ifadə genosidi əks etdirən anlayışdır. Bu, bizim əlimizə president verir. Bu qətnaməyə istinadən başqa təşkilatlar tərəfindən də Xocalıya düzgün qiymət verilməsini, eyni zamanda, İKT üzvü olan ölkələrin parlamentlərində məsələnin müzakirəyə çıxarılmasını və tanınmasını tələb edə bilərik".
Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlandı.
Gündəlikdə olan birinci məsələ - "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Konstitusiya qanununun layihəsi barədə parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynov məlumat verdi. Bildirdi ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərdə Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə əlavə səlahiyyətlərin verilməsi nəzərdə tutulubdur. Bundan əlavə, sənədə bəzi redaktə xarakterli dəyişikliklər də edilib.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov təkliflərin tam yerində olduğunu və narahatlığa əsas görmədiyini söylədi.
Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul olundu.
İclasda, həmçinin, "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında" qanununun layihələri müzakirə olundu. Qeyd olundu ki, bu Qanun Azərbaycan Respublikası ərazisində insanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (HİV infeksiyasının) profilaktikasının, diaqnostikasının, müalicəsinin, HİV-lə yaşayan şəxslərə tibbi və sosial-psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcəkdir.
Milli Məclisin dünənki iclasında, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin və Belorus Prezidenti Aleksandr Lukaşenkonun Birgə Bəyannaməsi, Azərbaycan və Sloveniya prezidentlərinin Birgə Bəyanatı, Azərbaycan və Sloveniya hökumətləri arasında diplomatik pasportlara malik vətəndaşlara viza tələbinin ləğv olunması barədə Saziş təsdiq edildi.
İş gününün sonunda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi. Ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov çıxış edərək, bildirdi ki, 2009-cu ildə ölkəmizdə bələdiyyə institutunun inkişaf etdirilməsi istiqamətində müxtəlif məqsədyönlü tədbirlər həyata keçirildi və bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlar daha da modernləşdi.
Sonra məruzə ətrafında çıxışlar oldu. Deputatlar bələdiyyələrin fəaliyyətində şəffaflığın və demokratik prinsiplərin qorunması üçün maarifçiliyin daha da genişləndirilməsinin, bələdiyyələr tərəfindən torpaq sahələrinin ayrılmasında qanunvericiliyin tələblərinə riayət edilməsinin, qiymət intizamının, inzibati nəzarət mexanizminin gücləndirilməsinin, qanunlara riayət edən və uğurlar qazanan bələdiyyələrin təcrübəsinin öyrənilməsinin vacibliyi vurğulandı.

Digər xəbərlər