"Reket mətbuat"a qarşı mübarizə gücləndirilir
Son illərdə ölkə mediasının qara yarasına çevrilən "reket mətbuat" sektoru sürətlə "inkişaf" edir. Azərbaycanda qəzet-jurnal təsis etmək, informasiya saytı açmaq o qədər asan və rahatdır ki, çoxları bu həvəsə düşərək, pul qazanmağın çirkli üsullarından istifadə etməyə çalışırlar. Mətbuatla, jurnalistika ilə heç bir bağlılığı, bu sahədə nə təhsili, nə təcrübəsi, nə də gücü olmayan adamlar bir qəzet qeydiyyatdan keçirib başlayırlar özləri kimi "kolxoznik"lərə jurnalist vəsiqələri paylamağa və mədəni dilənçiliklə pul qazanmağa.
Ölkədə yaradılan demokratik şəraitindən, söz azadlığından və KİV-lərin qeydiyyatının asan olmasından sui-istifadə edən bəzi işbazlar öz məqsədlərini həyata keçirmək üçün müxtəlif qəzetlər, qeydiyyatdan keçirir və işə başlayırlar. Daha sonra bu qəzetlərin vasitəsilə pul qazanmaq üçün çoxsaylı üsullardan istifadə edirlər. Bu üsulları təxminən belə təsnifatlaşdırmaq olar:
1. Şantaj və ya hədə qorxu yolu ilə;
2. Yalvar-yapışla çay pulu və yol pulu istəməklə;
3. "Diplom" və "Fəxri fərmanlar" verməklə;
4. Tərifli yazı hazırlamaq vədi ilə;
5. Özlərini dövlət orqanının əməkdaşı kimi təqdim etməklə və s.
Bu cür hallar nəticəsində jurnalistlər cəmiyyətin gözündən düşür. Yəni qurunun oduna yaş da yanır. Dəfələrlə deyilsə də, yazılsa da, bu sahədə hələ ki, ciddi tədbir görülməyib. Hökumət bu məsələdə hədsiz dözümlülük nümayiş etdirir. Dövlət bu sahədə nizamlayıcı tədbirlərə əl atsa, o saat həmin "jurnalistlər" bir haray-həşir qoparacaqlar ki, "vay qoymayın, söz azadlığı pozuldu".
Yeri gəlmişkən, srağagün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin şura sədri Əflatun Amaşovun sədrliyi ilə keçirilən növbəti iclasında "reket mətbuat"la mübarizə məsələsi də müzakirə olunub. Çıxışlarda MŞ-nin "reket jurnalistika"ya qarşı mübarizəsinin ikinci mərhələyə qədəm qoyması prinsipcə müasir reallığa uyğun gələn adekvat addım kimi dəyərləndirilib. Bir sıra nəşrlərin şuranın "qara siyahı"sından çıxarılmaları üçün MŞ-yə müraciətlərinə diqqəti yönəldən İH üzvləri məsələnin əsaslı həlli üçün araşdırma və monitorinqlərə zərurət duyulduğunu vurğulayıblar.
Qərara alınıb ki, bu iş MŞ-nin "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin başçılıq edəcəyi 5 nəfərlik qrupa həvalə olunsun. Həmin qrupa İH üzvlərindən şura sədrinin müavini Müşfiq Ələsgərli, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas daxil edilib. İclasda Azərbaycan Mətbuat Şurasının "reket jurnalistika"ya qarşı mübarizə tədbirləri ilə bağlı bəyanatının ilkin mətni ətrafında da geniş diskussiyalar açılıb. Çıxışlarda qeyd edilib ki, şuranın mövcud istiqamətdəki mübarizəsinin həlledici mərhələyə qədəm qoyduğu dövrdə belə bir sənədin ictimaiyyətə çatdırılması zəruridir. Bu, ümumi işin və məramın effektivlik əmsalını xeyli artıra bilər. Çünki adları "qara siyahı"da yer alan bəzi nəşrlər Mətbuat Şurasını məhkəmələrə verməklə kifayətlənməyərək, öz səhifələrində qurumun İdarə Heyətinin üzvlərinin ünvanına təhqiramiz yazılar dərc edir, hədə-qorxular gəlirlər. Şura bu kimi media orqanlarının arxalarında bəzi dövlət məmurlarının dayanmalarına dair faktlara da malikdir.
Müzakirələrdən sonra bəyanatın müəyyən düzəlişlərlə ictimaiyyətə çatdırılması barədə yekdil qərar qəbul olunub. Qeyd edək ki, medianın özünütənzimləməsini həyata keçirən Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinin iradəsi, media təmsilçilərinin seçimi ilə formalaşır, ölkə jurnalistlərinin I qurultayında təsdiq edilmiş Nizamnamə əsasında fəaliyyət göstərir. Şuranın başlıca missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləməklə söz və mətbuat azadlığının dərinləşməsinə, mövcud prosesin yeni müsbət çalarla zənginləşməsinə nail olmaq, peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə dəstək verməkdir. MŞ-nin ötən müddətdə reallaşdırdığı tədbir və təşəbbüslər qurumun bu sahədə bir sıra uğurlara imza atdığını söyləməyə əsas verir.
Mətbuat Şurası ölkədə KİV-lərin maddi-texniki və qanunvericilik bazasının möhkəmləndirilməsinə yönələn proseslərdə yaxından və fəal iştirak etməklə yanaşı, birbaşa fəaliyyət missiyasına uyğun olaraq, açıq və obyektiv sözə, jurnalistin və mətbuatın təmiz adına, əxlaqına ləkə gətirən neqativ hallara biganə qalmır.
Lakin çox təəssüf ki, illərdən bəri şərti olaraq, "reket jurnalistika" adlandırdığımız xoşagəlməz meyil bu gün də davam etməkdə, mediamızın nüfuzuna, onun saf və təmiz adına ləkə gətirməkdədir.
Mətbuat Şurası ötən müddətdə quruma ünvanlanan çoxsaylı müraciətləri və şikayətləri ictimai sifariş kimi dəyərləndirərək, "reket nəşr"lərə qarşı ardıcıl və prinsipial mübarizə aparmaqdadır. Ölkə jurnalistlərinin V qurultayının iştirakçısı olan yüzlərlə tanınmış media təmsilçisi qurumun bu istiqamətdəki fəaliyyətinin intensiv xarakter alması üçün təşəbbüs və təkliflərini irəli sürüb. Nəticədə şuranın "Reket jurnalistika"ya qarşı mübarizə komissiyası formalaşdırılıb. Peşə prinsiplərinə etinasız yanaşan media orqanlarına qarşı ictimai qınağın təsir gücünü artırmaq məqsədilə mətbuatın "qara siyahı"sı tərtib edilib. Konkret şikayət və müraciətlər əsas götürülərək, Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını, ölkə qanunvericiliyinin tələblərini kobud və mütəmadi pozan qəzet və jurnallar həmin siyahıya salınmaqdadır. Hazırda onların sayı 94-dür. Mətbuat Şurasından SİA-ya verilən məlumata görə, şuranın "reket jurnalistika"ya qarşı mübarizəsinin daha ardıcıl və sistemli xarakter alması "qara siyahı"dakı KİV-lərin peşə etikası ilə bir araya sığmayan fəaliyyətlərini davam etdirmələrinə əngəllər törədir. "Onlar şuranın ictimai qınağa hesablanan tədbirlərindən nəticə çıxarmaq əvəzinə, MŞ-nin İdarə Heyətinin üzvlərinin şərəf və ləyaqətlərini ləkələməyə, işgüzar nüfuzlarına zərər gətirməyə çalışır, barələrində təhqir və böhtan xarakterli materiallar dərc edirlər. Şuranı hədələmək yolu tutan bir çox KİV-lər demokrat qiyafəsinə bürünüb ali media dəyərlərini, söz və mətbuat azadlığı prinspilərini qoruyurlarmış kimi imitasiyalara baş vurur, həqiqi simalarını pərdələməyə çalışırlar. Köhnə şakərləri yeni adla qeydiyyatdan keçirdikləri nəşrlərdə davam etdirən qəzet rəhbərləri də var. Xüsusən, "Gündəlik Bakı" və "Təzadlar" qəzetləri, həmçinin, "Mozalan" jurnalı kimi bütün sərhədləri aşan nəşrlər də mövcuddur. Mətbuat Şurasının rəhbərliyini məhkəməyə verməklə kifayətlənməyən bu KİV-lər hər saylarında şuranın İdarə Heyətinin üzvlərinin ünvanına hətta hədə-qorxu gəlməkdən belə çəkinmirlər". Məlumatda qeyd olunur ki, Mətbuat Şurası bəzi "reket nəşr"lərin arxasında gizli havadarların olmasını, onların maliyyələşdirilərək, məkrli sifarişlərin icrasına cəlb edilmələrini yolverilməz hal sayır. "MŞ bununla bağlı kifayət qədər tutarlı faktlara malikdir. Gizli sponsorlar sırasında dövlət orqanlarında çalışan bəzi məmurların mövcudluğu isə, xüsusilə, təəssüf doğurur. Azərbaycan iqtidarının söz və mətbuat azadlığı ilə bağlı məsələlərə həssas yanaşdığı şəraitdə onların bu siyasətə uyğun gəlməyən addımlar atanlara, öz mənafeləri naminə müxtəlif spekulyasiyalara baş vuranlara himayədarlığı heç bir məntiqə sığmır". Mətbuat Şurasının bu məsələ ilə bağlı verdiyi bəyanatda qeyd olunur ki, "reket" mətbuata qarşı mübarizə bundan sonra daha güclü formada aparılacaq. Şura cəmiyyəti bu məsələdə öz yardımını göstərməyə çağırıb.
Mətbuat Şurası tərəfindən "reket mətbuatın" 94 KİV-in adı salınmış "qara siyahı"sını nəzərinizə çatdırmq istəyirik;
1 "Böyük Naxçıvan" qəzeti
2 "Dəryaz" qəzeti
3 "Gündəm" qəzeti
4 "Ədalət uğrunda+" qəzeti
5 "Media Azərbaycan" qəzeti
6 "Yeni dövr" qəzeti
7 "Azərbaycan gəncliyi" qəzeti
8 "Jurnalist və qanun" qəzeti
9 "Vətən andı" qəzeti
10 "Ailə" qəzeti
11 "İdeal Azərbaycan" qəzeti
12 "Vətəndaş Hüququ" qəzeti
13 "İdeal" qəzeti
14 "Xüsusi Təhqiqat" qəzeti
15 "Taran" qəzeti
16 "Aydın Azərbaycan" qəzeti
17 "Naxçıvan press" qəzeti
18 "Azad press" qəzeti
19 "Avrotayms" qəzeti
20 "Kadr və tərəqqi" qəzeti
21 "Radikal" qəzeti
22 "Azadlıq və zaman" qəzeti
23 "Kriminal aləm" qəzeti
24 "Fakt" qəzeti
25 "Fakt+fakt" qəzeti
26 "Müstəqil dövlət" qəzeti
27 "Müasir Naxçıvan" qəzeti
28 "Nurlu səhər" qəzeti
29 "Azərbaycan yolu" qəzeti
30 "Dünyaya Qarabağ harayı" jurnalı
31 "Həftə sonu" qəzeti
32 "Xalq vəkili" qəzeti
33 "Regionun səsi" qəzeti
34 "Yeni Azərbaycan dünyası" qəzeti
35 "Molla Nəsrəddin" qəzeti
36 "Xronika" qəzeti
37 "Həqiqət naminə" qəzeti
38 "Qərbi Azərbaycan naminə" qəzeti
39 "Bizim respublika" qəzeti
40 "Azərbaycan övladı" qəzeti
41 "Azərbaycan reallığı" qəzeti
42 "Bakı press" qəzeti
43 "Gün" qəzeti
44 "Dövlət hüququ" qəzeti
45 "Naxçıvanın səsi" qəzeti
46 "Yeni olay" qəzeti
47 "Mayak" qəzeti
48 "Jurnalist P.S." qəzeti
49 "İstintaq" qəzeti
50 "Açıq fikir" qəzeti
51 "Yeni Azərbaycan bələdiyyəsi"
qəzeti
52 "Qulp" qəzeti
53 "Dövlət qanunları" qəzeti
54 "Respublika qanunları" qəzeti
55 "Azərbaycan parlamenti" qəzeti
56 "Qanun çərçivəsi" qəzeti
57 "Həqiqət və reallıq" qəzeti
58 "Azərbaycan regionları" qəzeti
59 "7 gün+" qəzeti
60 "Parlamentin sədası" qəzeti
61 "Nota" qəzeti
62 "Bizim lider" qəzeti
63 "Müfəttiş" qəzeti
64 "Xalq nəzarəti+" qəzeti
65 "Qanun və gerçəklik" qəzeti
66 "Maliyyə nəzarəti" qəzeti
67 "Doğma respublika" qəzeti
68 "Reallıq" qəzeti
69 "Media və qanun" qəzeti
70 "Press İnform" qəzeti
71 "Korrupsiya və cəmiyyət" jurnalı
72 "Qanun və mühakimə" qəzeti
73 "Günəşli Azərbaycan" qəzeti
74 "Mühakimə" qəzeti
75 "Presedent" qəzeti
76 "Pressinq" qəzeti
77 "İrəvan press" qəzeti
78 "İynə" jurnalı
79 "Gün xəbər " qəzeti
80 "Son olay" qəzeti
81 "Qanun və nəzarət" qəzeti
82 "Hüquq və ittiham" qəzeti
83 "Xəbər xətti" qəzeti
84 "Təzadlar" qəzeti
85 "Gündəm xəbər" qəzeti
86 "Qərb xəbərləri" qəzeti
87 "Tolerant Azərbaycan" qəzeti
88 "Gündəlik Bakı" qəzeti
89 "Güzgü" qəzeti
90 "Mozalan" jurnalı
91 "Dünya kriminalı" qəzeti
92 "Əsas xəbər" qəzeti
93 "Zərbə" qəzeti
94 "Bizim Vətən" qəzeti
Göründüyü kimi, özlərini mətbuat sayan quldurlar öz qəzetəoxşar kağızlarına gurultulu adlar qoymaqla müxtəlif qanunsuz üsullarla pul qazanmaq məqsədindən başqa heç nə güdmürlər. Qeyd etdiyimiz kimi, bu hallar medianın inkişafına zərbə vurmaqla yanaşı, həm də cəmiyyətdə jurnalistlərə olan inamın azalmasına gətirib çıxarır.
Beləliklə, Azərbaycan jurnalistikasının təcili həll edilməsi gərəkən bir sıra problemləri var ki, bunların həlli 3 müstəvidə baş verməlidir: dövlət tənzimləməsi, ictiami qınaq və həmkarlıq boykotu. Bunların hər üçü, eyni zamanda, həyata keçirilməsə, bu sahədə durumu yaxşılaşdırmaq mümkün olmayacaq.