PDF Oxu

Əsas

  • 14

Akademik Ramiz Mehdiyevin fikirləri rezonansa səbəb oldu

Akademik Ramiz Mehdiyevin fikirləri rezonansa səbəb oldu

Ötən həftə Humanitar Əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Forumu keçirildi. İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, regionda gedən proseslərə münasibət bildirmək baxımından əhəmiyyətli xarakter daşıyan forumda həm də Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin geniş məzmunlu çıxışı, təklif və ideyaları uzun müddət müzakirə mövzusuna çevriləcək hadisələrdən oldu.
Akdemik Ramiz Mehdiyev Rusiya ilə Azərbaycan arasında əlaqələrin strateji müttəfiqlik müstəvisində yüksəldiyini və xalqlar arasında tarixi dostluq əlaqələrinin olduğunu bildirdi. Dağlıq Qarabağ münaqişəsinə toxunan Ramiz Mehdiyev Azərbaycanın torpaq itkisinə yol verməyəcəyini qeyd etdi. Onu da, xüsusilə, bildirdi ki, Azərbaycan bütün millətlər üçün normal yaşayış ölkəsidir. "Burada 20 minə yaxın erməni yaşayır. Ermənistanda isə bir nəfər də olsun azərbaycanlı yaşamır". Təəccüb və təəssüf doğuran hal odur ki, bu haqlı fikirlərə, milli maraqlara qarşı çıxmağa adət etmiş bəzi qüvvələr müxalif mövqe nümayiş etdiriblər. Müsavat Divanının üzvü Nəsib Nəsibli erməni təəssübkeşliyindən çıxış edərək, Yerevanda da müəyyən sayda azərbaycanlıların olduğunu söyləyib. N.Nəsibli erməni maraqlarına xidmət edən digər cəfəngiyyat xarakterli ifadələr də səsləndirib. Söhbət etdiyimiz millət vəkilləri, ayrı-ayrı ziyalılar sifarişlə tapşırıq yerinə yetirən ünsürlərə bir o qədər əhəmiyyət verilməməsini münasib hesab etdiklərini bildirdilər.

"Uğursuz cəhdlərə yol verən insanlar mənasız yerə müxalifətçilik etməməlidirlər"

Politoloq Elçin Mirzəbəyli:
- Bütövlükdə, forumun özünü çox yüksək qiymətləndirmək olar. Çünki Rusiya ictimaiyyətinin ən tanınmış nümayəndələri Azərbaycana dəvət olunmuşdu. Onların qarşısında Azərbaycan ictimaiyyətinin açıq mövqeyi ortalığa qoyuldu. Həmin şəxslər də bir daha birmənalı şəkildə anladılar və başa düşdülər ki, Azərbaycan öz torpaqlarını kiməsə güzəştə getmək niyyətində deyil. Bu, Azərbaycan cəmiyyətinin, bütövlükdə, mövqeyini ifadə edən fikirlərdir. Bu baxımdan, akademik Ramiz Mehdiyevin də tarixi faktlara söykənən, eyni zamanda, Azərbaycan cəmiyyətinin ictimai rəyini ifdaə edən fikirləri, nəinki Azərbaycanda, eləcə də, Rusiyada və Ermənistanda ciddi rezonans doğurub. Bütün bu konkret faktlara söykənən fikirlərdən sonra kimlərsə əks-mövqedən çıxış etməyə çalışırlarsa, hesab edirəm ki, heç bir effekt verən məsələ deyil. Sadəcə, müxalifətçilik etmək cəhdindən irəli gələn və uğursuz şəkildə ortaya qoyulan mövqedir. N.Nəsiblinin bu faktı haradan götürdüyü şəxsən mənə məlum deyil. Təbii ki, Ermənistanda azərbaycanlı ola bilər. Ancaq həmin azərbaycanlılar əsir və ya girov formasında ola bilər. Bu, birmənalıdır. Ermənistanda, nəinki azərbaycanlı, nəzərinizə çatdırım ki, digər millətlərin də nümayəndələri yoxdur. Bu gün Ermənistan regionda ən çox monodövlət hesab oluna bilən dövlətdir. Hətta Ermənistan bu sahədə bütün dünyaya nümunə ola bilər. Sovet dövründə də Ermənistanda digər xalqların nümayəndələri az yaşayırdılar. Bu baxımdan, azərbaycanlıların Ermənistanda yaşaması faktını xüsusi tərzdə ifadə etmək tamamilə yanlışdır. Çünki azərbaycanlılar həmişə öz tarixi torpaqlarının bir hissəsində yaşayıblar. Bütün faktlar Ermənistanda faşizm üzərində qurulan idarəçiliyinin mövcud olduğunu sübuta yetirir. Hesab edirəm ki, belə uğursuz cəhdlərə yol verən insanlar ən azı obyektiv həqiqətləri açıq gözlə görməyi bacarmalı və mənasız yerə müxalifətçilik etməməlidir.

"Kiminsə Ermənistanda azərbaycanlılar yaşayır deməsi cəfəngiyyatdır"

Filologiya elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Azad Nəbiyev:
- İlk öncə, onu qeyd edim ki, keçirilən genişmiqyaslı forum iki qonşu xalqın tarixində çox mühüm hadisədir. Azərbaycan xalqı ilə rus xalqı arasında tarixən geniş mədəni əlaqələr olub. Forumda geniş məruzə ilə çıxış edən akademik Ramiz Mehdiyev günümüz üçün aktual olan bir sıra mühüm məsələlərə toxunub. Akademik Ramiz Mehdiyev forumda Dağlıq Qarabağ münaqişəsini önə çəkərək, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal edilməsi, soydaşlarımızın tarixi torpaqlarından deportasiya edilməsi erməni separatçı qüvvələrinin Azərbaycan xalqına qarşı yürütdüyü işğalçılıq siyasətinin nəticəsi kimi qiymətləndirib. O, bu forumda haqlı olaraq, bildirib ki, bu vaxta qədər özünü yazıq xalq kimi göstərən ermənilər, əslində, Azərbaycan torpaqlarını işğal edib. Bu gün Azərbaycan xalqının öz tarixi torpaqlarından deportasiya olunub. Bütün bunlar, onu deməyə əsas verir ki, bu gün Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlı yaşamır. Azərbaycanın humanist təbiətinə uyğun olaraq bu gün ölkəmizdə 20 mindən artıq erməni yaşayır və onların bütün hüquqları qorunur. Onlara məxsus qəbir daşları və onlara aid digər mədəniyyət ocaqları qorunur. Halbuki Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycanın bütün mədəni abidələri, muzeyləri, hətta qəbirüstü daşları dağıdıb, yerlə yeksan edib. Forumda çıxış edən akademik bir daha bildirmişdi ki, tarixən bu torpaqlar Azərbaycan xalqına məxsus olub. İndi kiminsə durub Ermənistanda azərbaycanlılar yaşayır deməsi cəfəngiyyatdır. Bəzi yaramaz qüvvələr kimi özünü gündəmdə saxlamaq üçün ermənipərəst mövqeydən çıxış etmək, məncə, ağılsızlıqdır.

"Akademik dövlətimizin nə qədər toleriant olduğunu Rusiyaya bir daha xatırlatdı"

Politoloq Cümşüd Nuriyev:
- Azərbaycan və Rusiya arasında çox yüksək səviyyədə forum keçirildi. Bu formun keçirilməsi indiki zamanda Azərbaycan üçün çox lazımdır. Azərbaycan Prezidentinin ciddi təşəbbüsündən sonra ermənilər Azərbaycan ərazi bütövlüyünü qəbul etdiyinə görə, Serj Sarkisyan bir növ öz sözündən qaçmağa çalışır. Təbii ki, burada daha çox söz sahibi Rusiyadır. Azərbaycan bir növ erməniləri bu tədbiri keçirməklə qabaqladı. Xatırladım ki, bu tədbirin mühüm əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın yüksək dövlət məmuru akademik Ramiz Mehdiyev siyasi xadim, eyni zamanda, çox elmi bacarığı olan insan kimi özünü təqdim etdi. Bu barədə ölkə başçısı İlham Əliyev də çıxışında bildirmişdi ki, o vaxt İrəvan xanlığı ermənilərə bağışlanmışdı. Daha doğrusu, bunu Stalin etmişdi. Elə buna görə də ermənilərə qarşı Azərbaycan tərəfi iddia qaldıra bilər. Akademik Ramiz Mehdiyev bunu gündəmə gətirməsi ermənilərə ciddi mesajdır. İkincisi, bu siyasətin başında Stalin dursa da, Rusiya imperiyasının siyasəti idi. Bu, onlara mədəni və yüksək səviyyədə xatırladıldı. Üçüncüsü, Borçalını xatırlatmaqla, bir daha Gürcüstandakı millətçilərə Azərbaycanın mövqeyini açıqladı. Eyni zamanda, Azərbaycan rəhbərliyinin bu işlərdən nə qədər yüksək səviyyədə xəbərdar olduğunu gündəmə gətirdi. Dördüncüsü, həmin forumda akademik çıxışında ciddi bir məsələ-Bakıda 20 min erməninin yaşamasını gündəmə gətirdi. Ermənistanda bir azərbaycanlının olmadığı halda, təkcə Bakıda 20 min erməninin yaşaması çox ciddi məsələdir. Dağlıq Qarabağ da daxil olmaqla 100 minə yaxın Azərbaycan vətəndaşı olan erməni var. Onun 35 faizi həmin kompakt yaşayışdan kənar, Azərbaycanın içində yaşayır. Ermənistan əhalisinin 99,98 etnik ermənilərdən ibarətdir. Belə bir şəraitdə akademik dövlətimizin nə qədər toleriant olmağın gündəmə gətirməklə bir daha Rusiyaya xatırlatdı ki, Azərbaycan bunların hamısını çox gözəl bilir, öz siyasətini də çox gözəl qurur. Amma biz erməni deyilik. Bu məsələləri istəyirik ağılla həll olunsun. Təkcə bu forumun keçirilməsi səviyyəsində akademikin bu çıxışı bir növ Azərbaycanı yeni tərzdə təqdim etdi. Bir sözlə, yenidən Azərbaycanı Rusiyaya tanıtdı.

Digər xəbərlər