PDF Oxu

Əsas

  • 20

Dövlət Dəstəyi Şurası ötən il QHT layihələrinin maliyyələşməsinə 2 milyon 68 min manat vəsait ayırıb

Dövlət Dəstəyi Şurası ötən il QHT layihələrinin maliyyələşməsinə 2 milyon 68 min manat vəsait ayırıb
Dünən  "Park İNN" hotelində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun 2009-cu ildəki fəaliyyəti ilə bağlı hesabat vermişdir.
A.Quliyev deyib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası" və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ölkəmizdə QHT sektorunun yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Məhz bundan sonra QHT-lərin ictimai əhəmiyyətli təşəbbüslərini dəstəkləmək üçün dövlət büdcəsindən maliyyə ayrılmasına başlanılmış, QHT - hökumət münasibətləri yeni müstəviyə keçmiş və vətəndaş cəmiyyətinin güclənməsi üçün geniş imkanlar yaranmışdır. Dövlət Dəstəyi Şurası 2009-cu ildə 246 qeyri-hökumət təşkilatının hazırladığı layihələrin maliyyələşdirilməsinə 2 milyon 68 min manat vəsait ayırmışdır. Ötən ilin "Uşaq ili" elan edilməsini nəzərə alan şura uşaq məsələlərinə xüsusi diqqət yetirmişdir. 2009-cu ildə uşaq məsələlərini əhatə edən 42 layihə maliyyələşdirilmişdir. Bu layihələrin 31-i Bakı şəhərində, 11-i isə regionlarda icra olunmuşdur.
Layihələrin icrası da diqqət mərkəzində saxlanılmış, qanun pozuntusuna yol vermiş QHT-lərə qarşı sanksiyalar tətbiq olunmuşdur.
Şuranın beynəlxalq təşkilatlarla əməkdaşlığında da müəyyən irəliləyişlər əldə edilmişdir.
Şura qhtxeber.az saytını hazırlamış, "2009-cu ildə maliyyələşən layihələr" adlı kitab nəşr etdirmişdir. Kitabda həm layihələr, həm də onları həyata keçirən təşkilatlar haqqında geniş məlumatlar əksini tapmışdır. A.Quliyevin sözlərinə görə, bu işdə məqsəd QHT-lərin fəaliyyətinin şəffaflığını cəmiyyətə göstərməkdir.
Bildirilmişdir ki, şura cari ildə fəaliyyətini daha da genişləndirəcəkdir. BMT, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi diqqət yetiriləcək, eləcə də özəl sektor vətəndaş cəmiyyətləri ilə birgə işləməyə cəlb ediləcəkdir.

Digər xəbərlər