Rusiya Ermənistanı satır?!
Məlum olduğu kimi, yanvarın 25-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində çox önəmli bir hadisə baş verib. Belə ki, Moskvanın təşəbbüsü ilə Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçirilib. Həmin gün demək olar ki, dünyanın bütün aparıcı mətbuat orqanlarının diqqəti məhz Soçiyə yönəlmişdi. SİA-nın apardığı araşdırmadan da məlum olub ki, bir gün əvvəl baş tutan görüşün təfərrüatı dünya mediasının gündəmindən düşmür. Rusiyada nəşr olunan "Qazeta"nın 26 yanvar tarixli sayında da bu məsələyə ətraflı toxunulub. Qəzetin müxbiri yazır ki, Rusiya prezidenti Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsinin həllində öz vasitəçilik səylərini davam etdirir. Yanvarın 25-də o, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanı Soçidə qəbul edib. Danışıqların nəticələrinə əsasən, hər iki ali qonaq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə "Madrid prinsipləri"nin yeni redaksiyasının mübahisəli məqamları üzrə öz təkliflərini təqdim etməyə razılaşıblar. Ötən həftənin sonunda ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiya, ABŞ, Fransa) bu sənədin yeni versiyasını razılaşdırmaq üçün Ermənistan və Azərbaycana təqdim edib. Qəzet yazır ki, bununla belə münaqişə çox güman ki, hələ həllindən uzaqdır. Prezidentlər Soçidə görüşdüyü vaxt Ermənistanın müdafiə naziri Seyran Ohanyan bəyan edib ki, regionda döyüşlərin bərpa olunması ehtimalını istisna etmir. Rus mətbu orqanının yazdığı kimi, Dmitri Medvedev artıq beşinci dəfədir ki, İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə üçtərəfli komissiyanın iclasını aparır. Özü də hər dəfə liderlər müxtəlif yerlərdə görüşürlər. Bu dəfə Rusiya prezidenti öz həmkarlarını "Krasnaya Polyana" dağ-xizəkçilik kompleksində qəbul edib. Yeri gəlmişkən, iki saatlıq danışıqlar başa çatdıqdan sonra Dmitri Medvedev İlham Əliyevlə birlikdə dağda xizək sürməyə də vaxt tapıblar. "Qazeta" yazır ki, danışıqlar tam qapalı şəraitdə keçirilib. Onun nəticələri barədə hamıdan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib və bildirib ki, görüşün əsas mövzusu yenilənmiş "Madrid prinsipləri"nin mübahisəli mddəalarının müzakirəsi olub. O, təsdiq edib ki, hələ də tərəflər arasında baxış fərqi var və iki saatın hamısını liderlər ATƏT-in Minsk qrupu həmsədrlərinin təqdim etdiyi konkret təklifləri müzakirə ediblər. "Bu sənədin preambulası üzrə ümumi razılıq var. Hər üç prezident tərəfindən bu sənədin mövcudluğu faydalı hesab edilib. Çünki o, danışıqları mücərrəd deyil, konkret ifadələrə bağlamaqla aparmağa imkan verir", - deyə Lavrov bəyan edib. Rus mətbu orqanı bu məqama diqqət çəkir ki, danışıqlar başlananadək Kremldə bəyan edirdilər ki, Rusiya "həlledici seçim etməyə görə əsas məsuliyyətin azərbaycanlı və ermənilərin üzərinə düşdüyünü nəzərə alaraq, münaqişə iştirakçılarına kənardan hər hansı bir həll variantı diqtə etməyəcək". Bununla belə, rus mətbu orqanın yazdığına görə, Yerevanda belə fikir hakimdir ki, Dağlıq Qarabağın gələcəyi Azərbaycanın tərkibində qeyri-mümkündür. Bu barədə Ermənistan paytaxtında müdafiə naziri S.Ohanyan bəyan edib: "Bu ölkə anlamalıdır ki, məsələ birtərəfli şəkildə həll oluna bilməz" - deyə Azərbaycanın hadisələrin inkişaf ssenarisinin güc variantını istisna etmədiyinə işarə edib. "Qazeta" xatırladır ki, noyabrın sonunda Azərbaycan prezidenti İlham Əliyev də bəyan edib ki, əgər sülh prosesi baş tutmasa, Dağlıq Qarabağda döyüşlərə başlamağa hazırdır. Lakin siyasətçilər belə hesab edirlər ki, hərbi yol hər iki tərəf üçün faciəli sonluqla başa çata bilər. "Rusiya üçün isə onun vasitəçiliyi ilə danışıqlar prosesinin davam etdirilməsi əhəmiyyətlidir, buna görə də üçtərəfli görüşdən hansısa dönüş gözləməyə dəyməz" - deyə bildirən Moskva Karnegi Mərkəzinin elmi şurasının üzvü Aleksey Malaşenkonun fikrincə, ""Madrid prinsipləri" problemin həllinə açar deyil. Çünki, orada bir həllolunmaz problem vardır ki, bu da Dağlıq Qarabağ və onun müstəqilliyinin tanınmasıdır. Amma başqa bir problem də var ki, çox güman ki, o həll olunacaq - bu da, Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasıdır ki, bunun ətrafında da sövdələşmə gedirdi" - deyə "Qazeta"ya bildirən Malaşenko bəyan edib ki, gec-tez bu baş verəcək.
Moskva Ermənistanı təslim etməyə başlayır?!
KM.RU saytında da Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və gələcək perspektivləri barədə maraqlı məqalə dərc olunub. Məqalədə deyilir ki, Dağlıq Qarabağ üzrə danışıqlar prosesi 1991-ci il sentyabrın 23-də Rusiya, Qazaxıstan, Azərbaycan və Ermənistan tərəfindən başladılıb. 1992-ci ilin martında Moskvanın təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin mərhələli tənzimlənməsi üzrə planı işləyib hazırlamış 12 ölkənin iştirakı ilə ATƏT-in Minsk Qrupu təsis edilib. Hazırda danışıqlar həmsədrlərin ABŞ, Rusiya və Fransa olan Minsk Qrupu çərçivəsində aparılır. 1999-cu ildə Bakı ilə Yerevan arasında ən yüksək səviyyədə birbaşa dialoq başlayıb. 2009-cu ildə Azərbaycan və Ermənistan prezidentləri 9 dəfə görüşüblər. Saytın yazdığına görə, Rusiya diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi sahəsində bir vaxtlar əldən verdiyi təşəbbüsü yavaş-yavaş qaytarmaq səylərini artırır.
Qeyd etmək lazımdır ki, prezidentlərin Soçi görüşü son vaxtlar Rusiyanın bu istiqamətdə öz vasitəçilik səylərini fəallaşdırdığına dəlalət edən ilk hal deyil. Heç bir həftə deyil ki, Ermənistan prezidenti S.Sarkisyan Moskvada səfərdə olub və Rusiya dövlət başçısı ilə növbəti üçtərəfli görüş ehtimalını müzakirə edib. Bundan təxminən bir il əvvəl isə D.Medvedevin təşəbbüsü ilə Moskvada Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli görüşü keçirildi və danışıqların nəticələrinə əsasən, münaqişənin tənzimlənməsi prinsiplərini müəyyən edib dönüş bəyannaməsi qəbul olundu. Bu, Dağlıq Qarabağ münaqişəsinin 15 illik tənzimlənməsi tarixində münaqişə iştirakçısı ölkələrin təmsilçilərinin razılaşdıraraq imzaladığı ilk sənəd idi. Lakin saytın yazdığına görə, bundan başqa Rusiya sülhməramlı missiyası digər belə uğurları ilə öyünə bilməz, baxmayaraq ki, Moskva ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ üzrə həmsədr ölkələrindən biridir və bununla əlaqədar olaraq müntəzəm şəkildə vasitəçilik təşəbbüsləri ilə çıxış edir və belə üçtərəfli görüşlər təşkil edir.
KM.RU saytının qənaətincə, tərəflər arasındakı anlaşılmazlığın əsas maddəsi əvvəlki kimi, Dağlıq Qarabağın gələcək statusu, həmçinin erməni qoşunları tərəfindən 1990-cı ilin əvvəllərində işğal olunmuş bir neçə Azərbaycan rayonunun taleyi olaraq qalır. Əgər Bakı işğal olunmuş bütün torpaqların azad olunmasında və qaçqınların qaytarılmasında, yalnız bundan sonra Dağlıq Qarabağın statusunun müəyyən olunması məsələsinə baxılmasında təkid edirsə (özü də Azərbaycan bu regiona öz tərkibində yalnız muxtariyyət statusu verilməsi barədə söhbət aparmağa hazırdır), Yerevan prioritet olaraq Dağlıq Qarabağın siyasi statusunun müəyyən olunması və onun beynəlxalq aləmdə tanınması tələbi ilə çıxış edir və yalnız bundan sonra hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması barədə söhbətlər aparmağı planlaşdırır.
Dağlıq Qarabağ münaqişəsinin mümkün tənzimlənmə perspektivləri barədə Rusiya Strateji Tədqiqatlar İnstitutunun eksperti Acar Kurtovun açıqlamaları diqqət çəkir: "Son vaxtlar Kreml Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində öz sülhməramlı səylərini həqiqətən fəallaşdırıb. Bu, iki amillə əlaqədardır. Birincisi, 2008-ci ilin avqustunda Gürcüstan ilə hərbi münaqişədən sonra Rusiyaya qarşı ilk növbədə Qərbi Avropa və ABŞ-dan ibarət bir sıra geosiyasi rəqiblərimiz tərəfindən aramsız hücumlar təşkil olundu ki, bunda məqsəd bizim ölkəmizin beynəlxalq arenada vəziyyəti mürəkkəbləşdirmək və onu təcavüzkar ölkə kimi təqdim etmək idi. Münaqişə getdikcə daha çox geriyə keçmişə qayıtsa da, korlanmış imic formasında ləkə qalır. Buna görə də çox güman ki, Kremldə bunun əksini sübut etməyi qərara alıblar. Yəni Rüsiyanın köhnəlmiş münaqişələri, o cümlədən postsovet məkanında və Cənubi Qafqazdakı münaqişələri - səhmana salmaq imkanları var.
İkinci səbəb ondan ibarətdir ki, Dağlıq qarabağ münaqişəsi çox qədim tarixə malikdir. O, hələ SSRİ-nin mövcud olduğu dövrdə hərbi müstəviyə keçib. Aydındır ki, dondurulmuş münaqişə sonsuza qədər belə vəziyyətdə qala bilməz. Həmişə elə qüvvələr tapılacaq ki, "donu əritməyə" cəhd göstərəcək. Və belə qüvvələr sonda tapıldı. Hələ 1990-cı illərdə bir sıra Avropa strukturları tərəfindən bu münaqişənin tənzimlənməsində fəal iştirak etmək səyləri açıq-aydın sezilirdi, özü də bu səylər artan istiqamətdə inkişaf edirdi. İndi isə bu, ona gətirib çıxarıb ki, Rusiya tərəfi bu məsələdə təşəbbüsü əldən verib. Bu, onda özünü büruzə verib ki, Ermənistan və Azərbaycan prezidentlərinin iştirakı ilə müxtəlif növ iclas və görüşlər heç də Moskvada, hətta Cənubi Qafqaz dövlətlərində deyil, Avropa İttifaqı ölkələrinin ərazisində keçirilməyə başlanıb. Bu da təbii ki, Moskvanı daha böyük fəallığa təhrik edib.
Tez-tez siyasətçi və ekspertlərin belə mövqeyinə rast gəlmək olur ki, məhz indi Türkiyədən istifadə etmək yolu ilə bu münaqişənin tənzimlənməsi üçün unikal şans yaranıb. Burada guya ki, Qafqazda və eləcə də ümumilikdə Qara Dəniz-Xəzər regionunda yeni qüvvələr nisbəti yaratmağa imkan verəcək Moskva ilə Ankara arasında yaxınlaşma nəzərdə tutulur. Mən bu mövqe ilə qətiyyən razılaşa bilmərəm. Ölkələri müxtəlif siyasətçilər idarə edir, lakin onların milli maraqları üzünmüddətli səciyyə daşıyır. Nəinki təkcə Rusiyada, eləcə də tarixən həmişə Rusiyanın geosiyasi rəqibi kimi çıxış edən Türkiyədə də. Buna görə də mən Türkiyə hakimiyyət orqanlarının Rusiya və Ermənistan istiqamətində atdığı hazırkı addımların əhəmiyyətini o qədər də şişirtməzdim. Türkiyə əvvəlki kimi Asiya ilə Avropa arasında körpü rolunu oynamaq barədə öz məqsədlərini güdür. Son məqsəd Türkiyənin bu struktura daxil olması perspektivlərini yaxşılaşdırmağa nail olmaq üçün Avropa İttifaqı rəhbərliyinə təsir etməkdir".
Acar Kurtov bu məqama diqqət çəkir ki, bu il Türkiyədə parlament seçkiləri keçirilməlidir. Bu mənada yaxın vaxtlarda siyasi hakimiyyətdə qüvvələr nisbətinin dəyişiləcəyi tam realdır. Lakin istənilən halda Türkiyədə hakimiyyətdə kim olursa-olsun, çətin ki, Rusiyanın "xeyirinə oynamaq" istəsinlər. Türkiyə Dağlıq Qarabağ münaqişəsini ona görə səhmana salmağa səy göstərir ki, Rusiyanı öz tərəfinə çəkmək və həm neft amilində, həm də boru kəmərlərinin çəkilməsi marşrutu nöqteyi-nəzərindən irəli düşmək istəyir. Heç də təsadüfi deyil ki, Rusiyanın bütün müraciətlərinə baxmayaraq, Türkiyənin "Cənub axını" tikintisinə razılıq verməsi məsələsi hələ də həll olunmayıb. Türkiyə gözəl bilir ki, ona daha sərfəlidir ki, qaz onun ərazisindən keçsin. Bunun üçün Ankara Moskvaya müxtəlif növ üstünlüklər vəd edir. Yəni mürəkkəb siyasi oyun gedir. Bundan başqa rus siyasətşünasının nəzərincə, Ankara Ermənistanla sərhədləri açmaqda iqtisadi cəhətdən maraqlıdır. Heç də sirr deyil ki, SSRİ dağıldıqdan sonra Cənubi Qafqazın bütün dövlətlərində sənayenin çökməsi baş verdi. Belə ki, hazırda türk sənayeçi və iş adamları ermənilər üzərində rəqabət cəhətdən böyük üstünlüyə malikdir. Buna görə də Ermənistanla sərhədlərin açılacağı təqdirdə bu ölkədəki (Ermənistan) biznesin əksər hissəsi bu və ya başqa şəkildə heç də rus deyil, türk kapitalı ilə bağlanacaq.
Nəhayət, aldanmaq lazım deyil - türklər heç də bu regionda özlərinin əsas müttəfiqinə "badalaq" vurmaq niyyətində deyillər. Mən Azərbaycanı nəzərdə tuturam. Türk siyasətçilərinin Ermənistan Konstitusiya Məhkəməsinin məlum qərarı ilə bağlı olaraq imzalanmış Ermənistan-Türkiyə protokollarının ratifikasiya olunmayacağını bəyan etməsi heç də təsadüfi deyil. Bütün bunlardan belə bir nəticə hasil olur ki, Bakı Türkiyəyə ciddi təsirə malikdir və deməli, Ankara əvvəlki kimi öz mövqeyini Azərbaycanla uyğunlaşdıracaq. Sadəcə olaraq Ankara Azərbaycandan neft və qaz qiymətində, həmçinin bəzi digər parametrlərdə əlavə güzəştlərə nail olmaq istəyir.
A.Kurtov bu məqama diqqət çəkir ki, döyüş əməliyyatlarının gedişində ermənilər Azərbaycan ərazisinin bir hissəsini işğal ediblər: "Bu rayonlar həqiqətən də erməni ərazisi deyil. Mənim qənaətimcə, əgər Yerevan ilkin olaraq bu rayonları Bakıya qaytarmağa razılaşsa, bu, onun tərəfindən böyük güzəşt olacaq. Özü də məcburi güzəşt. Belə ki, Rusiya Ermənistan tərəfdən belə güzəşt edilməsi xəttini dəstəkləyir. Dağlıq Qarabağın statusu barədə məsələ güzəştlərə baxmayaraq, asılı vəziyyətdə qalacaq. Əgər erməni hərbi birləşmələri öz mövqelərini beynəlxalq qüvvələrə təhvil verərsə, bu, artıq riskləri çoxaldardı. İndi isə söhbət bundan gedir ki, Azərbaycana qaytarılan ərazilər Bakının hərbi və inzibati səlahiyyətləri çərçivəsinə keçəcək. Bunu mövqeləri əldən verməkdən savayı başqa cür necə qiymətləndirmək olar?".
Acar Kurtovu sonda bu düşündürür və narahat edir: "Ermənistanın öz mövqelərini təhvil verməsi Rusiyanın maraqlarına uyğundurmu? Son vaxtlar Rusiyanın xarici syasəti enerji amilinə həddindən artıq meyl edir. Təbii ki, ölkənin iri neft hasil edən və nəql şirkətləri Azərbaycanla sıx bağlıdır. Lakin biz dəfələrlə boruların bağlanıb əks səmtə istiqamətləndirildiyinin şahidi olmuşuq. Bakınınsa bunu etməyə bütün imkanları çatır. Rusiya siyasəti daha düşünülmüş və proqnozlaşdırılan olmalıdır. Öz imicini uzunmüddətli maraqlardan daha yüksək tutmaq olmaz. Biz Cənubi Qafqazda elə bir vəziyyətin yaranması ilə risk edirik ki, Türkiyə, eləcə də Azərbaycan istədiklərini alsalar da, bizim müttəfiqimizə çevrilməyəcəklər, erməniləri isə özümüzdən uzaqlaşdırmış olacağıq".