PDF Oxu

Əsas

  • 16

Danışıqlar prosesi mətbuatda yetərincə işıqlandırılırmı?

Danışıqlar prosesi mətbuatda yetərincə işıqlandırılırmı?

Azərbaycan mətbuatında Azərbaycan xalqın qaysaq bağlamayan yarası olan Dağlıq Qarabağ probleminə nə dərəcədə yer ayrılır və sözügedən problem mətbuatımızda yetərincə işıqlandırılırmı? KİV-in xaricdə yaşayan azərbaycanlılarla əlaqəsi qanedicidirmi? Bu suallarla aydınlıq gətirmək üçün qəzet baş redaktorlarına müraciət etdik.

Sevinc Seyidova,
"Həftə içi" qəzetinin baş redaktoru:

- Fikrimcə, Dağlıq Qarabağ problemi Azərbaycan mətbuatında yetərincə işıqlandırılıb. Münaqişə ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri görüşü, Dağlıq Qarabağla bağlı ölkədə aparılan müzakirələr, beynəlxalq təşkilatların mövqeləri və digər məsələlər mətbuatda kifayət qədər işıqlandırılır. Amma xüsusilə, Dağlıq Qarabağla bağlı özəl jurnalist araşdırması və yaxud da reportajlar azdır.
Azərbaycan kütləvi informasiya vasitələrinin xaricdə yaşayan soydaşlarımızla əlaqələri məni qane etmir. Yəni KİV-in xaricdə yaşayan azərbaycanlılarla bağlı münasibətini öyrənmək üçün ən azı jurnalist onlarla əlaqə yaratmalıdır. Həmçinin, mətbuat işçiləri xaricə səfərlər edərək, orada yaşayan soydaşlarımızın problemini yaxından öyrənməlidir. Bu da müəyyən maliyyə vəsaiti tələb edir. Biz qəzetdə yalnız Diaporla İş üzrə Dövlət Komitəsinin məlumatlarını verə bilərik. Ancaq düşünürəm ki, internet vasitəsi ilə onlarla əlaqə yaratmaq, məlumat əldə etmək mümkündür.

Bahəddin Həziyev,
"Bizim Yol" qəzetinin baş redaktoru:

- Əvvəla, onu qeyd edim ki, Dağlıq Qarabağın işğalı ilə bağlı tarixi məsələlər mətbuatımızda kifayət qədər işıqlandırılıb. Amma indiki zamanda sözügedən problemlə bağlı məlumatlar və araşdırmalar mətbuatda az gedir. İkinci bir tərəfdən, bu münaqişənin mətbuatda yetərincə işıqlandırılması Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı gedən danışıqlar prosesi barəsində rəsmi məlumatların verilməsindən asılıdır. Yəni sözügedən danışıqlar qapalı aparıldığına görə, müəyyən məlumatlar da buna uyğun olaraq verilir və bundan asılı olaraq da bu mövzu KİV-də işıqlandırılır. Həmçinin, Dağlıq Qarabağın işğalı nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşları və eyni zamanda, Ermənistandan qaçqın düşmüş soydaşlarımızın vəziyyəti ilə bağlı məsələlər ölkə mətbuatında işıqlandırılır, ancaq bu da kifayət qədər deyil. Hələlik, beynəlxalq aləm qəbul etməsə də, Ermənistan terorçu bir dövlətdir. Yəni Azərbaycan dövlətinin əlində adıçəkilən dövlətlə bağlı çox ciddi faktlar var ki, Ermənistan Azərbaycan ərazisində soydaşlarımıza qarşı terror törədib. Bu, bütün istiqamət üzrə mətbuatımız daha fəal şəkildə işıqlandırılmalıdır.
Təbii ki, bizim xaricdə yaşayan azərbaycanlılarla əlaqələrimiz mövcuddur. Bu, əsasən, internet vasitəsilə həyata keçirilir. Xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarının bəzilərindən məlumatlar alırıq. Ancaq bütövlükdə, onların fəaliyyəti mətbuatda o qədər də yaxşı işıqlandırılmır. Bunun da müəyyən obyektiv səbəbi var.

Digər xəbərlər