PDF Oxu

Əsas

  • 16

Azərbaycanın Avropa Şurasına üzvlüyünün 9 ili tamam olur

Azərbaycanın Avropa Şurasına üzvlüyünün 9 ili tamam olur
Azərbaycan müstəqillik qanadıqdan sonra, demək olar ki, bütün nüfuzlu beynəlxalq təşkilatların üzvü seçilib. Ölkəmiz Avropa məkanında olduğundan, əksər Avropa təşkilatlarının üzvüdür. Avropada, eləcə də, dünyada ən nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa Şurasıdır. 2001-ci il yanvarın 25-də Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvü seçildi. Həmin il bu beynəlxalq təşkilatın Strasburqda yerləşən qərargahı qarşısında ümummilli lider Heydər Əliyevin iştirakı ilə dövlət bayrağımız yüksəldildi. Bununla da Azərbaycanın həyatında yeni, Avropaya inteqrasiya mərhələsi başlandı.
Ötən 9 ildə ölkəmiz Avropa Şurasının tamhüquqlu üzvü kimi fəaliyyət göstərdi. Hətta bir sıra məsələlərdə digər üzv dövlətlərə nümunə kimi göstərildi. Bəs Avropa Şurasına üzvlük bizə nə verdi, Azərbaycan bu təşkilata üzv olmaqla nə qazandı? AŞ humanitar və xeyriyyə deyil, konkret məqsədləri, üzvlük şərtləri olan nüfuzlu beynəlxalq təşkilatdır. Ona görə də ölkəmiz təşkilata qəbul olarkən, müəyyən siyasi-hüquqi öhdəliklər götürməklə bərabər, hər il üzvlük haqqı da ödəyir.
2001-ci il yanvarın 25-də Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasına həsr edilmiş rəsmi mərasimdə ümummilli liderimiz Heydər Əliyev çıxış edərək, ümumavropa dəyərləri xəzinəsinə töhfələrimizi verməyə hazır olduğumuzu bildirdi.
Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi bu fikir, zaman keçdikcə, təsdiqini tapdı və Azərbaycan Avropa Şurasının inkişafına layiqli töhfəsini verdi. Azərbaycan artıq Avropa ailəsində özünə möhkəm yer tutmuş və burada kifayət qədər böyük nüfuz sahibidir. Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı 9 illik fəaliyyəti də bunu aydın göstərir. Bu, ölkəmizin beynəlxalq imicini möhkəmləndirməklə bərabər, həm də Ermənistanın təcavüzkar siyasətini ifşa etməyə, saxta erməni təbliğatının qarşısını almağa imkan yaradıb.
2003-cü il yanvarın 27-də İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sədr müavini və büro üzvü seçilməsi isə Azərbaycanın təşkilat çərçivəsində əldə etdiyi ən böyük uğurlardan biri oldu. Yeni statusla fəaliyyətə başlayan İlham Əliyevin ilk addımı da məhz Ermənistanın təcavüzkar siyasətinin nəticələrini beynəlxalq aləmə çatdırmaqdan ibarət idi. Müzakirələr zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti pisləndi və bunun bütün beynəlxalq hüquq normalarına zidd olduğu bəyan edildi.
AŞPA-nın 2003-cü il yaz sessiyasında isə "Avropada muxtar vilayətlərin təcrübəsi" mövzusunda müzakirələr zamanı məhz İlham Əliyevin təklifi ilə muxtar vilayətlərin ərazi bütövlüyünü pozmaq səlahiyyətinə malik olmadığı kimi mühüm və prinsipial bir müddəa sənədə əlavə olundu. Bu, faktik olaraq, Dağlıq Qarabağdakı separatçı rejimin tələbləri qarşısına sədd çəkən çox mühüm amil oldu.
Bu siyasi təşkilatın rəhbərliyi tərəfindən nümayəndə heyətimizin təkidi ilə 2005-ci ildə Ermənistana işğalçı damğası vuruldu. Belə ki, həmin ilin yanvarın 25-də qəbul edilmiş 1416 saylı qətnamənin ilk maddəsində Ermənistan "Azərbaycan ərazilərini işğal etmiş dövlət", "Azərbaycanlılara qarşı etnik təmizləmələr aparmış ölkə", Dağlıq Qarabağda yaranmış rejim isə separatçı elan edilib. Bunlar işğalçı Ermənistanın siyasi nüfuzuna vurulmuş ciddi zərbələrdir və bu proses indi də davam etməkdədir.
2001-ci il aprelin 24-də Azərbaycan nümayəndə heyəti AŞ tribunasından Ermənistanın azərbaycanlılara qarşı soyqırımı siyasəti yeritdiyini, işğal olunmuş Azərbaycan ərazilərində, o cümlədən, Dağlıq Qarabağda narkotik maddələri istehsal və ixrac etdiyini, bu yolla əldə etdiyi vəsaitlə ordu saxladığını, müasir silahlar aldığını, terrorçuların təlim mərkəzlərini yaratdığını əsaslandırılmış şəkildə bütün Avropaya bildirdi.
Həmin ilin may ayında AŞ Nazirlər Komitəsinin 108-ci sessiyası Azərbaycanın təşəbbüsü ilə Avropa dövlətlərinin, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən xüsusi kommunikeni qəbul etdi. Bir ay sonra isə AŞPA-nın sessiyasında İlham Əliyev Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində tarix və mədəniyyət abidələrini dağıtmasını, təbiəti amansızcasına məhv etməsini faktlarla ifşa etdi. Bu təşkilatın Nazirlər Komitəsinə müraciət edildi ki, təcavüzkar Ermənistanın AŞ prinsiplərinə zidd olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanımamasına münasibət bildirilsin.
Həmin müraciət 46 ölkə nümayəndəsinin iştirakı ilə müzakirə edildi. NK-nın bü məsələ ilə bağlı qərarında deyilirdi: "...Xalqların öz müqəddəratını təyin etmək hüququna, dövlətlərin ərazi bütövlüyünə dair normalara uyğun olaraq, hörmət edilməlidir. Torpaq əldə etmək məqsədilə gücdən istifadə qəbuledilməzdir və ondan irəli gələn heç bir nəticə qanuni tanına bilməz".
AŞPA-nın hər bir sessiyası AŞ ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyət kəsb edir. Bu gün demokratik inkişaf yolunu seçən Azərbaycan, öz dəyərlərini Avropa prinsiplərinə yaxınlaşdırmaq istiqamətində ciddi addımlar atır. İstər söz, mətbuat azadlığı, istər insan hüquqlarının qorunması, istərsə də seçkilərin dünya standartlarına uyğun keçirilməsi yönümündə Azərbaycan mühüm uğurlara imza atıb. Bunun nəticəsidir ki, Azərbaycan beynəlxalq aləmdə demokratik ölkə imici qazanıb, həyata keçirilən demokratik islahatlara görə nümunəvi dövlət kimi qeyd olunur.
Azərbaycanın müstəqil siyasətini yüksək dəyərləndirən AŞ PA-nın rəsmiləri bu fikri hər zaman bildirirlər ki, qurum demokratiya yolu ilə Avropaya inteqrasiya edən ölkəmizlə əməkdaşlıqda maraqlıdır.
Ümumiyyətlə, qeyd etmək olar ki, AŞ-a üzvlük Azərbaycan üçün böyük imkanlar yaradıb və ölkəmiz bu imkanlardan maksimum istifadə edib. Azərbaycan qurum qarşısında götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirməyə çalışır. Təşkilatla rasional əməkdaşlıq bu gün də uğurla davam edir. 9 ilin yekunu olaraq, demək olar ki, Azərbaycan AŞ üçün önəmli dövlətdir.

Digər xəbərlər