PDF Oxu

Əsas

  • 17

Türkiyənin ali məktəblərində

Türkiyənin ali məktəblərində
Dünən Azərbaycana iki günlük səfərə gələn Türkiyə Respublikasının Milli Təhsil naziri Nimət Çubukçunun başçılıq etdiyi nümayəndə heyəti ilə təhsil naziri Misir Mərdanovun keçirdiyi görüşdə bir sıra məsələlər barədə fikir mübadiləsi aparıldı.
Qonaqları salamlayan təhsil naziri M.Mərdanov müxtəlif illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Milli Təhsil Nazirliyi və Ali Təhsil Şurası arasında imzalanmış protokollara əsasən, həyata keçirilən layihələrin tətbiqi ilə hər ölkə gəncləri üçün əhəmiyyətli işlərin görüldüyünü diqqətə çatdırdı. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın həyata keçirilməsini ölkələr arasında əməkdaşlığın sürətlənməsi istiqamətində önəmli sənəd, Prezident İlham Əliyevin gənclərə qayğısı kimi qiymətləndirən M.Mərdanov tanışlıq xarakterli bu görüşü əhəmiyyətli hesab etdi. Türkiyənin müxtəlif ali məktəblərində oxumaq istəyən gənclərin getdikcə artdığını diqqətə çatdıran M.Mərdanov bunun üçün böyük imkanlar yaradan Dövlət Proqramına uyğun olaraq, həyata keçirilən layihələrdən danışdı: "Hazırda Türkiyənin ali məktəblərinin müxtəlif pillələrində 517 nəfər gənc dövlətin dəstəyi ilə təhsil alır. Onlardan 209-u bakalavr, 96-sı magistratura, 17-si doktorantura, 95-i tibbdə ixtisasartırma proqramları üzrə təhsil alır. Öz istəyinə və şəxsi hesabına görə, Türkiyədə təhsil alan həmyerlilərimizin sayı isə daha çoxdur".
Görüşdə, həmçinin, vurğulandı ki, Bakıda və Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən türk liseylərindəki tədrisin səviyyəsi daha yüksəkdir: "Azərbaycanın 21 ali təhsil müəssisəsində təhsil alan türkiyəli tələbələrin sayı isə 4073 nəfərdir ki, onlardan 139 nəfəri Azərbaycanda dövlətin dəstəyi ilə təhsil alırlar".
Hər iki ölkənin təhsil sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirən türkiyəli nazir, xanım Nimət Çubukçu çıxış edərək, türk dünyasının öndərləri - Mustafa Kamal Atatürkün və ümummilli lider Heydər Əliyevin tarixi dostluğumuzun əbədiliyini şərtləndirən müdrik kəlamlarını bir daha xatırlatdı. Dostluq və qardaşlıq ənənələrinin dahi şəxsiyyətlərin arzu etdikləri səviyyədə davam etdirilməsinin hər iki dövlət üçün əhəmiyyətli olduğunu diqqətə çatdırdı.
"Təhsil sahəsində əldə olunmuş təcrübənin qarşılıqlı olaraq hər iki ölkədə tətbiq olunması ümumi dəyərlərimizin sayını artırmaqla ortaq dil, əlifba sahəsindəki təşəbbüslərin həyata keçirilməsini sürətləndirməklə, Avropa təcrübəsinin yayılmasına da böyük imkanlar yaradır" söyləyən N.Çubuqçu ölkələrindəki texniki-peşə təhsilinin keyfiyyətindən danışaraq, bildirdi ki, azərbaycanlı həmkarlarına bu sahədə hər cür yardım göstərməyə hazırdırlar.
Görüşdə Azərbaycan və Türkiyə ali təhsil müəssisələri məzunlarına verilən diplomların tanınması barədə də danışıldı.
M.Mərdanov bununla əlaqədar bildirdi ki, hüquq və tibb sahəsindən başqa, bütün ixtisaslar üzrə verilən diplomların tanınmasında heç bir problem yoxdur. Hər iki ixtisas üzrə boşluğun doldurulması üçün danışıqlar aparılır. Yaxın zamanlarda bu sahədəki çətinliklər aradan qaldırılacaq.
Sonda jurnalistlərin suallarına cavab verən hər iki nazir qarşıdakı illərdə həyata keçiriləcək layihələr barədə də açıqlama verdilər.
Görüşdə Türkiyənin Azərbaycandakı səlahiyyətli səfiri Hülusi Qılıc iştirak etdi.

Digər xəbərlər